Pakistan Senatının sədri: Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması sevindirici haldır
Sosial həyat

Pakistan Senatının sədri: Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması sevindirici haldır

Pakistan Parlamenti Senatının sədri Məhəmməd Sadiq Sancrani Zəfər Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu göndərib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məktubda Senatın sədri Azərbaycanın Vətən müharibəsində Qələbəsinin birinci ildönümü münasibətilə Pakistan xalqı, Senatı adından və şəxsən öz adından səmimi təbriklərini çatdırıb.

Pakistan İslam Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun aparılan Vətən müharibəsindən əvvəl də, müharibə dövründə də Azərbaycanın mövqeyini dəstəkləməkdə davam edib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və bir milyona yaxın azərbaycanlı məcburi köçkünün hüquqlarının bərpa olunması sevindirici haldır.

Senatın sədri Azərbaycanın məcburi köçkünlərinin tezliklə doğma torpaqlarına qayıtmasının təmin ediləcəyinə, işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq və bərpa işlərinin başa çatacağına əminliyini bildirib. Məhəmməd Sancrani beynəlxalq ictimaiyyətin beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun olaraq Ermənistanın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət etməsini təmin etmək üçün bütün addımları atacağına inandığını bildirib.

Senatın sədri Pakistan İslam Respublikası parlamentinin, hökumətinin və xalqının bundan sonra da Azərbaycanın haqq işini dəstəkləyəcəyini diqqətə çatdırıb.

AZƏRTAC