Siyasət

"3+3": müasir dünya düzənində regional əməkdaşlıq əlaqələrinin yaranması zəruridir

Dostluq, əməkdaşlıq, etibarlı tərəfdaşlıq əlaqələri qurmağı, nəinki yerləşdiyi regionda, bütün dünyada sülhün, təhlükəsizliyin bərqərar olmasına səy göstərməyi düşünülmüş siyasətinin əsas istiqamətlərindən biri olaraq müəyyənləşdirən Azərbaycan dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır və qarşılıqlı faydalı əməkdaşlığa böyük önəm verir. Çoxşaxəli siyasətində qətiyyətli addımlar ataraq iqtisadi cəhətdən yüksək inkişaf səviyyəsinə yüksələn, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətimiz üçün milli maraqların təmin edilməsi prioritetdir.

Ərazi bütövlüyümüzün təmin olunması ilə yekunlaşan İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbə yalnız işğal olunmuş ərazilərimizin azad edilməsi eyni zamanda regionda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin yaratmaqla və formalaşdırdığı geosiyasi mühitlə xarakterizə olunur. Belə ki, Qarabağ münaqişəsinin uğurlu həllindən sonra iki qardaş ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda uzunmüddətli sülhün və təhlükəsizliyin yaradılması, qorunub saxlanması və çoxtərəfli əməkdaşlıq əsasında iqtisadi inkişafa nail olunması üçün "3+3" əməkdaşlıq platforması təklifini irəli sürmüş və bu platformanın regionda yeni imkanlar yaradacağını bəyan etmişlər.

Bu gün Cənubi Qafqazda cərəyan edən proseslər kommunikasiyaların açılmasını, qonşu dövlətlərlə əməkdaşlığın genişləndirilməsini zərurətə çevirib. Təhlükəsizliyin, sabitliyin təmin olunması, gələcəkdə baş verə biləcək hər hansı bir müharibə riskinin aradan qaldırılması üçün region ölkələri arasında hərtərəfli iqtisadi, siyasi, mədəni əlaqələrin qurulması əsas amildir. Lakin Ermənistanın ölkəmizə qarşı 30 il davam edən işğalçılıq siyasəti bölgədə əməkdaşlıq əlaqələrinin inkişafına imkan verməmişdir. 44 günlük müharibədə Azərbaycanın möhtəşəm zəfəri qonşu ölkələrin birgə əməkdaşlıq, tərəfdaşlıq münasibətləri qurmasına geniş imkanlar yaradıb. Bu mənada, region dövlətləri arasında sıx əlaqələri, inteqrasiyanı, yeni əməkdaşlığı nəzərdə tutan Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İrandan ibarət altılığın bir-biri ilə əməkdaşlıq əlaqələri və işbirliyi yaratması, bu işbirliyini vahid platformada birləşdirməsi ölkələrin öz maraqlarına uyğun olmaqla yanaşı, həm də bütövlükdə regionun inkişafına təkan verəcək. Cənubi Qafqazda yeni əməkdaşlıq əlaqələrinin formalaşdırılmasına, bölgədə sabitliyin, əmin-amanlığın bərqərar olmasına yönəlmiş bu platformaya gələcəkdə başqa ölkələrin qoşulacağı da istisna deyil. Belə ki, "3+3" formatı iqtisadi, siyasi və mədəni münasibətlərin inkişafına müsbət təsir göstərəcək, həm də Şərqlə Qərb, Şimalla Cənub arasında bütün növ kommunikasiyalar üzərində nəzarəti təmin edəcək. Həmçinin qonşu ölkələr regionda mövcud problemləri çoxtərəfli əməkdaşlıq şəraitində birgə həll edəcəklər. Zəngəzur dəhlizinin açılması isə Cənubi Qafqazın nəqliyyat və logistika sahəsində beynəlxalq əhəmiyyətini daha da artıracaq, bölgəni iqtisadi əməkdaşlıq məkanına və eyni zamanda nəqliyyat mərkəzinə çevirəcək.

"3+3" formatının əsas məqsədi regionda vəziyyəti sabitləşdirmək və kommunikasiya əlaqələrini bərpa etmək, ticari-iqtisadi, nəqliyyat və mədəni-humanitar əlaqələrin inkişafına nail olmaq, həmçinin ümumi çağırışlara və təhdidlərə birgə müqavimət göstərməkdir. Bu isə kənar qüvvələrin regiona təsiri, ölkələrin ərazi bütövlüyünün pozulması risklərinin azalması baxımından çox vacibdir.

Oktyabrın 23-də Azərbaycan, Rusiya, Türkiyə, İran və Ermənistanın xarici işlər nazirləri Tehranda keçirilən XİN başçılarının "3+3" formatında görüşündə iştirak ediblər. Cənubi Qafqazda mövcud problemlərin kənar ölkələrin müdaxiləsi olmadan, sülh, əmin-amanlıq yolu ilə həll edilməsi və bu kontekstdə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının reallaşması bu platformanın əhəmiyyətini daha da artırır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Tehran şəhərində "3+3" regional məşvərət formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə çıxışı zamanı ölkəsinin Ermənistana ədalətli sülh təklif etdiyini bir daha diqqətə çatdıraraq qarşı tərəfin bu təklifə konstruktiv yanaşacağına, yaranmış şəraiti dəyərləndirəcəyinə ümidvar olduğunu bildirib. Görüşdən sonra jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan ilə Azərbaycan arasında heç bir maneə olmadan sülh müqaviləsinin bağlanmasının, sərhədlərin delimitasiyasının və nəqliyyat əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb. Rusiya rəsmisi həmçinin Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasına Moskvanın kömək etməyə hazır olduğunu bildirib. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan isə region ölkələrinin ümumi potensialından istifadə etmək üçün elektrik şəbəkələrinin birləşdirilməsinin və sinxronlaşdırılmasının əhəmiyyətini qeyd edərək deyib ki, gömrük, ticarət, kənd təsərrüfatı, texnologiya, mədəni sahədə əlaqələri genişləndirmək regionun inkişafında əsas amildir.

Tehranda "3+3" formatında nazirlər səviyyəsində keçirilən birinci görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri ilə yanaşı, Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları da müzakirə mövzusu olub. Azərbaycan-Ermənistan, Azərbaycan-İran, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin irəliləməsindən məmnunluq ifadə edilib. Bütün bunlar isə bir daha təsdiq edir ki, yeni dünya düzənində yeni əməkdaşlıq əlaqələrinin yaranması zəruridir.

Mehparə ƏLİYEVA,

"Respublika".