Qədim mətnlər və klassik mənbələr erməniçilik uydurmalarını ifşa edir
Digər xəbərlər

Qədim mətnlər və klassik mənbələr erməniçilik uydurmalarını ifşa edir

Aprelin 22-də Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay iddialarının davam etdirilməsi haqqında" vebinar keçirilib.

AZƏRTAC xəbər verir ki, 23 Aprel - Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən vebinarı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov açaraq tədbirin mövzusunun aktuallığını qeyd edib. O bildirib ki, ənənəvi olaraq Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan konfrans "Qədim mətnlər və klassik mənbələr erməniçilik uydurmalarını ifşa edir…" devizi altında keçirilir. Hər il aprelin 23-də bu günü qeyd edərkən, biz kitabların - bəşəriyyətin ən gözəl ixtirasının sehrli qüvvəsini və onların yaradıcılarının müəllif hüquqlarının tanınmasını təsdiqləyirik. Məhz kitablar və əsər müəllifləri keçmişlə gələcək arasında əlaqəni formalaşdırır, nəsillər və mədəniyyətlər arasında körpü qurur, məkan və zaman çərçivələrindən kənarda ideya mübadiləsini təmin edir.

K.İmanov diqqətə çatdırıb ki, tarixə aid yalanlarla dolu müasir erməni müəlliflərinin kitabları çoxsaylı olaraq, bir-birinə istinadən, həqiqətə uyğun olmayan "faktları" tirajlayır və bununla "ermənisayağı mənbə", yəni "dəlillər" sistemi yaratmaqdadır.

"Dediklərim istər hay-erməni tərəfindən keçmişdə yazılan, istərsə də müasir erməni müəlliflərin əksəriyyətinə aiddir. O ki qaldı böyük həvəslə istinad edilən qədim erməni mətnlərinə, onların əlyazmaları, orijinalları adətən tapılmır, yaxud qat-qat sonrakı köçürmələr şəklində əksini tapmış olur. Bunların kökündə erməniçilik saxtakarlığı dayanır.

Mütəmadi olaraq, 23 aprelə aid keçirilən konfranslarda məqsədimiz hay-erməni saxtakarlıqlarını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə söykənərək ifşa etməkdir. Bu konfrans erməni mifomaniyasını tarixi sübutlarla, elmi dəlillərlə və danılmaz faktlarla ifşa etmək missiyasının davamıdır", - deyə Agentliyin İdarə Heyətinin sədri bildirib.

Kamran İmanov vurğulayıb ki, yaşadığımız tarixi dövr - miflərin dağıldığı, həqiqətin və ədalətin zəfər çaldığı dövrdür! Bu miflərin bariz nümunəsi yenilməz sərkərdə, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgərləri və zabitləri tərəfindən "qələbə daşıyan erməni ordusu" mifinin puç edilməsidir. Bu miflə yanaşı, "erməni motivasiyası", yəni torpaqların qorunmasında müstəsna cəsarət göstərilməsi mifi də dağıdılıb.

Vebinarın açılış mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov erməni saxtakarlığına qarşı Azərbaycan nə edib və nə etməlidir məsələlərinə toxunub. Nazir bildirib ki, biz hər birimiz erməni mifologiyasını darmadağın edən araşdırmaçıların yetişdirilməsi üçün əlimizdən gələni etməliyik. İndiki dönəmdə, Vətən müharibəsindən sonra, möhtəşəm Zəfərdən sonra Azərbaycanda yeni mərhələ başlanıb. İnformasiya müharibəsi davam edəcək. Bu sahədə alətlərimizdən biri uzunmüddətli və nəticəyönümlü strategiyanın hazırlanmasıdır. Alimlərlə, etnoqraflarla, tarixçilərlə mütəmadi şəkildə işlər aparılmalıdır.

 AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci ilin ölkəmizdə "Şuşa İli" elan edilməsinin əhəmiyyətini vurğulayıb. Şəhərin tarixinə diqqət çəkən alim bildirib ki, 1752-ci ildə salınmış Şuşa mühüm inkişaf yolunu keçib, Qarabağ xanlığının mərkəzi olub. Rusiya imperiyasının ciddi siyasi-inzibati dəyişikliklər aparmasına baxmayaraq, Şuşa şəhəri siyasi mərkəz kimi funksiyasını davam etdirib. Sovet dövründə 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşa vilayətin mərkəzi elan edilib. Mərkəzin Xankəndinə keçməsi və yeni mərkəzin yaradılması Şuşanın siyasi rolunun azaldılmasına yönəldilmiş məsələ olub. Şuşa Azərbaycan şəhəri kimi yaranıb, inkişaf edib və ölkə həyatında xüsusi yer tutub.

