Qlaukoma - Gözdə baş verən hər kiçik dəyişikliyi diqqətdən qaçırmayın, vaxtında həkimə müraciət edin
Səhiyyə

Qlaukoma - Gözdə baş verən hər kiçik dəyişikliyi diqqətdən qaçırmayın, vaxtında həkimə müraciət edin

El arasında "qara su" adlanan qlaukoma çox geniş yayılmış xroniki göz xəstəliyidir. Qlaukomaya tutulmuş gözün təzyiqi qalxır, görmə sahəsi daralır, görmə itiliyi zəifləyir, görmə siniri atrofiləşir. Son nəticədə korluq meydana çıxır.

Qlaukoma xəstəliyinə əsasən 40 yaşını ötmüş insanlar tutulur. Statistika sübut edir ki, dünyada yaşı 40-ı ötmüş insanların 2 faizi qlaukoma xəstəliyindən əziyyət çəkir. Lakin bəzi hallarda bu xəstəliyə azyaşlılar və yeniyetmələr arasında da rast gəlinir. Hətta, anadangəlmə qlaukomaya da təsadüf etmək mümkündür.

Yalnız öz səhhətinin qeydinə qalanlar, bütövlükdə orqanizminə və onun ən həssas hissəsi olan gözlərə müntəzəm qulluq etməyi ön plana çəkənlər qlaukoma xəstəliyindən qoruna bilirlər.

Qlaukoma baş verdikdə görmə sinirində atrofiya gedir. Bu proses necə baş verir?

Göz bir növ fotoaparata bənzəyir. Obyektiv rolunu oynayan buynuz qişa və büllur gözə daxil olan işıq şüasını içəri buraxarkən sındırır. İşığa qarşı çox həssas hüceyrələrdən təşkil olunan torlu qişa həssas hissiyyatlı plyonka rolunu oynayır. Gözlə görünən obraz torlu qişada peyda olur və həmin hüceyrə çıxıntıları vasitəsilə görmə sinirlərinə ötürülür, sonra bu ötürmə prosesi görmə sinirlərində davam edərək beyində başa çatır. Hər hansı bir hissəsinin zədələnməsi, sıradan çıxması zəncirvari prosesin pozulmasına səbəb olur.

Görmə sinirinin zədələnməsi göz alması ilə beyin arasındakı əlaqəni pozur, torlu qişada yaranan şəkil beyinə daxil olmur.

Göz daxilində müntəzəm olaraq ifraz edilən duru və şəffaf maye ilə bir qədər ətraflı tanış olaq. Bu maye qida maddələri və oksigenlə zəngin olub bülluru, buynuz qişasını və şüşəvari cismi yuyur, həm də qidalandırır. Bu maye öz yükünü boşaldandan sonra, yəni qida maddələrini, oksigeni paylayıb qurtaranda yol boyunca rast gəldiyi işlənmiş maddələri (həzmolma materiallarını) götürüb geri qayıdır və onları gözdən kənarlaşdırır. Sutka ərzində gözdə 4 millilitrə yaxın maye yaranır və o qədər də maye gözdən kənar edilir. Gözdaxili mayenin əsas axın yolu gözün ön kamerasının küncüdür - drenaj sistemi məhz burada qurulub.

Gözdaxili mayeni göz yaşı ilə qarışdırmaq olmaz. Vəzi tərəfindən hasil olunan göz yaşı duru maye olub göz almasını çöl tərəfdən yuyur və gözün daxili küncündən burun boşluğuna axır. Gözdaxili maye isə gözün içində əmələ gəlir, göz almasını daxildən yuyur, drenaj sistemi ilə axaraq damarların venoz sisteminə tökülür. Gözdə yaranan maye ilə gözdən çıxan maye arasında olan tarazlıq və gözdaxili təzyiq civə sütunu ilə 10-dan 22 mm-ə qədər hesab edilir. Buradan aydın olur ki, gözdaxili təzyiq iki əsas səbəb üzündən arta bilər: gözdaxili maye həddən çox olanda; gözdaxili mayenin gözdən xaric olmasına maneə yarandıqda.

