Sabunçu Rayon Məhkəməsinin sabiq hakiminin təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə göndərilib
Digər xəbərlər

Sabunçu Rayon Məhkəməsinin sabiq hakiminin təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə göndərilib

Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun təqsirləndirildiyi cinayət işi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari il mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun mayın 30-da saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AZƏRTAC