Ötən ilin yekunları: İstehsal artır, göstəricilər yüksəlir
İQTİSADİYYAT

Ötən ilin yekunları: İstehsal artır, göstəricilər yüksəlir

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi sayəsində rayonumuzda da iqtisadiyyatın inkişafı üçün geniş imkanlar yaranmışdır. Ötən 2022-ci ildə bu sahədə xeyli irəliləyiş olmuşdur. Rayonun iqtisadiyyatının əsas sahələrində 298418,2 min manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Ümumi məhsul buraxılışının həcmində istehsal sahələrinin xüsusi çəkisi 87,4 faiz, xidmət sahələrinin xüsusi çəkisi 12,6 faiz təşkil etmişdir.

İstehsalın aparıcı qolu olan sənaye rayonun iqtisadiyyatında mühüm yer tutur. Ötən il 55496,6 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Ümumi istehsalın 82,3 faizini sənaye məhsulları, 17,7 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 82,3 faizi emal, 15,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 5087 min nəfər sərnişin daşınmışdır ki, bu da əvvəlki ilə nisbətən 24,1 faiz artım deməkdir. Avtomobil nəqliyyatı ilə 449 min ton yük daşınmış və 2021-ci ilə nisbətən 11,7 faiz artım əldə edilmişdir.

Rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş inşaat-tikinti işlərin həcmi 3409,5 min manat təşkil etmişdir. Ümumi tikinti işlərinin 2206,2 min manatı, yaxud 64,7 faizi hüquqi şəxslər, 1203,3 min manatı, 35,3 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.

Pərakəndə ticarət şəbəkələrində istehlakçılara 107258,5 min manatlıq məhsul satılmış, onun 64563,3 min manatı (60,2 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 42695,2 min manatı (39,8 faiz) qeyri-ərzaq malları olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilə nisbətən real ifadədə 5,5 faiz artaraq 18290,0 min manat təşkil etmişdir.

Bu gün kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən dəstəyin artırılması və tətbiqi mexanizmlərinin daha da təkmilləşdirilməsi sahənin inkişafına təkan vermişdir. Odur ki, ötən il kənd təsərrüfatı sahəsində xeyli irəliləyiş olmuşdur. Kənd təsərrüfatı bitkilərinin 16281,5 hektar ümumi əkin sahəsinin 14991,4 hektarını (92,1 faizini) dənli və dənli paxlalı bitkilər, 112,0 hektarını (0,7 faizini) kartof sahəsi, 429,6 hektarını (2,6 faizini), üstü açıq və ya örtülü torpaqlarda əkilmiş tərəvəz sahəsi, 1,0 hektarını bostan sahəsi, 747,5 hektarını (4,6 faizini) yem bitkiləri təşkil etmişdir. İstehsal olunmuş ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 138554,9 min manat olmuşdur ki, bunun da 105517,5 min manatı heyvandarlıq, 33037,4 min manatı isə bitkiçilik məhsullarının payına düşür. 2021-ci illə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 27,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 26,9, bitkiçilik məhsulları üzrə isə 30,0 faiz artmışdır.

Ötən ilin sonunda 3361,3 hektar, o cümlədən bar verən yaşda 2130,6 hektar meyvə bağları və giləmeyvəliklər mövcud olmuşdur. İl ərzində kəndli sahibkarlar tərəfindən 155,5 hektar sahədə yeni bağlar və giləmeyvəliklər salınmışdır.

Heyvandarlıq sahəsində də göstəricilər müsbətdir. Ötən il təsərrüfatlarda 25084 baş iribuynuzlu mal-qara (ondan 11746 baş inək və camış), 48243 baş qoyun və keçi, 7 baş donuz bəslənilmişdir. Təsərrüfatlarda 19077,0 ton ət (diri çəkidə), 15215,7 ton süd, 10852 min ədəd yumurta, 89,6 ton yun (fiziki çəkidə) istehsal edilmişdir.

2022-ci ilin yanvar-dekabr aylarında sahibkarlıq fəaliyyəti bir qədər də genişlənmiş, hüquqi şəxslər üzrə 88 yeni iş yeri açılmış, 620 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır.

İdarəmizin kollektivi ötən illər ərzində olduğu kimi, bu il də rayonumuzda iqtisadi inkişafın dinamikliyi üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə səy göstərəcəkdir.

Yusif MUSAYEV,

Şabran Rayon Statistika İdarəsinin rəisi.