Ölkəmizdə koronavirusla mübarizə tədbirləri yüksək səviyyədə həyata keçirilir
Səhiyyə

Ölkəmizdə koronavirusla mübarizə tədbirləri yüksək səviyyədə həyata keçirilir

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi mühüm yerlərdən birini tutur. Respublikamızda son dövrlərdə çox sayda yeni tibb ocağı inşa edilib, mövcud xəstəxana və tibb mərkəzləri əsaslı şəkildə bərpa olunub. Müəssisələr ən müasir tibbi avadanlıq və qurğularla təchiz edilib. Bütün bunlarla yanaşı, tibbi heyətin peşəkarlığının artırılmasına da dövlət səviyyəsində xüsusi diqqət göstərilir.

Müasir dünyanın təşvişinə səbəb olan qlobal problemlər silsiləsində bu gün ön sırada koronavirus pandemiyası dayanır. Pandemiya elan olunduğu vaxtdan bu günədək Azərbaycan koronavirus infeksiyasının qarşısının alınması ilə əlaqədar bütün mübarizə tədbirlərini ən yüksək səviyyədə həyata keçirir. Güclü dövlətlərin iqtisadiyyatını, səhiyyəsini alt-üst edən, insanların sağlamlığına ciddi zərbə vuran COVID-19 bəlası hələ də sovuşmayıb, bəşəriyyəti təhdid etməkdə davam edir. Hər gün bu virusa yoluxanların, onun qurbanlarının sayı barədə dəhşətli rəqəmlər açıqlanır.

Qeyd edək ki, xəstəliyin ölkəmizdə yayıldığı ilk vaxtlardan etibarən maarifləndirmə, gigiyenik izolyasiya tədbirləri maksimum şəkildə həyata keçirilməyə başlandı. Vaxtında görülən tibbi-profilaktik tədbirlərin nəticəsində ölkəmiz qonşu ölkələrə nisbətən xəstəliyi daha aşağı itkilərlə keçirmiş oldu.

Bu gün bütün planetimizi cənginə alan COVID-19 pandemiyası əleyhinə vaksinasiya prosesi respublikamızda  çox sürətlə və operativ şəkildə həyata keçirilir. 2021-ci ilin yanvarın 18-dən başlayaraq ölkəmizdə bu prosesə start verilib. Hər bir vətəndaşımızın sağlamlığına dövlətimiz tərəfindən xüsusi qayğı və diqqət göstərilir. “Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə start verdi. Eyni zamanda, yerləşdiyimiz bölgədə Azərbaycan birincilər sırasındadır. Onun nəticəsidir ki, pandemiyanın ilk günlərindən işlər düzgün qurulmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirmişdir. Qeyd edək ki, ölkəmiz peyvəndi əldə edən ilk ölkələrdəndir. Bu gün isə əhalinin əksəriyyətinin peyvənd olunması, cəmiyyətimizin təhlükəsiz həyat ritminə daha tez qayıtması, pandemiya ilə mübarizədə böyük uğur qazanması deməkdir. Təsadüfi deyil ki, böyük əksəriyyətin vaksinasiya edildiyi ölkələrdə daha sürətlə açılmalara gedilməyə başlanıb. Ümumdünya Səhiyyə Təşkilatının bütün hesabatlarında ölkəmizin adı  nümunəvi və ideal ölkələr sırasında çəkilir.

Ölkə Prezidenti cənab İlham Əliyevin koronavirusla mübarizə istiqamətində apardığı genişmiqyaslı və məqsədyönlü tədbirlər ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandırmış, postpandemiya dövrünün strategiyasını meydana qoymuşdur. Ümumdünya Səhiyyə Təşkilatının bəyan etdiyi kimi, pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın nümunəvi təcrübəsi artıq bir çox ölkələr tərəfindən fəaliyyət proqramı kimi geniş şəkildə istifadə olunmaqdadır.

