Axta rayonu Dərəçiçək mahalının bir parçası idi
Digər xəbərlər

Axta rayonu Dərəçiçək mahalının bir parçası idi

Millətçi ermənilər son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmiş, xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində Qərbi azərbaycanlılar min illər boyu yaşadıqları tarixi-etnik torpaqlarından didərgin salınmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

Bəli, Ermənistan dövlətinin ideologiyası faşizm üzərində qurulmuşdur. Erməni daşnakları ayrı-ayrı dövrlərdə Qərbi Azərbaycanın Dərəçiçək mahalının Axta (keçmiş Hrazdan) rayonunda soydaşlarımıza qarşı analoqu olmayan terror hadisələri törətmiş, bu vəhşiliklər Stepan Şaumyanın, Andranikin, Dronun və digər türk xalqlarının qatı düşməni olan millətçi hayların göstərişi ilə həyata keçirilmişdir. 1918-ci ilin mart ayında erməni şovinistləri tərəfindən Qərbi Azərbaycanın digər əraziləri kimi, Dərəçiçək mahalının Axta rayonu odlara qalanmış, qadınlar, qocalar, körpə uşaqlar qəddarlıqla qətlə yetirilmişdir.

Axta (Hrazdan) rayonu Göyçə gölünün yaxınlığında, İrəvan şəhərindən 50 kilometr uzaqlıqda yerləşirdi. Rayonun mərkəzindən İrəvan - Yelenovka (Sevan) dəmiryol xətti keçirdi. Rayon mərkəzi Zəngi çayının sahilində idi.

Rayon "İrəvan əyalətinin icmal dəftəri"ndə Axtu, Qafqazın 5 verstlik xəritəsində isə Axta kimi qeyd edilmişdir. Toponim Oğuz tayfası olan pandarların bir qolunu təşkil edən axta etnonimi əsasında formalaşmışdır. Rayonun ərazisi 1828-ci ilə kimi İrəvan xanlığının Dərələyəz mahalının, 1828-1918-ci illərdə İrəvan Quberniyasının Yeni Bayazid, 1920-1930-cu illərdə Ermənistan SSR-in Nor Bayazid qəzasının tərkibində olmuşdur.

Axta rayonunun ərazisində qədimdən türklər (azərbaycanlılar) yaşamışlar. XIX əsrin 20-30-cu illərində və ondan sonrakı dövrlərdə rayonda İrandan və Türkiyədən gələn ermənilərin sayı artmış, bundan sonra azərbaycanlıların qara günləri başlamışdır.

1931-ci ilin məlumatına görə, Axta rayonunda 36 azərbaycanlı kəndi olmuşdur. Bu yerin sakinləri yay aylarında Göyçə gölünün sahillərinə səfər edərdilər. Erməni daşnaklarının vəhşiliyi ucbatından 1918-1920-ci illərdə Axta rayonunun ayrı-ayrı kəndlərində yaşayan azərbaycanlılar məcburən ata-baba yurdlarını tərk edərək Türkiyə, Gürcüstan və digər ərazilərə üz tutmuşlar.

1948-1953-cü illərdə Qərbi Azərbaycandakı soydaşlarımız növbəti deportasiyaya məruz qalmışlar. Ermənilərin bu qurğusu Axtadakı azərbaycanlılardan da yan keçməmişdir. Rayonun müsəlman əhalisi İ.Stalinin, Molotovun və digər ermənipərəst rəhbərlərin xəyanəti ucbatından öz ata-baba yurdlarını məcburən tərk etmişlər.

Axta rayonu Aşağı Zəngi çayının sahilində yerləşirdi. Burada kimya, mədən, iripanelli evtikmə və soyuducu kombinatları, tikiş fabriki, süd və pivə zavodları, Elektrik Stansiyası, İstilik Elektrik Stansiyası, Sənaye-Texnoloji Texnikumu fəaliyyət göstərirdi.

XX əsrin 80-ci illərində ermənilər Qərbi azərbaycanlılara siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdılar. Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasəti özünün siyasi-hüquqi qiymətini almadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilər sovet rejimindən bəhrələnərək 1988-ci ildə qondarma Dağlıq Qarabağ məsələsini ortaya atdılar. Ermənistandakı soydaşlarımız yenidən deportasiyaya məruz qaldılar. Qara buludlar Axta rayonunun da başının üstünü aldı. 10-15 günün içində erməni xəyanəti sayəsində azərbaycanlılar məcburən öz ata-baba torpaqlarından ayrılmalı oldular, ev-eşikləri dağıdıldı, yurdlarına od vuruldu.

Tarix göstərir ki, Qərbi azərbaycanlıların torpaqları hesabına "böyük Ermənistan" yaratmaq üçün azərbaycanlıların soyqırımını törətmək faşist xislətli hayların uzunmüddətli çirkin, azğın milli məqsədi olmuşdur. Artıq 35 ildir ki, Axta sakinləri öz ata-baba torpaqlarından ayrı düşmüşlər. İnsanlar vətən, torpaq həsrəti ilə yaşayırlar. Onlar əmindirlər ki, bir vaxtlar İrəvanı özlərinə paytaxt edən ermənilərin başına "dəmir yumruq" endiriləcək, axtalılar doğma yurdlarına dönəcəklər...

Qədir ASLAN,

"Respublika"