Professor Kərim Şükürov ermənilərin Azərbaycan tarixinin fundamental məsələlərini təhrif etməsindən danışıb, tarixi sənədlərə istinadla erməni saxtakarlığını diqqətə çatdırıb. Alim bildirib ki, erməni tarixşünaslığı bütün hallarda Qarabağ xanlarını bilərəkdən dövlət xaini, dövlətə xəyanət edən şəxslər kimi qələmə verib, halbuki bu xanların Azərbaycan tarixində mühüm rolu olub. Erməni tarixşünaslığının Şuşa tarixini erməniləşdirmək cəhdinin heç bir elmi əsası yoxdur. Tarix İnstitutu bu cəhdləri ifşa edən bir çox tədbirlər keçirməyi, kitablar nəşr etməyi planlaşdırır.

Tarixçi-alim çıxışında Şuşanın həyatında ən önəmli hadisənin şəhərin 2020-ci ildə işğaldan azad edilməsi olduğunu vurğulayıb.

Vebinarda AMEA-nın Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov SMOMPK məcmuəsində bir sıra məqalələrin erməni müəllifləri tərəfindən qələmə alındığına diqqət çəkib, onlar tərəfindən Azərbaycan folkloru nümunələrinin erməniləşdirildiyini qeyd edib. Akademik vurğulayıb ki, ayrı-ayrı nəğmələrin məzmunu erməni və rus dillərində təqdim edilərkən belə onun orijinalının Azərbaycan türkcəsində olmasını gizlətmək mümkün olmayıb. Həmin nümunələrin Azərbaycan folkloru ilə bağlı əlamətləri obrazların adında da özünü göstərir. Məcmuədə erməni folkloru kimi təqdim edilən nağıllar Azərbaycan dastanlarının qısa məzmunudur.

Vebinarda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri Fuad Axundov ermənilərin Azərbaycanın memarlıq abidələrini dağıtmasına, Qarabağda toponimlərin dəyişdirməsinə, alban kilsələrinin erməniləşdirməsinə diqqət çəkib, Ermənistanın monoetnik bir dövlət olduğunu qeyd edib. Fuad Axundov vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə bizə böyük bir xoşbəxtlik bağışladı. Biz indiyə qədər nəzəri baxımdan nəyi sübut etmək istəyirdiksə, bunu Ordumuz əyani göstərdi. İndi alimlərin üzərinə məscidlərin, tarix-memarlıq abidələrinin əvvəlki şəkillərini, eləcə də dağıdılmış vəziyyətini dünya ictimaiyyətinə göstərmək düşür.

Daha sonra Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov vebinarın mövzusuna dair geniş məruzə ilə çıxış edib. O, erməni tarixçilərin saxtakarlığının heç bir elmi əsası olmadığını vurğulayıb.

Kamran İmanov məruzəsində Prezident İlham Əliyevin 2021-ci il sentyabrın 28-də Türkiyənin Anadolu agentliyinə müsahibəsindən bu fikri də sitat gətirib. "... Biz bu məsələni həll etdik, Dağlıq Qarabağ münaqişəsi başa çatdı, "Dağlıq Qarabağ" adlı inzibati ərazi, yəni, qurum mövcud deyil. Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxışımda da mən bütün ölkələrə müraciət etdim və dedim, rica edirəm ki, bundan sonra "Dağlıq Qarabağ" ifadəsi işlədilməsin, Azərbaycan ərazisində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var".

Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov, eyni zamanda, professor Oleq Kuznetsovun "Qarabağ uğrunda 2020-ci il müharibəsi: bir il sonra" əsərindəki fikrə diqqət çəkib: "...BMT çərçivəsində beynəlxalq hüquq sisteminin mövcudluğundan bəri və son 75 ildə ilk dəfə Azərbaycan öz silahı gücünə işğalçı dövləti işğal etdiyi ərazilərin azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qərarının tələblərinə qeyd-şərtsiz əməl etməyə məcbur etdi. Beləliklə, o, özündən razı hakimiyyət hərislərinin geosiyasi iddiaları və ambisiyaları üzərində qanunun aliliyinin üstünlüyünü açıq şəkildə nümayiş etdirən beynəlxalq hüquqi presedent yaratdı...".

Məruzədə qeyd olunub ki, hay-erməni yalanları iki növ tarixi mətnlə təkzib olunur. Birincisi, bunlar tarixi sənədlərdir, ikincisi isə ermənidilli mətnlər də daxil olmaqla, tarixi salnamələrdir və bu torpaqlara səfər etmiş səyyahların ifadələri olan mətnlərdir.

Agentliyin İdarə Heyətinin sədri, həmçinin xatırladıb ki, sovet dövründə Ermənistandan fərqli olaraq, Azərbaycan SSR ermənilərin özlərini rahat hiss etdikləri beynəlmiləl respublika nümunəsi idi və bunun bariz nümunəsi erməni millətindən olan çoxsaylı yüksəkvəzifəli vətəndaşlardır. Beynəlmiləl ənənələrin Azərbaycanın bugünkü yüksək multikultural statusunda davam və inkişaf etdirilməsi bunların bariz nümunəsidir.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlilinin də məruzəsi dinlənilib.

Vebinarda çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Əqli Mülkiyyət Agentliyinin erməni saxtakarlığının ifşa edilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndiriblər.

AZƏRTAC