Qayğı və xeyirxahlıq nümunəsi olan təşəbbüs və layihələr
Sosial həyat

 Qayğı və xeyirxahlıq nümunəsi olan təşəbbüs və layihələr

Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ana xəttini vətəndaş firavanlığının təminatı, sosial cəhətdən həssas qruplardan olan vətəndaşların etibarlı sosial müdafiə sistemi ilə təmin edilməsi təşkil edir. Bu istiqamətdə aparılan, mənəvi dəyərlərə əsaslanan dövlət siyasətinin icrasında, xüsusi qayğıya ehtiyac duyan şəxslərin  şəfqət, qayğı mühiti ilə əhatə olunmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək humanizm, nəciblik, xeyirxahlıq nümunəsi olan təşəbbüs və layihələri mühüm dəstək rolunu oynayır.  

Bu barədə Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyinin  ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, sosial sahənin bütün istiqamətlərində bu təşəbbüs və layihələr öz töhfəsini verib və verməkdə davam edir. Hələ 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbə ilə Azərbaycan Ordusu güclü ordular sırasında olduğunu təsdiq etmişdi. Həmin döyüşlərdə yaralanmış hərbçilərimizin reabilitasiyası işinə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən yüksək diqqət və qayğı göstərildi. Fondun “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində qısa zaman ərzində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin edildilər.  

Valideyn himayəsindən məhrum gənclərə qayğı həmişə Mehriban xanım Əliyevanın fəaliyyətində mühüm yer tutub. Bunun təzahürü kimi, Heydər Əliyev Fondunun sosial əhəmiyyətli layihəsi olaraq,  son illərdə Abşeron rayonunda üç çoxmənzilli yaşayış binası tikilərək dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin istifadəsinə verilib. Hazırda bu binalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin “Məzun evi”  kimi fəaliyyət göstərən bu binalarda artıq 365 gənc mənzillə təmin olunub.

Mehriban Əliyevanın nəcib layihələrinin bir istiqaməti də sağlamlıq imkanları məhdud uşaqların sağlamlıqlarının bərpasına dəstək məqsədi daşıyır. Onun təşəbbüsü və dəstəyi ilə Bakının Yeni Günəşli yaşayış massivində yaradılan Uşaq Reabilitasiya Mərkəzi həmin kateqoriyadan olan uşaqların reabilitasiya imkanlarının artırılmasında, bu sahədə yüksək standartlara uyğun infrastrukturun formalaşdırılmasında önəmli rol oynayır. Mərkəzdə hər il yüzlərlə  uşağa səmərəli fizioterapevtik üsullarla reabilitasiya xidmətlər göstərilir. Bu qayğı sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı müəssisələri də əhatə edir: Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun olan, nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına da Mehriban Əliyeva tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir. Bunun daha bir göstəricisi kimi, Heydər Əliyev Fondu tərəfindən 2010-2012-ci illərdə Naxçıvan, Gəncə və Yevlaxda məhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzləri yaradılıb. Bu mərkəzlər məhdud fiziki imkanlı şəxslərin cəmiyyət həyatında fəal iştirakına, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına xidmət edir. Həmçinin sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgilərin təşkili, onların yaradıcılıq imkanlarının dəstəklənməsi, cəmiyyətə tanıdılması Fondun fəaliyyət istiqamətlərindən biridir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial sahə ilə bağlı mühüm təşəbbüslərindən biri – bu gün artıq Azərbaycanın daha bir brendi kimi tanınan DOST konsepsiyasıdır. Bu konsepsiyanın uğurlu həlli olaraq, Prezident İlham Əliyevin Fərmanı ilə 9 may 2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və ilk DOST mərkəzi, ümumilikdə ötən dövrdə Bakıda 4 və Abşeron rayonunda 1 mərkəz olmaqla 5 DOST mərkəzi açılıb. Bu mərkəzlərdə  əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə 152 növdə xidmət innovativ yanaşmalar əsasında “bir pəncərə”dən daha yaxın və əlçatan, tam şəffaf mühitdə, vətəndaş məmnunluğu prinsipinə uyğun təqdim edilir.  DOST xidmətlərindən artıq  500 minədək vətəndaş  faydalanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu 97,5% təşkil edir. 2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən, Bakıda və respublikanın regionlarında 17 DOST mərkəzi və 47 DOST filialının açılması nəzərdə tutulub.

Heydər Əliyev Fondu tərəfindən həssas qrupların, habelə ahılların yaşadığı sosial xidmət müəssisələrində mütəmadi olaraq nəcib aksiyaların, dövlət himayəsində yaşayanlara fərəhli hisslər bəxş edən tədbirlərin təşkili, həmçinin pandemiya dövründə həmin müəssisələrdəki insanların, o cümlədən yaşlıların COVID-19 infeksiyasından qorunması üçün profilaktik tədbirlərin görülməsinə bütün dəstəyin göstərilməsi də yüksək humanizm, şəfqət və xeyirxahlıq nümunələridir.

Eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə, sosial cəhətdən həssas olan əhali qruplarına sovqatlar, ərzaq yardımları paylanılıb. Həmçinin Fondun “Regional İnkişaf” İctimai Birliyinin “Sosial bağlar” layihəsi çərçivəsində özünüməşğulluq proqramına önəmli dəstək olaraq, 2018-2020-ci illərdə  aztəminatlı 625 ailə üçün intensiv meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılıb.

Bütün bunlar Mehriban Əliyevanın xoşməramlı, nəcib layihələrinin, təşəbbüslərinin yalnız bir hissəsidir və həssas qruplardan olan vətəndaşlara, xüsusi qayğıya ehtiyac duyan şəxslərə böyük dəstək olan bu layihələr, təşəbbüslər cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir.

“Respublika”.