Qlaukoma o zaman baş verir ki, drenaj sistemi çirklənir və daxili mayenin kənara axını ləngiyir. Bu da daxili təzyiqi qaldırır, yüksək təzyiq isə görmə sinirini sıxıb məhv edir.

Valideynləri qlaukoma xəstəliyinə tutulan insanlar daha çox ehtiyatlı olmalıdırlar. Çünki eyni həyat tərzini yaşayanlar, öz valideynləri kimi qidalananlar onların göz xəstəliklərini də "qazana" bilərlər. İldə bir dəfə oftalmoloqa müraciət etməklə baş verə biləcək bəlanın qarşısını vaxtında almaq mümkündür. Belə ki, mütəxəssislər qlaukomanın bir neçə formasını müəyyən ediblər. Bu xəstəliyin qarşısını vaxtında almaq üçün həmin formaların ilkin əlamətlərini bilmək çox vacibdir.

Xəstəliyin geniş yayılmış növü "açıqbucaqlı" qlaukomadır. Onun simptomları bir o qədər də yaxşı gözə çarpmır, gözdaxili təzyiqin müntəzəm şəkildə artdığı da hiss olunmur. Buna baxmayaraq, xəstəlik tədricən öz dağıdıcı planını həyata keçirir.

Qlaukoma xəstəliyində öncə periferik görmə (ətrafgörmə) korlanır, mərkəzi görmə isə hələlik normal qalır. Xəstəlik inkişaf etdikcə isə xəstə həm periferik, həm də mərkəzi görməni itirir.

Gözün dumanlanması, göz qabağında "tor"un əmələ gəlməsi, işıq mənbəyinə baxdıqda göz qabağında dairələrin yaranması, gözlərdə narahatlıq, müəyyən ağırlıq, gərginlik, eyni zamanda zəif göynərti və nəmlənmə hissi olması, toran qovuşanda görmə qabiliyyətinin zəifləməsi, göz ətrafında zəif ağrılar gözdaxili təzyiqin əlamətləridir.

Əksər hallarda qlaukoma xəstəliyinin bu forması sezilmədən inkişaf edir və xəstə onun baş verməsi barədə, adətən, təsadüfən, pis gördüyünü başa düşdükdən sonra xəbər tutur. Həm də belə göz zahirən sağlam gözdən heç nə ilə seçilmir.

Qlaukomanın başqa bir forması "bağlıbucaq" qlaukomadır. Bu forma tutma şəklində ağrılarla keçir. Qlaukomanın kəskin tutması çox qabarıq əlamətlərə malik olur, gözdaxili təzyiqin kəskin şəkildə yüksəlməsi ilə nəticələnir - civə sütununu 60-80 mm-ə (norma 10-22) qalxır, gözlərdə güclü ağrılar olur, baş ağrıyır. Xəstənin çox vaxt ürəyi bulanır, qusur, özündə ümumi zəiflik hiss edir.

Gözün əllənərkən daş kimi bərk olması, buynuz qişasının qeyri-şəffaf, bulanıq, tərləmiş şüşə görkəmi alması, gözün qırmızı, göz pərdəsinin şişkin, bəbəyin sağlam gözün bəbəyinə nisbətən genişlənib və uzunsov forma alması "bağlıbucaq" qlaukomanın əlamətləridir.

Çox vaxt qlaukomanın kəskin tutmasını miqren (daimi baş ağrısı) ilə səhv salırlar. Onu diş ağrısı, qrip, mədə xəstəlikləri, meningit kimi qəbul edənlər də az olmur. Çünki xəstə baş ağrısından, ürək bulanmasından, ümumi zəiflikdən şikayət etdiyindən göz xəstəliyi heç onun ağlına da gəlmir. Buna görə xəstə kəskin tutmanın ilk saatında çox önəmli olan yardımı almaya da bilər. Bu zaman isə müalicə tamam başqa istiqamətdə gedə və əks nəticə verə bilər.

