ADA Universitetində keçirilən təlimlər başa çatıb
Elm və təhsil

ADA Universitetində keçirilən təlimlər başa çatıb

23 iyun RİNN-nin mətbuat xidmətindən bildirilir ki, iyunun 22-də ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutu (IDD) və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən təlim proqramının bağlanış mərasimi baş tutub. Keçirilən tədbirdə intensiv təlim keçmiş iştirakçıların nailiyyətləri və peşəkar yüksəlişləri qeyd olunub.

Ötən ilin oktyabr ayından etibarən başlayan təlim proqramı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müxtəlif qurumlarını təmsil edən 200 əməkdaşı bir araya gətirib. Nazirlikdə fəaliyyət göstərən peşəkarların potensialının gücləndirilməsi və kadrların fəaliyyətində səmərəliliyin artırılması məqsədilə keçirilən proqram müxtəlif sessiyalar və interaktiv seminarlarla iştirakçıları əvəzolunmaz bilik və praktiki bacarıqlarla təmin edib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri, İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Fidan Fərzəliyeva iştirakçıları proqramı başa vurmaları münasibətilə təbrik edib və proqram zamanı əldə olunan bacarıqların onlara gələcək karyeralarında uğur qazandıracağına əminliyini ifadə edib.

ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva iştirakçıların peşəkar inkişafının təşviqində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə göstərilən səylərdən və bu sahədə əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

“Respublika”.