Media Reyestrinin tətbiqinə başlanılıb
Digər xəbərlər

Media Reyestrinin tətbiqinə başlanılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il dekabrın 30-da təsdiq etdiyi "Media haqqında" Azərbaycan Respublikasının Qanunu 2022-ci il fevralın 9-da ölkənin kütləvi informasiya vasitələrində yayımlandı və bununla da 147 illik professional Azərbaycan jurnalistikasının fəaliyyətində rəsmi surətdə yeni dövr başlandı.

Media haqqında yeni qanunun hazırlanması və qəbulunun zəruriliyi bir sıra amillərlə bağlı idi. Çağdaş dünyanın qloballaşması, sürətlə yayılan informasiyanın aparıcı trendlərindən birinə çevrilməsi ənənəvi medianın nəzəri xarakterini və praktik fəaliyyətini əsaslı surətdə dəyişdirib yeniləşdirdiyindən bu gerçəklik kütləvi informasiya vasitələrinin fəaliyyətini nizamlayıcı dövlət siyasətində və hüquqi-normativ sənədlərdə də müvafiq təfsirini və təsbitini də tələb edirdi. Digər tərəfdən, cəmiyyətin hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu çağdaş dövrdə ölkənin KİV sferasında da yeniləşmə və təkmilləşməyə də tələbat yaranmışdı. Media haqqında yeni qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və növbəti mərhələ deməkdir. Qanunun hazırlanmasında əsas məqsəd media sahəsində sistemləşmənin təşkil olunması, bunun üçün də media reyestrinin formalaşdırılmasıdır. Söhbət təbii ki, media subyektlərinin reyestrindən gedir. Media subyektlərinin reyestri demək olar ki, əvvəllər də Azərbaycanda mövcud olmuş çap mediasının uçotunun aparılması qaydasındakı vəziyyətlə eynilik təşkil edir. Sadəcə, fərq ondan ibarətdir ki, yeni qanun layihəsində nəinki çap mediası, eyni zamanda audiovizual və onlayn media subyektləri də eyni qaydada reyestrdə qeydiyyatdan keçməlidir.

Medianın İnkişafı Agentliyinin Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənli mətbuata açıqlamasında Azərbaycan jurnalistikasının həyatındakı bu yeniliyin necə fəaliyət göstərəcəyinə aydınlıq gətirib. O bildirib ki, Nazirlər Kabinetinin "Jurnalist vəsiqəsinin forması"nın və "Jurnalist vəsiqəsinin verilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası"nın təsdiq edilməsi haqqında" qərarın qəbul edilməsi ilə hüquqi təminatın yaradılması istiqamətində verilmiş tapşırıqların icrası yekunlaşıb.

Media Reyestri xidmətinin rəhbəri onu da qeyd edib ki, Media Reyestri istifadəyə verildikdən sonra həm media subyektləri, həm də jurnalistlər müvafiq qaydalara uyğun olaraq müraciətlərini formalaşdıra biləcəklər. "Media haqqında" Qanunun və "Media Reyestrinin aparılması Qaydaları"nın tələblərinə əsasən, jurnalistin reyestrə daxil edilməsi üçün şərtlərdən biri onun əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi bağladığı media subyektinin Media Reyestrində olmasıdır. Yəni jurnalist reyestrə müraciət edənə qədər artıq onun işlədiyi və ya əməkdaşlıq etdiyi media subyekti Media Reyestri şəhadətnaməsini əldə etməlidir.

Jurnalistin Media Reyestrinə düşməsi üçün tələb olunan şərtlərə açıqlama verən xidmət rəhbəri deyib ki, bu tələblər "Media haqqında" Qanunun 74.2-ci maddəsində öz əksini tapıb. "Media Reyestrinin aparılması Qaydaları"nın 6.6-cı bəndində Reyestrə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin reyestrə daxil edilməsindən hansı hallarda imtina olunacağı da təsbit olunub. O, həmçinin deyib ki, media subyektləri əməkdaşlarına öz redaksiya vəsiqələrini verməkdə sərbəstdirlər. Jurnalistlər Media Reyestrinə daxil edilmədən və müvafiq vəsiqəni almadan da fəaliyyətlərini maneəsiz, qanunla müəyyən edilmiş bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə biləcəklər. Jurnalist vəsiqəsinin forma və ölçüsü barədə məlumat verən xidmət rəhbəri onun etibarlılıq müddətinin 3 il olduğunu, jurnalistin bu müddət bitdiyi gündən ən geci 3 iş günündə həmin vəsiqəni Media Agentliyinə təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququ qazandığını da vurğulayıb.

Media Reyestrinin fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir.

Zümrüd QURBANQIZI,

"Respublika".