MÜSTƏQİLLİYİMİZİ, DÖVLƏTÇİLİYİMİZİ QORUMAQ HƏR BİRİMİZİN VƏTƏNDAŞLIQ BORCUDUR
Siyasət

MÜSTƏQİLLİYİMİZİ, DÖVLƏTÇİLİYİMİZİ QORUMAQ HƏR BİRİMİZİN VƏTƏNDAŞLIQ BORCUDUR

1993-cü il avqustun 23-də lənkəranlılar belə bir sınaqdan üzüağ, şərəflə çıxdılar

1993-cü ilin avqustunda Lənkəran çox gərgin, həyəcanlı, təlatümlü günlər yaşayırdı. Milli Məclisin 17 avqust tarixli qərarı təkcə Lənkəranda deyil, ətraf rayonlarda da güclü əks-səda yaratmışdı. Yerli əhali çoxdan gözlədiyi bu qərara tərəfdar çıxır və onu müdafiə edirdi.

Lənkəranda yüksək icimai-siyasi fəallıq hiss olunurdu. Xaosdan, hərc-mərclikdən, qanunsuzluqlardan bezikmiş insanlar öz sözünü deməyə, Milli Məclisin qərarını icra etməyə məqam axtarırdılar. O günlər Lənkəran şəhərində fəaliyyət göstərən təşkilat komitəsinin yerli əhaliyə müraciətində də belə bir fikir aydın ifadə olunurdu: "Əlikram Hümbətov və onun tərəfdarlarının çirkin niyyətli əməlləri ifşa olunmuşdur. Milli Məclis öz qərarını vermiş, bütün Azərbaycan xalqı, o cümlədən lənkəranlılar öz sözünü demişlər.

İndi gözləmək vaxtı deyil, ayağa qalxın! Vətən xainlərini özümüz qovmalıyıq. İndi qeyrət vaxtıdır, əziz lənkəranlılar!".

Yaranmış ağır, dözülməz vəziyyətə münasibət bildirmək, yerli əhalini səfərbər etmək məqsədilə avqustun 22-də ümumşəhər mitinqi çağırıldı. Mitinq saat 16-ya təyin olunmuşdu. Lənkəran Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydana minlərlə insan toplaşmışdı. Naməlum əsgərin abidəsi önündə mikrafonlar qurulmuşdu. O vaxt Yeni Azərbaycan Partiyası Lənkəran Şəhər Təşkilatının sədri olan Dilruba Camalova Milli Məclisin qərarını oxudu və hamını ölkə rəhbəri Heydər Əliyevin ətrafında sıx birləşib qərarı icra etməyə çağırdı. Lənkəranın tanınmış, nüfuzlu ziyalılarının, ağsaqqallarının cəsarətli çıxışları insanlarda yüksək inam, yeni əhvali-ruhiyyə yaratdı.

"Lənkəran" cəmiyyətinin sədri Yaşar Rzayev Lənkəran camaatını qəti addımlar atmağa çağıraraq Ə.Hümbətovun ələ keçirdiyi hərbi hissənin əsgər və zabitlərinə müraciətlə dedi: "Siz müstəqil Azərbaycana, dövlətçiliyimizə xidmət edəcəyinizə and içmisiniz, lakin Ə.Hümbətov sizi aldatmışdır, o, sizi xəyanət yoluna çəkmişdir, nə qədər gec deyil, bu yoldan çəkinin".

Qondarma qurumun rəhbəri mitinq gedən ərəfədə meydanın bir tərəfində matəm mərasimi keçirirdi. Tərəflər arasında hər an qarşıdurma yarana, qan tökülə bilərdi. Mitinqin təşkilatçıları hamını səbirli, təmkinli olmağa çağırırdı.

Sakit, dinc şəraitdə keçən mitinqdə qətnamə oxundu. Qərara alındı ki, Milli Məclisin 17 avqust tarixli qərarı danışıqsız yerinə yetirilsin, qondarma "TMR", şəhərin qanunsuz  icra hakimiyyəti və digər qeyri-qanuni qurumlar heç bir qarşıdurma yaratmadan, camaatı qırğına vermədən özü-özünü dərhal buraxsın. Əgər bu tələblər yerinə yetirilməsə avqustun 24-də yenidən mitinq olacaq.

Avqustun 23-də vəziyyət gözlənilmədən dəyişdi. Əlikram Hümbətovun silahlıları səhər saat 09:00 radələrində Lənkəran şəhərindəki hərbi hospitala gəlib Yeni Azərbaycan Partiyası Lənkəran Şəhər Təşkilatının sədri Dilruba Camalovanın həyat yoldaşı, hərbi hospitalın rəisi, polkovnik-leytenant Şəmsəddin Talışinskini girov götürmək istədilər. Hospitalın kollektivi, xəstələr və ərazidə yaşayan sakinlər müqavimət göstərərək komandiri ələ vermədilər.

