Meliorasiya: Qrunt sular torpaqlardan kənarlaşdırılır
İQTİSADİYYAT

Meliorasiya: Qrunt sular torpaqlardan kənarlaşdırılır

Ölkəmizin əsas əkinçilik bölgələrindən sayılan Mərkəzi Aranda kənd təsərrüfatında yüksək məhsuldarlıq əldə etmək üçün qrunt sular torpaqlardan kənarlaşdırılmalıdır. Yalnız əkin sahələri qrunt, şor sulardan təmizləndikdən sonra yüksək məhsuldarlıqdan söhbət açmaq olar və bu çətin vəzifə meliorasiya qurumlarının üzərinə düşür.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, 1994-cü ildə təşkil edilən Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin ​ ​yaradılmasında əsas məqsəd Mil-Qarabağ və Muğan – Salyan düzlərinin suvarılan torpaqlarından sızan qrunt, sel və məişət sularının Baş Mil-Muğan Kollektoru vasitəsilə maneəsiz, enerji sərf etmədən öz axını ilə Xəzər dənizinə axıtmaqdır. ​ Kollektor ümummilli lider Heydər Əliyevin təşəbbüsü və səyi ilə Azərbaycanda zamanında həyata keçirilən çox mühüm meliorasiya obyektlərindəndir. Hazırda Baş Mil-Muğan Kollektorunun 140 kilometrlik hissəsi, 16​ km kollektorun qolu, 38 km kollektor, 8 km sağ sahil kollektoru, 21 km-ə yaxın OD kollektoru və başqaları istismar olunur.​ Ərazilərin şoranlaşmasının qarşısının alınması və yenidən əkinə qaytarılması istiqamətində​ idarə tərəfindən nasos stansiyalarının tikintisi davam edir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi tərəfindən kollektorlarla Xəzər dənizinə ötən il 1555 min kubmetr minerallaşmış sel və qrunt suları axıdılıb. Axıdılan duzun miqdarı isə 7817 ton olub. İdarənin balansında olan nasoslarla 4171 min kubmetr su​ vurulub. Ötən 2021–ci ildə​ 51 ədəd hidrotexniki qurğu cari və 3 ədəd hidrotexniki qurğu isə əsaslı təmir olunub. 199 km-ə yaxın təsərrüfatlararası və təsərrüfatdaxili kollektor-dren şəbəkəsi lildən təmizlənib. Hazırda bu işlər plana uyğun olaraq davam etdirilir.

​Qeyd edək ki, Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi Salyan, Sabirabad, Neftçala və Saatlı rayonlarına xidmət edir. BMMK-ın ümumi uzunluğu 140 km-dir. Onun da 22 km-i Salyan, 63 km-i Saatlı, 18 km-i Sabirabad, 37 km-i isə Neftçala rayonlarının ərazisinə düşür.

Nəriman CAVADOV,

“Respublika”.