Məkrli və xəbis niyyətin təzahürü
Siyasət

Məkrli və xəbis niyyətin təzahürü

Dini dəyərləri yaymaq, təbliğ etmək xeyirxah və bəyənilən fəaliyyətdir. Lakin dini siyasətə alət etmək, öz çirkin niyyətlərini din pərdəsi arxasında gizlətmək qəbuledilməzdir. O mənfur niyyətlər hər nə qədər gizlədilsə də, bir gün mütləq üzə çıxır. Saxtakarın, riyakarın kim olduğu, hansı mənsəbə qulluq etdiyi məlum olur.

Özünü İslam  dövləti adlandıran cənub qonşumuz İran da nəhayət iç üzünü büruzə verdi. İranın dindən siyasi məqsədləri üçün istifadə etməsi, dövlət idarəetməsində onu qorxu, ölüm alətinə çevirməsi birmənalı olaraq müqəddəs İslam dininə xəyanətdir. Bu o deməkdir ki, molla rejimi üçün müqəddəs bir şey yoxdur.

Artıq İran xalqı onu öz hüquqlarından, sivil dünyadan təcrid edən molla siyasətinin iç üzünü yaxşı anlayır. Belə ki, cənub qonşumuzun ərazisində etiraz dalğasının başlamasına təkan verən hadisə Məhsa Əmini adlı gənc qızın hicab qaydalarını pozması səbəbindən əxlaq polisləri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi oldu. Doğrudur, narazılığın mitinqlərə çevrilməsində başlıca faktor sosial narazılıqdır. Lakin mitinqlərin gedişatı və səsləndirilən şüarlar məsələnin artıq siyasi müstəviyə keçdiyini nümayiş etdirir.

Digər tərəfdən etirazlardakı etnik fərqliliklər də diqqətdən yayınmır. Belə ki, budəfəki mitinqlər cənublu soydaşlarımızın kompakt yaşadığı bölgələrlə yekunlaşmır. Hətta əhalisinin mütləq əksəriyyətini farsların təşkil etdiyi ostanlarda da narazılıq ən üst səviyyədədir.

Soydaşlarımızın kompakt yaşadığı şimal-qərb ostanlarında isə "milli hökumət", "azadlıq" şüarları daha çox səsləndirilir ki, bu da başadüşüləndir. 

İranda kütləvi etiraz dalğalarına zaman-zaman rast gəlirik. Lakin bu miqyasda mitinqlərə son dəfə 2009-cu il prezident seçkilərində şahidlik etmişdik. İranda sosial və hüquqi problemlərin mövcudluğu daim etiraz aksiyalarının baş verməsi ehtimalını doğursa da, budəfəki narazılıqlarda başqa faktorlar da var. Eyni zamanda İslam Respublikasının son dönəmlər dəyişən beynəlxalq münasibətlərdə yeritdiyi xarici siyasət  heç də qəbulolunan deyil.

Onu da qeyd edək ki, İranda fars hakimiyyəti qurulandan onlar Şimali Azərbaycanın müstəqilliyini, güclü iqtisadiyyatı, ordusu olan bir dövlətə çevrilməsini istəməyiblər. Bu, İran rejiminin həmişə qorxulu röyası olub. Ona görə də onlar daim anti-Azərbaycan qüvvələrinin yanında yer alıblar və Ermənistanın Azərbaycana hərbi təcavüzünə dəstək veriblər. Onlar Azərbaycan ərazisində İslam dininin məzhəblərə bölünməsi, onların radikallaşması, Azərbaycanın bütövlüyünü pozmaq, bölmək kimi istiqamətlərdə hər zaman iş aparıblar. Hazırda da bu iş davam etdirilir.

Vətən müharibəsində dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız Ermənistanın təxribatçı əməllərinə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə yürüşlər təşkil edirdilər. Həmin günlərdə İranda da belə bir yürüş təşkil olunmuşdu. Ermənistanın təcavüzkar siyasətinə etirazlarını bildirən soydaşlarımız əllərində Azərbaycan bayraqları, eləcə də "Orduya dəstək" sözləri yazılmış plakatlarla yürüşə çıxmışdılar. Təəssüf ki, Güney Azərbaycanda dəstək mitinqlərində iştirak edənlər arasında həbs edilənlər də olmuşdu.

Fars-molla rejimi Tehranda, Təbrizdə, Xoyda, Ərdəbildə, Şirazda, Zəncanda, Makuda və digər şəhərlərdə Azərbaycan bayrağını yandırır, ayaqlar altına atırlar. Lakin unudurlar ki, həmin müqəddəs bayraqdakı rənglərdən biri olan yaşıl rəng İslam dininin simvoludur, Azərbaycan türklərinin islam mədəniyyətinin daşıyıcısı olduğunu əks etdirir. Biz isə İran adlanan xalqlar həbsxanasının, zülm zindanının bayrağını yandırmadıq, ayaqlar altına atmadıq. Çünki o bayraqda Allah sözü əks olunub. Azərbaycanın müqəddəs bayrağı on minlərlə şəhidin qanıyla suvarılıb! Bu bayrağı köksünə basan yüz minlərlə igidimiz "YAŞASIN AZƏRBAYCAN!" sədaları altında farsların qardaş dediyi kafir ermənilərin düşmən süngülərinə, güllələrinə mərdanəliklə sinə gəriblər! O bayrağı başı üzərinə qaldıran qəhrəmanlar on minlərlə müsəlman qadınının namusunu kafir təcavüzündən qoruyublar! Müsəlman Şərqini öz nüfuz dairələrində, əzilmiş, alçaldılmış, aşağılanmış şəkildə saxlamaq istəyən, İslam dünyasını mövhumatın, xurafatın əsarətinə salmaqla öz maraqlarını təmin etməyə çalışan imperiyalara qarşı ideoloji savaş açıblar. Müsəlmanların dünyaya daha açıq gözlə - elmin, mədəniyyətin gözü ilə baxmaları üçün nəhəng və heç zaman iflasa uğramayacaq bir məktəbin əsasını qoyublar!

Bu gün İran-Azərbaycan münasibətlərinin belə davam edəcəyini proqramlaşdırmaq çətindir. Təbii ki, bu münasibətlər İrandakı daxili proseslərdən də asılı olacaq. Bununla belə, gərginlik deyil, əməkdaşlıq xəttinin inkişafı hər iki tərəfin faydasınadır.

Nurəngiz ADİLQIZI,

"Respublika".