Qalib Azərbaycanın təhsili keyfiyyətcə yeni mərhələdə
Elm və təhsil

Qalib Azərbaycanın təhsili keyfiyyətcə yeni mərhələdə

Bu  sahənin müasirləşdirilməsi istiqamətində aparılan islahatlar ölkəmizin öz gələcəyini daha etibarlı və inamlı görmək istəyini əməli ifadə edir

“Mən hələ 2004-cü ildə demişdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik və bunu əldə etmişik. Çünki son illərdə Azərbaycanda nəinki təhsilin maddi-texniki bazası möhkəmlənib və bu gün bizim bütün ali məktəblərimiz təmirli binalarda yerləşir, eyni zamanda, təhsilin keyfiyyəti artır. Bu, çox vacib məsələdir və biz bunu müxtəlif sahələrdə görürük”- deyir Azərbaycan Prezidenti  İlham Əliyev. 

Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür və əldə olunan nailiyyətlər inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi çıxış edir. Bu baxımdan Azərbaycan da bu ölkələr sırasındadır. Son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan respublikamız bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Buna görə də neft gəlirləri Azərbaycanda həm də təhsilin, elmin inkişafına yönəlib. Yeni məktəb binalarının inşası bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bakı şəhərinin və onun qəsəbələrinin, eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında məktəblərin də əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planauyğun, ardıcıl və müntəzəm həyata keçirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar yaradır.

 Vətən müharibəsi torpaqlarımızın işğaldan azad edilməsi, düşmən ölkənin sarsıdıcı məğlubiyyəti və kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Bu müharibənin ortaya çıxardığı daha bir reallıq isə Azərbaycan iqtisadiyyatının gücü ilə bağlıdır. Belə ki, hətta ölkəmizin müharibə apardığı dövrdə belə regionlarda bütün sosial layihələr, o cümlədən tikinti-quruculuq və abadlıq işləri bir an olsun dayanmadı. Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Digər tərəfdən, dünyanı cənginə alan koronavirus pandemiyası bütün ölkələrin inkişafına müəyyən qədər təsir edib. Bu baxımdan, pandemiya amili Azərbaycana da təsirsiz ötüşməyib. Bununla belə dövlətimiz sosial layihələri heç zaman təxirə salmayıb. Bu sırada sosial infrastruktur layihələri çərçivəsində məktəb tikintisinin davam etdirilməsi xüsusi qeyd olunmalıdır. Regionlarda hazırda da davam etdirilən məktəb tikintisi, ümumiyyətlə, təhsil infrastrukturunun yenilənməsi istiqamətində işlər, əldə olunan nəticələr belə deməyə əsas verir ki, təhsil sahəsi hər zaman dövlətin diqqət mərkəzindədir. Azərbaycan  Prezidenti İlham Əliyevin Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən vurğuladığı kimi, son illərdə bu sahədə çox böyük işlər görülüb. Ölkəmizdə təhsilin inkişafından danışarkən  təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan davamlı addımları da vurğulamaq lazımdır. Son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsinin artıq həll olunduğunu bildirən dövlət başçısı qeyd edib ki, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir olunub. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Bu sahədə işlərin böyük hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz. Xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir.

 Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrindən biri də bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsidir. Bu il sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan 1100 şagird yerlik Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə  tanış olub. Təhsil müəssisəsində 42 sinif otağı, fənn kabinələri, laboratoriyalar, əmək və hərbi təlim otaqları, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Bu tam orta məktəbdə də yaradılan şərait Azərbaycanda təhsil sahəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının əyani göstəricisidir. Paytaxtla yanaşı, digər şəhərlər də yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması ölkəmizdə təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsidir. Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır. Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyeva Xəzər rayonunun Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın, Şüvəlan qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusunun, Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasının açılışlarında iştirak edib. Bütün bu işlər həm də Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısının olduğunu göstərir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan dövlətinin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin bilikli və savadlı, yüksək intellektual potensiala malik yetişdirilməsidir.

Möhtərəm Prezidentimiz vurğulayır: “Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır - həm xarici, həm daxili. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Mən bu dəstəyi hər zaman, hər gün hiss edirəm. Bu dəstək mənə əlavə güc verir. Biz bu dəstəyə arxalanaraq Azərbaycanı inamla irəliyə aparırıq. Bizim uşaqlarımız, gənclərimiz gələcəkdə ölkəmizi bu yolla – müstəqillik yolu ilə aparmalıdırlar ki, Azərbaycan xalqı bundan sonra da heç vaxt heç kimdən asılı olmasın. Biz bundan sonra da heç vaxt heç kimin təsiri altına düşməyək. Dediyim kimi, burada bilik, savad, vətənpərvərlik, milli ruh, ləyaqət xüsusi rol oynayır. Mən şadam ki, bu gün Azərbaycanda yetişən gənclər məhz bu yüksək meyarlara cavab verir. Əminəm ki, bu müsbət meyillər davam edəcək və bizim uşaqlarımız, gənclərimiz bilik, savad əldə edərək gələcəkdə Vətənə dəyərli vətəndaşlar kimi xidmət edəcəklər və ümumi inkişafımıza öz töhfələrini verəcəklər”.

Mustafa  KAMAL,

“Respublika”.