Mənfur düşmənlərin gerçək üzü, nasist xisləti
Digər xəbərlər

Mənfur düşmənlərin gerçək üzü, nasist xisləti

Ölkəmiz regionda sülhün, əmin-amanlığın, bu istiqamətdə nəzərdə tutulan təşəbbüslərin ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduğunu nümayiş etdirir. Düşmən ölkə uzun illər davam edən işğal zamanı təcavüzkar siyasət yürüdüb, bunun nəticəsində şəhər və kəndlərimizi tamamilə dağıdıb, xalqımıza məxsus daşınmaz tarix və mədəniyyət abidələrini yerlə bir edib. Erməni cəmiyyətinin faşizmə meyillənməsi halları mütəmadi olaraq müşahidə edilir. Onların müasir dövrümüzdə Xocalı, Malıbəyli, Kərkicahan və onlarla digər şəhər, qəsəbə və kəndlərimizdə törətdikləri qətliamlar faşistlərin qəddarlığından daha betər olub.

Bir əsrdən çoxdur ki, Ermənistan Türkiyəni "erməni soyqırımı" ilə şantaj edir, son illərdə isə Türkiyənin və Azərbaycanın hərbi-siyasi xadimlərinə, diplomatlarına qarşı həyata keçirdiyi terror aktlarına haqq qazandırır, bundan bəhs edən yazıları dərsliklərə salır, terrorçulara abidə qoyurlar. Aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Nemezis" terror əməliyyatına həsr olunmuş abidənin açılışı olub. Azərbaycan və Türkiyə Xarici İşlər Nazirliyi İrəvanda "Nemezis" abidənin açılışını pisləyib, 1920-ci illərin əvvəllərində Osmanlı imperiyasının siyasi və hərbi rəhbərlərinin, eləcə də o dövrün Azərbaycan rəsmilərinin və hətta Osmanlı imperiyasının bəzi erməni əsilli vətəndaşlarının qətlini törədənlərə həsr olunmuş "Nemezis abidəsi"nin açılışına qarşı çıxıb.

Azərbaycanın və Türkiyənin nüfuzlu dövlət xadimlərinə sui-qəsdlər təşkil etmiş, onları terrora məruz qoymuş "Nemezis"ə abidə qoyulması göstərir ki, Ermənistan sülh niyyətində deyil və normal münasibətlərin qurulmasını istəmir. Ermənistanın terrorçuluğa meyil etməsinə, rəsmi dəstək verməsinə təkcə Azərbaycan və Türkiyə qarşı çıxmalı deyil. Biz onsuz da illərdir erməni terroruna, vandalizminə qarşı mübarizə aparırıq, bundan sonra da aparacağıq. Ancaq dünya da erməni terroruna qarşı səsini çıxarmalıdır. Azərbaycan-Türkiyə birliyi erməniləri yenidən terrora əl atmaqdan çəkindirir. Ermənistan anlamalıdır ki, "Nemezis" kimi təşkilatlara rəğbət göstərmək birbaşa ermənilərin öz ziyanınadır. Tarix boyu radikal erməni qrupları tərəfindən törədilən terrorçuluğun Ermənistanda dövlət səviyyəsində dəstəklənməsi beynəlxalq aləmdə qətiyyətlə qınanmalı, bölgədə sülh və əmin-amanlığın təmin edilməsi üçün Ermənistanın terrorçuluq siyasətinə son qoyulmalıdır. Erməni terrorizmi, ekstremizmi, aqressiv separatizmi və irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinə qarşı birmənalı və ikili standartlardan kənar şəkildə qəti mübarizə aparılmalıdır. Ermənistanın bu cür addımları, bu ölkənin Azərbaycan və Türkiyə ilə davam edən normallaşma danışıqları ilə bağlı iddia etdiyi "səmimiyyətini" ciddi sual altına qoyur.

Azərbaycan Demokratik Respublikası və Osmanlı dövlət xadimlərini hədəf alan "Nemezis" terror əməliyyatı zamanı Osmanlı dövlətinin rəsmi şəxsləri ilə yanaşı, 1920-1922-ci illərdə Azərbaycanın keçmiş baş naziri Fətəli xan Xoyski, parlamentin sədr müavini Həsən bəy Ağayev, daxili işlər naziri Behbud xan Cavanşir, Baş nazir Nəsib bəy Yusifbəyli qətlə yetiriliblər. 19 iyul 1921-ci il tarixdə İstanbulda Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir də öldürülüb. 15 mart 1921-ci ildə Berlin şəhərində Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt Paşa, sədr-əzəm Səid Hilmi Paşa, hərbi dəniz qüvvələri naziri Camal paşa, Trabzon valisi Camal Əzim və "Təşkilati Məxsusə"nin yaradıcısı Bahəddin Şakir və bir sıra digər dövlət əhəmiyyətli şəxslər də qətlə yetirilib. "Nemezis" əməliyyatı zamanı hətta bu əməliyyatla bağlı məlumat sızdıran ermənilər belə xalq düşməni elan olunaraq təqib edilib və ən ağır şəkildə cəzalandırılıblar.  ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədərək 31 türk diplomatını qətlə yetiriblər. 1980-ci illərin sonundan etibarən Ermənistan tərəfindən Azərbaycanda 30-a yaxın genişmiqyaslı terrorçuluq aktları törədilib.