Azərbaycan elə ilk günlərdən virusun yayılmasının qarşısının alınması ilə bağlı çox effektiv tədbirlər həyata keçirdi. Cənab Prezident də öz çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlətimiz üçün ən vacib məsələ vətəndaşların sağlamlığıdır. Çünki bu, həm də milli təhlükəsizlik məsələsidir. Azərbaycan Prezidentinin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində məhz insan amili dayanır. Buna görə də Azərbaycan dövləti bir çox iqtisadi və maliyyə risklərini gözə alaraq vətəndaşların sağlamlığının qorunması üçün bütün mümkün addımları atdı. Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi məhz bu məqsədə xidmət edirdi. Qısa zamanda səhiyyə sisteminin effektiv fəaliyyətini təmin edən addımlar atıldı, modul tipli xəstəxanalar quruldu. Yeni laboratoriyalar formalaşdırıldı.

Hər bir vətəndaş öz sağlamlığını qorumalıdır. Sağlamlıq insan həyatının mühüm amili hesab edilir. İnsan sağlamlığı həm də cəmiyyətin sərvəti və dövlətin gələcəyinin təminatı kimi qiymətləndirilməlidir. Belə ki, yalnız sağlam olan insanlar xalqının, millətinin, dövlətinin xeyrinə fəaliyyət göstərmək, qərar qəbul etmək üçün özlərinin yaradıcı imkanlarından tam istifadə edə bilərlər. Başqa sözlə desək, sağlamlıq yalnız şəxsin özü üçün deyil, həmçinin ailə, cəmiyyət, vətən, dövlət üçün də vacibdir.

Bu baxımdan bütün vətəndaşlarımız tam məsuliyyəti dərk edərək, bu infeksiyaya yoluxma hallarının qarşısının alınmasına yönəlmiş qaydalara çox ciddi  şəkildə riayət etməlidirlər. Azərbaycan hökumətinin də bu istiqamətdəki bütün tədbirlərinin məqsədi ölkə vətəndaşlarının sağlamlığını qorumaqdır.

Azərbaycan pandemiyadan ən az itki ilə çıxmaq üçün bütün tədbirləri davam etdirməkdə  qərarlıdır. Bütün dünyanı ağuşuna alan pandemiya hələ ki, bitməyib və onun bitəcəyi tarixi də indiki halda dəqiq proqnozlaşdırmaq mümkün deyil. Hazırda ölkəmizdə vaksinasiya prosesi uğurla davam etdirilir. Hər bir vətəndaş bu prosesdə fəal iştirak etməli və cəmiyyətin sağlam, firavan   təminatına  öz dəstəyini verməlidir.

Son günlər ölkədə COVID-19-a yoluxma sayının artması həm əhali, həm də səhiyyə işçiləri üçün təhlükə yaradır. Vətəndaşların gigiyena qaydalarına tam riayət etməmələri yoluxma sayının  artmasına səbəb olmuşdur. Rəsmi qurumlardan da verilən məlumatlar onu göstərir ki, hazırda xəstəxanaların reanimasiya şöbələrində müalicə alan koronavirus xəstələrinin 90-95 faizi peyvənd olunmayanlardır. Peyvənd yoluxmanı tamamilə aradan qaldırmasa da, ağırlaşma və ölüm hallarını kifayət qədər azaldır. Ona görə də kütləvi vaksinasiyanı sürətləndirməklə virusun öhdəsindən gəlmək mümkündür.

Mövcud vəziyyətdən çıxmaq üçün ən səmərəli vasitə əhalinin əksəriyyətinin vaksinasiya prosesinə cəlb edilməsidir. Ölkəmizdə COVID-19 əleyhinə aparılan vaksinasiya nəticəsində milyonlarla insanın peyvənd olunması ən düzgün seçimdir. Belə ki,vətəndaşlar yalnız vaksinasiyadan keçməklə həm özlərini və ailələrini, həm də bütün cəmiyyəti COVID-19 bəlasından xilas etmiş olarlar.

                                                                                                           M. MİRZƏ,

                                                                                                         “Respublika”.