“NİZAMİ GƏNCƏVİ İLİ ”NƏ HƏSR OLUNMUŞ TƏDBİR 
Region

 “NİZAMİ GƏNCƏVİ İLİ ”NƏ HƏSR OLUNMUŞ TƏDBİR 

Ölkə Prezidenti cənab  İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli sərəncamı ilə, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə  Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilmişdir. Bu münasibətlə Gəncədə silsilə tədbirlər keçirilməkdədir. Ötən gün, Gəncə Tibb Kollecində şairin yubileyinə həsr olunmuş tədbir keçirlib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Musa Quliyev, kollecin rəhbərliyi, müəllim və tələbə kollektivi iştirak ediblər. İlk öncə, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev qonaqları salamlayıb, tədbirin mahiyyətindən söz açaraq qeyd edib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir. Ölkə rəhbəri, möhtərəm Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi, dahi şairin zəngin irsinin daha dərindən öyrənilməsi, o cümlədən dünyada geniş təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Sonra, kollecin tələbələrinin ifasında dünya ədəbiyyatının günəşi hesab edilən Nizami Gəncəvinin müdrik kəlamları səsləndirilib, dahi şairin həyat və yaradıcılığına həsr olunan film nümayiş etdirilib.

Zabit XƏLİLOV,

“Respublika”.