Qlaukoma keçici xəstəlik deyil. Adətən, bu xəstəlik müxtəlif vaxtlarda hər iki gözdə yaranır. İkinci gözdə xəstəlik bir neçə aydan, hətta bir neçə ildən sonra da yarana bilər. Odur ki, bir gözü müalicə edərkən ikinci gözün qeydinə qalmaq lazımdır ki, xəstəlik təkrar olunmasın. Gözdə baş verən hər kiçik dəyişikliyi diqqətinizdən qaçırmayın, vaxtında həkimə müraciət edin və məsləhət alın. Bunu etdikdə gözü itirmək kimi böyük fəlakətin qarşısını ilkin mərhələdə almaq qat-qat asandır, nəinki tüğyan etmiş xəstəliklə mübarizə aparmaq.

Oftalmoloqlar gözdaxili təzyiqi ölçməklə (tonometriya), görmə sahəsini tətbiq etməklə (perimetriya) və göz dibində görmə sinirinin vəziyyətini müəyyən etməklə (oftalmoskopiya) diaqnoz qoyur və məsləhət verirlər. Bu ilkin müayinədir. Ehtiyac olduqda həkim əlavə müayinə təyin edir. Bəzən gözdaxili təzyiq yüksək olur, lakin yuxarıda göstərdiyimiz digər əlamətlər müşahidə olunmur. Bu, müxtəlif endokrin pozğuntuları zamanı baş verir və xəstənin hərtərəfli müayinəsini tələb edir.

Şəkərli diabetdən, hipertonik xəstəlikdən və aterosklerozdan əzab çəkən xəstələr çox vaxt qlaukoma xəstəliyinə də tutulur. Odur ki, bu xəstəliyi olan insanlar belə adamlar, terapevt və endokrinoloqla bərabər, ildə iki dəfə oftalmoloqdan da məsləhət almalıdır.

Qlaukoma xəstəliyinə tutulanlar uzun müddət həkim nəzarəti altında müalicə olunmalı, ilk vaxtlar dərman preparatları ilə, sonra isə təbii üsullarla müalicə almalıdırlar. Kritik vəziyyətdən çıxmaq üçün gözlərə həkimin təyin etdiyi dərmanı damızdırmaq və təzyiqi aşağı salmaq lazımdır. Görmə sinirini və torlu qişanı qidalandıran həblər də istifadə etmək olar.

Əgər, dərmanla müalicə bir nəticə vermirsə, yaxud xəstə onu yaxşı keçirmirsə, o zaman həkim lazer şüası ilə müalicə və yaxud cərrahiyyə əməliyyatı təklif edə bilər. Lazer şüası ilə müalicənin üstünlüyü ondadır ki, göz alması kəsilmir, bütöv qalır. Lazer şüası gözə manesiz daxil olur, drenaj sisteminə təsir göstərir və gözdaxili mayenin rəvan axması prosesini yaxşılaşdırır. Qeyd edək ki, lazer şüası ilə müalicə ağrısız keçir və az vaxt tələb edir. Onu amblator şəraitdə aparmaq mümkündür. Lakin lazer şüası bəzi hallarda lazımi səmərəni vermir. Belə müalicə xəstəliyin ilkin mərhələsində tətbiq edildikdə yaxşı nəticələr almaq olur. Əksər hallarda radikal tədbirlərə əl atmaq -cərrahiyyə əməliyyatı aparmaqla lazımi səmərəni almaq olur.

