Ruhun şad olsun vətən övladı
Sosial həyat

Ruhun şad olsun vətən övladı

44 günlük Vətən müharibəsi  tariximizin  şərəfli və həm də unudulmaz  səhifəsi kimi yaddaşlarda qaldı. Torpaqlarımızın düşmən tapdağından azad edilməsi məhz ləyaqətimizin,  qürurumuzun təntənəsi idi.

Torpaqlarımızın bütövlüyü uğrunda şəhidlər vermiş Göyçay diyarında ölməzlik zirvəsinə ucalmış vətən övladlarına ehtiram yüksəkdir.

Bu günlərdə şəhidimizin-Elvin Mikayılovun doğulduğu Alpout kəndində məzarı önündə və təhsil aldığı orta məktəbdə onun doğum günü qeyd edilib.

Analar  xalqımıza qəhrəmanlar doğub desək,  yanılmarıq.  O analar ki,  bu gün hər birimiz onların zəhmətkeş əllərindən,  doluxsunmuş gözlərindən öpməyə hazırıq. Elvin də o qəhrəman analardan birinin övladı kimi dünyaya göz açmışdı.

Göyçay rayonu 7 saylı tam orta məktəbdə təhsil alan Elvin seçilən şagirdlərdən olub.  Oxuduğu məktəbdə keçirilən tədbirdə də onun nümunəvi şagird   həyatı və keçdiyi döyüş yolundan bəhs edilib.

2020-ci ilin oktyabrında Suqovuşan istiqamətində qanlı döyüşlər yeni bir qəhrəmanlıq səhifəsinə yol açdı.  Bu ağır döyüşlərdə Elvin Nizami oğlu   Mikayılov da mənfur ermənilərə layiq olduqları cavabı verdi və özü də şəhid oldu.

Vətən müharibəsində Azərbaycan gəncliyi yenilməzliyini, mübarizliyini və əzmini ortaya qoydu.  Onlar düşmənin cavabını verdi, şəhidlərimizin qisasını aldı,  torpaqlarımızı işğalçılardan azad etdi. Elvin Nizami oğlu Mikayılov da o gəncliyin,  o Vətən aşiqlərinin sırasındadır.

Elvin Mikayılov ölkə başçısının sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.  

Doğum günündə şəhidimizin xatirəsi ehtiramla yad edildi, məzarı önünə gül dəstələri düzüldü.  Ruhun şad olsun, şəhidim.

Maarif RZAYEV,

“Respublika”.