Qubadlıdan olan şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət təltifləri təqdim edilib
Sosial həyat

Qubadlıdan olan şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət təltifləri təqdim edilib

Sumqayıt şəhərində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsində şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub.

Tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri, Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, rayon icra hakimiyyətinin məsul işçiləri, şəhidlərimizin və müharibə iştirakçılarının ailə üzvləri və yaxınları iştirak edib.

AZƏRTAC xəbər verir ki, medalların təqdim olunma mərasimindəki çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad edərək xalqa qürur, fəxarət yaşatdığı günlər yada salınıb.

Bildirilib ki, işğal altında olan torpaqların azad olunması Qubadlı sakinlərini də ürəkdən sevindirdi. Vətən müharibəsi  Azərbaycanda dövlət və xalq arasında olan birliyin sarsılmaz olduğunu sübut etdi. Prezident İlham Əliyevin dəmir yumruğu tarixi ədaləti bərpa etdi. 44 günlük Vətən müharibəsində canı və qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən hər bir əsgər və zabitimiz bizim qürurumuzdur.

Tədbir zamanı Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Qəhrəman Həmidov Şükür Nəriman oğlunun təltif olunduğu (ölümündən sonra) “Füzulinin azad olunmasına görə” medalı şəhidin oğlu Həmidli Nurlan Şükür oğluna təqdim edilib. Həmçinin 13 nəfər Vətən müharibəsi iştirakçısına “Füzulinin azad olunmasına görə” medalları təqdim olunub.

Daha sonra şəhidlərin ailə üzvləri və Vətən müharibəsi iştirakçıları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

AZƏRTAC