Sahilbərkitmə işləri aparılır
Region

Sahilbərkitmə işləri aparılır

Kür çayı boyunca sahilbərkitmə işləri aparılır. Çayın daha təhlükəli ola biləcək, itibucaq altındakı sərt döngələrində daş beton sədlər çəkilir. Bu isə o deməkdir ki, hətta daşqınlar olsa belə, çayın ətrafında təsərrüfatlar, yaşayış məntəqələri sel sularından mühafizə ediləcək. İdarənin balansında ümumi uzunluğu 1491,03 kilometr olan torpaq mühafizə bəndləri var. Bəndlərin 935,88 kilometri Kür çayı, 134,17 kilometri Araz çayı, 421 kilometri isə dağ çayları boyunca yerləşir.

Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsindən aldığımız məlumata görə, 2012-2020-ci illərdə qaya uçqunlarının qarşısının alınması məqsədilə 12345 poqonometr, 327418 kubmetr həcmində daş betonla sahilbərkitmə işləri aparılıb. Hazırda Kür çayı boyunca işlər davam edir. Bu çayın 906 kilometri ölkəmizin ərazisindən keçir və hesablamalara görə, 2000-dən çox döngə var. Onlardan 700-ü isə daha iti bucaq altında olduğu üçün sahilyuma prosesi də intensiv olur. Hazırda Sabirabadın Qasımbəyli və Axtaçı kəndləri ərazisində Kür çayının sərt döngələrində sahil hissə daş betonla bərkidilir. Salyan rayonu üzrə Çuxanlıda 90 poqonometr, Noxudluda 150 poqonometr uzunluqda işlər başa çatdırılıb. Daha sonra Qazax rayonunun Birinci Şıxlı, Neftçala rayonunun Beşdəli, Qaraümmanı kəndləri və Xıllı qəsəbəsində bəndbərkitmə işləri görüləcək. İdarədən verilən məlumata görə, 2021-ci ilin ötən aylarında ümumilikdə, 55,7 kilometr bənd təmiri, 61,4 kilometr qayakəsmə, 4,9 kilometr isə məcratəmizləmə işləri görülüb. Bu işlər Qazax, Ağcabədi, Ucar, Zərdab, Kürdəmir, Hacıqabul, Salyan, Neftçala və digər rayonların ərazisində Kür çayı boyunca, Saatlı və İmişli rayonları ərazisində Araz çayı boyunca, Ucar, Göyçay və Kürdəmir rayonları ərazisində isə dağ çayları boyunca yerləşən mühafizə bəndlərində və çay sahillərində icra olunub.

Tofiq HÜSEYN,

“Respublika”.