Pandemiyaya qarşı mübarizəyə uğurlu dəstək
Səhiyyə

Pandemiyaya qarşı mübarizəyə uğurlu dəstək

Azərbaycanda əhalinin sağlamlığının qorunması və dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Ötən il dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müxtəlif tədbirlərin görülməsini zəruri etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il 19 mart tarixli Fərmanı ilə Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. Bu fond dünyada ilk dəfə olaraq ölkəmizdə fəaliyyətə başlamışdır.

İlk olaraq dövlətimizin başçısı cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər. Ölkə başçısının 19 mart 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılmışdır.

Başqa dövlətlərlə müqayisədə ölkəmizdə pandemiyaya qarşı mübarizənin ilkin mərhələsində məqsədyönlü qabaqlayıcı addımlar atılmışdır. Bu məqsədlə,  əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi və sosial həmrəylik nümayiş etdirməsi dövlət-vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir. Bu günədək 3395 hüquqi və 12548 fiziki şəxs Koronavirusla Mübarizəyə Dəstək Fonduna 114 milyon 270 min 85 manat ianə etmişlər. Fondun vəsaiti bu istiqamətdə həyata keçirilən tədbirlərə, o cümlədən tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və infrastrukturun təkmilləşdirilməsinə və maddi-texniki bazanın gücləndirilməsinə yönəlmişdir.

Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkəmizin iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb.

Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə İşçi qrupu yaradılıb. Bu qruplara pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin siyahısını müəyyənləşdirmək üçün müvafiq meyarları təsdiq etmək, yoluxucu xəstəliyin ölkəmizin biznes mühitinə mənfi təsirini azaltmaq, iqtisadi artımın davam etməsinə dəstək göstərmək və s. məqsədilə müvafiq təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Dövlətimizin başçısı bütün çətinliklərə baxmayaraq, ölkəmizdə əvvəlcədən planlaşdırılmış bütün sosial öhdəliklərin tam yerinə yetirilməsinin, sosial infrastruktur layihələrinin icrasının həll olunmasının, əhalinin məşğulluq məsələlərinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd etmişdir.

Heydər Əliyev Fondunun pandemiya ilə mübarizəyə verdiyi dəstək xüsusi qeyd edilməlidir. Fond pandemiyanın qarşısının alınmasında böyük sosial layihə həyata keçirərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydalarına və sosial təcrid rejiminin tətbiq olunmasına lazımi təşkilati dəstək göstərmişdir.

Kamil İSMAYILOV,

“Respublika”.