Ermənilərdə əsl qəhrəmanlar olmayıb, bundan sonra da olmayacaq. Haylarda hər zaman insanları haqsız yerə öldürən terrorçu ünsürlərdən başqa ortalığa çıxarıla biləcək xalq qəhrəmanları mövcud deyil. Ona görə də faşist Almaniyasına satılan, bütün insanlıq dəyərlərini ayaq altına atan insanları qəhrəmanlaşdırır və onlara abidə qoyurlar. Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda türkiyəli siyasətçiləri öldürmüş erməni terrorçulara abidə ucaldılmasına görə Türkiyənin Ermənistan üçün hava məkanını bağlamasına münasibət bildirib. O deyib ki, Türkiyənin hava məkanını bağlaması Ankaranın deyil, İrəvanın problemidir: "Nemezis" terror hərəkatına, o cümlədən faşist Qaregin Njdeyə abidə qoyulması yanlış idi. Bu cür abidələr ölkələr arasında münasibətlərə təsir edir". Paşinyan abidənin ucaldılması zamanı hökumətin buna etiraz edəcəyi təqdirdə satqınlıqda ittiham olunacağından çəkindiyini bildirib. Paşinyan guya ölkəsində demokratiyanın hökm sürdüyünü əsas gətirərək abidənin qoyulmasına mane ola bilmədiyini qeyri-səmimi şəkildə bəyan edib. Amma terrorçuluğu heç bir halda müdafiə etmək olmaz. Bu, beynəlxalq hüquq nöqteyi-nəzərdən düzgün deyil və ciddi şəkildə qınanılır. Əgər Ermənistanda bunu başa düşmürlərsə və terrorçuya abidə qoyulmasını özlərinin daxili işləri sayırlarsa, o zaman ciddi səhvə yol verirlər. Türkiyə rəsmiləri bu abidənin götürülməsi ilə bağlı sərt bəyanatlar səsləndirərək Ermənistan hökuməti qarşısında tələblər irəli sürüblər. Hətta abidə götürülməyəcəyi təqdirdə Ermənistan və Türkiyə münasibətlərinin normallaşmasının mümkün olmayacağı da vurğulanıb.

İşğalçı Ermənistan  varlığı dövründə hər zaman faşizm ənənələrinə sadiq qalıb. Onlar yalnız Azərbaycana deyil, digər ölkələrə qarşı da daim torpaq iddiası ilə çıxış edib, saysız-hesabsız terror aktları törədib, soyğunçu, talançı əməllərdən çəkinməyib. Ermənistan Njde ləqəbi ilə alman faşistlərinə xidmət edən, cəllad və satqın kimi tanınan Qaregin Ter-Arutyunyanı, qatı cinayətkar Dro adlandırılan Drastamat Kanayanı milli qəhrəman kimi dünyaya təqdim etmək üçün dəridən-qabıqdan çıxıb. Azərbaycanlılara qarşı Xocalı soyqırımının törədilməsində ASALA və onun alt qolları olan "Arabo" və "Aramo" terrorçu qruplarının yaxından iştirak etməsi məlumdur. Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın Ermənistanda qəhrəmanlaşdırılması, Ermənistanda nasizmin təbliğinin dövlət siyasətinin tərkib hissəsi olması, SS generalı Njde Qaregin və "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayanın "milli qəhrəman" kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi və "Njdeizmin" təbliğatı Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir.

Ermənistan öz faşist, barbar, məkrli əməllərini qondarma qanunlarının arxasında gizlətməyə çalışsa da, onların Azərbaycanafob, islamafob münasibətləri açıq-aydın görünür. Hazırkı Ermənistan hakimiyyəti əvvəlki sələflərinin neonasizm kursuna sadiqdir. Bunu Ermənistanın hər yerində faşist Almaniyasına xidmət etmiş Qaregin Njdenin 26 abidəsinin olması faktı da təsdiq edir. Ermənistan hakimiyyətinin əsasında başqa dövlətlərə qarşı ərazi iddiaları, irqi ayrı-seçkilik dayanır. Təəssüf ki, bu gün Ermənistanda nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin və irqçiliyin müasir formalarının yayılması, irqi ayrı-seçkilik, ksenofobiya dövlət siyasətinin əsasında dayanır. Görünən odur ki, Ermənistan törətdiyi əməllərlə faşist, terror dövlətidir.

Mustafa KAMAL,

"Respublika".