Milli-mənəvi dəyərlərimiz, tarixi köklərimiz bizi birləşdirir
Siyasət

Milli-mənəvi dəyərlərimiz, tarixi köklərimiz bizi birləşdirir

Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.

Heydər ƏLİYEV,

Ümummilli lider.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada millət vəkillərinin, eyni zamanda minlərlə naxçıvanlının təkidi ilə ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Heydər Əliyevin Naxçıvanda yenidən siyasi fəaliyyətə başlaması təkcə muxtar respublikanı düşdüyü çətin vəziyyətdən qurtarmadı, ulu öndər Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm tarixi qərarları da məhz Naxçıvanda qəbul etdi. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olundu. 20 Yanvar 1990-cı il Qanlı Yanvar faciəsinə siyasi qiymət verildi. Naxçıvan əhalisi SSRİ-nin qorunub saxlanması barədə referendumdan imtina etdi. Muxtar Respublikada Kommunist Partiyasının yerli orqanlarının fəaliyyəti dayandırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi.

Bütün ömrünü Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr edən ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm istiqamətlərindən birini azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi təşkil etmişdir. Ümumxalq birliyini hər zaman hər şeydən üstün tutan və buna böyük önəm verən ulu öndər azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirmişdir. Müstəqilliyin qorunub saxlanmasının onu qazanmaqdan da çətin olduğunu vurğulayan ulu öndər dövlətimizin azadlığında, suverenliyində azərbaycançılıq ideologiyasını əsas amil olaraq qiymətləndirirdi. Hər bir insanın milli mənsubiyyəti onun varlığının göstəricisi hesab edən ümummilli lider azərbaycanlı olduğu ilə qürur duyur, xalqının milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrinin yaşadılması üçün var qüvvəsi ilə çalışırdı. Bütün azərbaycanlıları vahid amal uğrunda birləşdirmək, dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımızın hüquq və azadlıqlarını qorumaq, dilindən, dinindən asılı olmayaraq özünü azərbaycanlı hesab edən hər kəsi azərbaycançılıq ideologiyası uğrunda səfərbər etmək ulu öndərin qarşısına qoyduğu ən mühüm vəzifə idi. Milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə özündə yaşadan Heydər Əliyev dövlətçiliyimizin möhkəmləndirilməsi, milli diasporun təşkilatlanması istiqamətində əvəzsiz xidmətlər göstərmişdir.

Müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü nəzərə alan ümummilli lider xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini qeyd edir, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini müəyyənləşdirirdi. Dahi rəhbər xaricdə yaşayan soydaşlarımızın birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayır, diaspor cəmiyyətlərinin problem və qayğılarına hər zaman böyük həssaslıqla yanaşır, həmvətənlərimizi ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirirdi. Ümummilli lider Heydər Əliyev müstəqil dövlətimizin diaspor quruculuğu siyasətinin banisi, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün müəllifidir. Ulu öndər 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli-azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

Yalnız güclü diaspora malik xalqların xarici siyasətdə mühüm uğurlar qazandığını, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruduğunu, ümummilli problemlərinin həllinə nail olduğunu, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edə bildiklərini vurğulayan, diaspor quruculuğunu xarici siyasətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirən və bu fəaliyyətin getdikcə daha da gücləndirilməsini vacib sayan Prezident İlham Əliyev milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından hər zaman xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edir, onların daha da təşkilatlanması, vahid amallar uğrunda mütəşəkkil mücadilə aparması ilə bağlı dəyərli tövsiyələrini verir.

Milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamağa, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnməyə, hər bir insanın inkişafını təmin etməyə yönəlmiş milli-fəlsəfi dünyagörüşü forması olan azərbaycançılıq ideologiyası dövrün, zamanın tələbindən irəli gələn, günümüzün gerçəkliklərini özündə əks etdirən hakim dövlət ideologiyasıdır. Ölkə başçımızın məqsədyönlü siyasəti nəticəsində bu gün dünyanın bütün ölkələrindəki Azərbaycan diasporu mütəşəkkil şəkildə birləşmiş və onların fəaliyyət dairəsi daha da genişlənmişdir.

31 dekabr tarixinin bütün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd olunduğunu bildirən ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün ulu öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan edilmişdir... Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir... Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır".

Mehparə ƏLİYEVA,

"Respublika".