Dünyaşöhrətli məşhur oftalmoloq, akademik S.N.Fyodorovun fikrincə, qlaukomanı indikindən daha tez diaqnozlaşdırmaq və radikal müalicə etmək lazımdır. O, belə hesab edir ki, tətbiq olunan dərmanlar bir çox hallarda nəinki kömək etmir, əksinə, gözə pis təsir göstərir. Yalnız cərrahiyyə əməliyyatı sayəsində yaradılan yeni drenaj sistemi gözdaxili mayenin kənara axması və görmə qabiliyyətinin qorunub saxlanmasına imkan verir.

Bu zaman "Gözün mikrocərrahiyyəsi" antiqlaukomotoz əməliyyatı aparılır. Bu əməliyyat "dəlib-keçən" və "dəlib keçməyən dərin skleroktomiya" adlanır. Bu üsul minlərlə xəstədə görmə qabiliyyətini qoruyub saxlamağa imkan vermişdir.

Əməliyyat xüsusi mikroskop altında keçirilir. Mikroskop həm əməliyyat sahəsini işıqlandırır, həm də böyüdür. Həkimlər xüsusi mikrocərrahiyyə alətlərindən istifadə edirlər. Onların ülgücü çox qiymətli daşlardan (almaz, sapfir və s.) hazırlanıb. Əməliyyatı anestezioloq həkimin nəzarəti altında yerli keyitmə üsulu ilə aparılır. Anestezioloq həkim xəstəni əməliyyata hazırlayaraq xəstədə əsəb gərginliyini aradan götürür. Əməliyyat, orta hesabla 20 dəqiqə çəkir. Əməliyyatdan sonra gözlərə iltihab əleyhinə dərman damızdırmaq məsləhət görülür.

Təxminən 10-14 gündən sonra əməliyyat aparılmış gözün qızartısı keçir, xəstə işığa çəkinmədən baxa bilir, göz yaşarması və gözlərdə yad cismin olması hissləri yaşanmır. Əgər, əməliyyat vaxtında, yəni qlaukomanın ilkin mərhələsində aparılıbsa mütləq gözdaxili təzyiq normaya düşəcək və gözün görmə qabiliyyəti qorunub saxlanılacaq.

Qeyd edək ki, beyinə daxil olan informasiyanın 90 faizi göz vasitəsilə ötürülür. Belə bir orqanın qeydinə qalmaq çox vacibdir. Ev şəraitində müalicə olunanlar da bir sıra qaydalara riayət etməlidirlər. Belə ki, gözə dərman damızdırarkən başı dik tutmalı, yuxarı baxılmalıdır. Alt göz qapağını barmaqla bir qədər aşağı dartaraq dərmanı 1-2 damcı alt göz qapağının arxa tərəfinə damızdırmaq lazımdır. Əgər həkim bir neçə dərman təyin edibsə, o zaman dərmanlar 2-3 dəqiqə intervalla tökülməlidir.

Eyni zamanda, cərrahiyyə əməliyyatından sonra 1 ay ərzində əməliyyat olunmuş göz tərəfdə yatmamalı, yerdən bir şey götürmək istədikdə əyilmədən dizləri büküb oturmalı, gözdaxili təzyiqin yüksəlməməsi üçün 5 kiloqramdan artıq yük qaldırmamalı, 20-30 gün maşın sürmək və görməni gərginləşdirən işdən çəkinilməlidir. Cərrahi əməliyyatdan sonra gözə əl vurmaq, onu dəsmalla silərkən sıxmaq olmaz. Küçədə rəngli eynəkdən istifadə etmək, yarım işıqlı yerdə yatmaq, ayda 1-2 dəfə göz təzyiqini yoxlatmaq, həkim müayinəsindən keçmək məsləhət görülür.

Kərəm KƏRİMOV,

Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzinin bölmə

rəhbəri, Əməkdar elm xadimi, professor, Türk Dünyası Dövlətlərarası

Elmi Araşdırmalar Akademiyasının akademiki.

 

Nigar KƏRİMOVA,

Bakı Elmi-Tədqiqat Göz xəstəlikləri

klinikasının direktoru, tibb üzrə fəlsəfə doktoru.