Bu xəbər sürətlə şəhərə yayıldı. Şəhərin hər tərəfindən, Lənkəranın kəndlərindən insanlar mərkəzi meydana tərəf gəlirdi. Hospitalın ağxalatlı tibb işçiləri, yaralı əsgər və zabitlər də axına qoşulmuşdu. Qəzəblənmiş, hiddətlənmiş əhali öz sözünü demək üçün icra hakimiyyətinin qarşısına toplaşmışdı.

Hadisələrin fəal iştirakçısı olmuş görkəmli ictimai-siyasi xadim, filoloq-alim, yazıçı-publisist Yaşar Rzayev o günü xatırlayaraq deyir: "Günorta saatlarına yaxın icra hakimiyyətinin binası hər tərəfdən mühasirəyə alınmışdı. Yerli sakinlər binanı tutmuşdular. Giriş qapısının üstündə Heydər Əliyevin şəkli asılmışdı. Əlikram Hümbətov yaxınlıqdakı hərbi hissəyə qaçmışdı. Həmin gün lənkəranlılar əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Fəal gənclərin bir qrupu icra hakimyyəti binasının və təşkilat komitəsinin üzvlərinin mühafizəsini öz üzərinə götürdülər. Xalqımızın ümummilli lideri, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev həmin gün televiziya ilə xalqa müraciət etdi, lənkəranlıların hünərini yüksək qiymətləndirdi".

Müdrik rəhbərin müraciətində deyilirdi: "Mən birinci növbədə hərbi hissədə qulluq edən əsgərlərə müraciət edirəm: milliyyətindən, siyasi mənsubiyyətindən, dilindən asılı olmayaraq, siz Azərbaycanın vətəndaşlarısınız. Əlikram Hümbətov Azərbaycan xalqına xəyanət etmiş adamdır. Güman edirəm ki, orduda olan bütün əsgərlərimiz, zabitlərimiz, könüllülərimiz mənim sözlərimi eşidirlər və onlar, şübhəsiz ki, belə avantüradan, bu cür fırıldaqçılardan uzaq olacaqlar.

...Əlikram Hümbətov və onun ətrafındakı mafioz dəstələr öz çirkin niyyətlərini həyata keçirmək üçün bir məsələ ortaya atmışlar: guya "Talış Respublikası" yaratmaq istəyirlər. Bilirsiniz, bizim Azərbaycan vahid Azərbaycandır. Onun vətəndaşlarının hamısı eyni hüquqlara malikdir. İndiyədək Azərbaycanda heç vaxt talış-azərbaycanlı, türk və sair söhbəti olmamışdır. Bu, süni surətdə ortaya atılmış şeydir. Talış köklü olan adamların hamısı azərbaycanlı kimi, Azərbaycanın ləyaqətli vətəndaşları kimi yüz illərlə Azərbaycanın vahid ailəsində yaşamışlar, birləşmişlər, bir-birinə qovuşmuşlar. Onları bir-birindən ayırmaq olmaz. Bu, əti dırnaqdan ayırmağa bərabərdir. Ayrı-ayrı avantüristlərdən savayı buna heç kəs yol verməz.

...İndi Lənkəranda gərgin vəziyyət yaranmışdır, həm də təkcə Lənkəranda yox, ətraf rayonlarda da. Sizə məlumat verdim ki, orada xalq ayağa qalxıb. Əlikram Hümbətov atəş açsa da, silah işlətsə də,  xalqın gücü qarşısında dayana bilməmişdir, qaçıb kənarda qüvvə toplayır. Yəni yenə xalqa təcavüz etmək istəyir.

...Eyni zamanda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar rayonlarının əhalisinə müraciət edirəm: ayağa qalxın, öz insanlıq mənliyinizi göstərin, vətəndaşlıq mənliyinizi göstərin, namusunuzu, şərəfinizi qoruyun, Azərbaycanın bütövlüyünü qoruyun, Azərbaycan dövlətini qoruyun. Mən həyatım boyu çox imtahanlardan çıxmış adamam. Bu gün tam qətiyyətlə deyirəm ki, xalqın gücü qarşısında heç bir silah üstün gələ bilməz. Xalqın iradəsini heç vaxt, heç bir silahla qırmaq olmaz.

Ona görə mən də xalqa müraciət edirəm, həmin rayonların əhalisinə, onların ağsaqqallarına, ziyalılarına müraciət edirəm. Demək istəyirəm ki, ayağa qalxın, belə cinayətkarlara, belə xainlərə, xalqı, dövləti parçalamaq istəyən adamlara qarşı öz qüdrətinizi göstərin, cəsarətinizi göstərin və bölgədə əmin-amanlıq yaradın".

Bu müraciət hamını vahid məqsəd uğrunda birləşdirdi. Yaxınlıqdakı hərbi hissədə gizlənən Əlikram Hümbətov icra hakimiyyətinin binasını almağa səy göstərsə də, buna müvəffəq ola bilmədi.

