CEPEJ-in 41-ci Plenar iclası
Digər xəbərlər

CEPEJ-in 41-ci Plenar iclası

Dekabrın 4 və 5-də Fransanın Strasburq şəhərində Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 41-ci Plenar iclası keçirilib. İclasda Azərbaycanı Bakı Apellyasiya Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Mübariz Əkbərov təmsil edib.

Bakı Apellyasiya Məhkəməsindən verilən məlumatda bildirilir ki, iclasın gündəliyinə süni intellektin tətbiqinin ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsinə təsiri və imkanları (Avropa ölkələrinin təcrübəsinə istinadən, konkret misallar göstərilməklə), süni intellekt vasitəsilə məhkəmə qərarlarının anonimləşdirilməsi, mübahisələrin məhkəmədənkənar alternativ həlli, o cümlədən onlayn mediasiya, hakimlərin iş keyfiyyəti əmsallarının artırılmasının praktiki yolları və ümumən müasir çağırışlara uyğun məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi baxımından prioritet kimi görünən məsələlər daxil edilib.

Plenar iclasda ayrı-ayrı mövzular üzrə CEPEJ-in işçi qruplarının, habelə "Ədalət mühakiməsinin kristal tərəzisi" ("Crystal scale of justice") mükafatının nominantlarının təqdimatları dinlənilib.

Cari ilin iyun ayından etibarən üzv dövlətlərdə məhkəmə-hüquq sahəsində yer almış diqqətəlayiq islahatlara həsr edilmiş sessiya zamanı Mübariz Əkbərov çıxış edərək, Azərbaycanın məhkəmə-hüquq sistemində aparılmış son institusional və qanunvericilik islahatları haqqında məlumat verib. M.Əkbərov bildirib ki, məhkəmə hakimiyyətinin institusional müstəqilliyinin artırılması məqsədilə "Məhkəmə-Hüquq Şurası haqqında" və "Məhkəmələr və hakimlər haqqında" qanunlara mühüm dəyişikliklər edilib. 9 iyun 2023-cü il tarixli yeni qanuna əsasən, Şuranın formalaşdırılması qaydaları beynəlxalq təcrübə, o cümlədən Avropa Hakimlərinin Məşvərətçi Şurasının (CCJE) və Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Dövlətlər Qrupunun (GRECO) Azərbaycanla bağlı muvafiq tövsiyələri nəzərə alınmaqla təkmilləşdirilib. Bu dəyişikliklərə əsasən, hakimlərin konfransında açıq səsvermə yolu ilə Şuranın yeni tərkibinin formalaşdırıldığı bildirilib.

Plenar iclasın gündəliyi 2024-cü ilin tədbirlər planının müzakirəsi ilə yekunlaşıb.

“Respublika”.