El gücü sel gücüdür, - deyiblər. Meydana toplaşmış minlərlə insan müstəqilliyimizi, dövlətçiliyimizi qorumaq, müdafiə etmək üçün ayağa qalxmışdı. Meydanda fasiləsiz mitinq gedirdi. Çıxışlarda Lənkəranda və ətraf rayonlarda baş vermiş hadisələrin günahkarlarının məsuliyyətə alınması və bu işdə heç kəsə güzəşt edilməməsi barədə tələblər səslənirdi. Bakıdan milli təhlükəsizlik naziri Nəriman İmranov, daxili işlər naziri Vaqif Novruzov və digər məsul şəxslər Lənkərana gəldilər. Ə.Hümbətovun tutulması və hərbi hissənin zərərsizləşdirilməsi üçün təcili tədbirlər hazırlandı.

Hüquq elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi İbrahim Quliyev o vaxt Astara Rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləyirdi. Ə.Hümbətovun qanunsuz tələblərini yerinə yetirmədiyinə görə bir həftə girovluqda saxlanmışdı.

Avqustun 23-də Lənkəranda baş vermiş hadisələrin fəal iştirakçısı olan İbrahim Quliyev deyir: "Məqsəd qarşıdurma olmadan, qan tökülmədən hadisələrin qarşısını almaq, ictimai-siyasi vəziyyəti normallaşdırmaqdan ibarət idi. Ə.Hümbətovu tərk-silah etmək üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin binasında müzakirələr gedirdi. Onun gizləndiyi hərbi hissə icra hakimiyyətinin yaxınlığında yerləşirdi.

Müdafiə nazirinin müavini Vahid Musayev bir neçə dəfə hərbi hissəyə danışığa getdi. Danışıqlar nəticə vermirdi. Meydan isə uğuldayır, qəzəblənmiş, səbri tükənmiş insanlar Ə. Hümbətovun dövlət orqanlarına təslim olmasını tələb edirdilər.

Gecə yarıdan keçirdi. İnsanlar hərbi hissəni əhatəyə almışdılar. Giriş qapısının önünə yüzlərlə insan yığışmışdı. Ə.Hümbətovun qaçışına şərait yaratmaq üçün içəridən komanda verildi, hərbçilər dinc, əliyalın əhaliyə atəş açdılar. Üç nəfər igid, qeyrətli lənkəranlı: Soltan Bayramov, Paşa Təhməzov və Etibar Əliyev qətlə yetirildi, daha 5 nəfər ağır yaralandı. Gecə saat üç radələrində Ə.Hümbətov hərbi maşınla gizləndiyi hərbi hissədən çıxıb naməlum istiqamətə qaçdı. Keçirilən əməliyyatda xəyanətin izləri açıq-aydın görünürdü.

Vəziyyət barədə xalqımızın müdrik rəhbəri Heydər Əliyevə təcili məlumat verildi. Əvvəl Dilruba xanımla, sonra mənimlə telefonla danışdı. Çalışın ki, sabitlik bərpa olunsun, bütün imkanlarınızdan, nüfuzunuzdan istifadə edib əmin-amanlığı qoruyun, - deyə tapşırıqlarını verdi.

Müdrik rəhbərin televiziya vasitəsilə xalqa müraciəti, ağıllı, uzaqgörən məsləhətləri, tövsiyələri, cənub bölgəsinin nüfuzlu ziyalılarının hadisələrdə fəal iştirakı olmasaydı, daha çox qan töküləcək, itki verəcəkdik".

Avqustun 24-də Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının dövlətçiliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında, Azərbaycan xalqına təcavüz edən cinayətkar ünsürlərə qarşı mübarizədə göstərdikləri igidlik və şücaətə görə Soltan Nemət oğlu Bayramov, Etibar Böyükağa oğlu Əliyev və Paşa Qurban oğlu Təhməzov Azərbaycanın Milli Qəhrəmanı adına (ölümündən sonra) layiq görüldülər.

Elə həmin gün Bakı şəhərində ümumrespublika müşavirəsi çağırıldı. Azərbaycanın müdrik rəhbəri Heydər Əliyev müşavirədə söylədiyi geniş nitqində Lənkəran hadisələrini ətraflı təhlil etdi. Hamını əmin edərək bildirdi ki, "biz bu yoldan çəkinməyəcəyik, Azərbaycanın dövlətçiliyini, müstəqilliyini qoruyacağıq və respublikanın parçalanmasına yol verməyəcəyik.

Azərbaycan dövləti Lənkəran hadisələrində həlak olanların ailələrinə hər cür qayğı və hörmət göstərəcəkdir və güman edirəm ki,  Azərbaycan xalqı bu sadə azərbaycanlıların böyük şücaətini heç vaxt unutmayacaqdır. Onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır".

Əlisəfa HƏSƏNOV,

  "Respublika".