Macarıstanlı ekspert: Avropa İttifaqı gec də olsa, öz səhvini başa düşdü
MÜSAHİBƏLƏR

Macarıstanlı ekspert: Avropa İttifaqı gec də olsa, öz səhvini başa düşdü

Hazırda həm Macarıstana, həm də Qərbi Avropa istehlakçılarına enerji resurslarının tədarükçüsü kimi Xəzərdə enerji mənbələri arasında tranzit ölkə qismində Azərbaycan mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bunu macarıstanlı politoloq, regional və energetika məsələləri üzrə ekspert Atilla Xarqitai AZƏRTAC-a müsahibəsində bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfərinin yekunlarını yüksək qiymətləndirən politoloq deyib: "İki ölkə Brüssel tərəfindən onların rolunun qiymətləndirilməsində uzun məsafə qət edib. Heç də asan olmayan bu yol əsassız tənqidlərlə dolu olub, bir tərəfdən Avropa İttifaqının şərq hüdudlarında gizli qalan risk və təhlükələri hələ aydın təsəvvür etməyən, digər tərəfdən Macarıstan və Azərbaycanın potensialını, xoş məramını görməyən Avropa Komissiyasında və Avropa Parlamentində ölkələrimizə mane olmaq istəyən qüvvələrin çoxsaylı əngəlləri ilə üzləşib.

İndi onlar üçün "bar verən ağac"ı kəsmək zamanı deyil. Gec də olsa, onlar bunu başa düşüblər. Hazırda Avropa Komissiyasının başçısı özü hər vəchlə Brüsselin ölkələrimizə dəstəyini nümayiş etdirmək üçün tam gücü ilə Bakıya və Buxarestə can atır. Bəzi məlumatlara görə, o, biri gün yenidən Bakıya gedəcək".

O, həmçinin Balkan ölkələrində və Mərkəzi Avropada mövcud şəbəkələrin ötürmə qabiliyyətinin artırılması məqsədilə modernləşməsinə maliyyə vəsaitinin ayrılması ilə bağlı bütün şübhələri istisna edib. "Bir vaxtlar Avropa İttifaqı NABUKKO-nun maliyyələşməsində xəsisliyə yol verdi. Lakin indi həyat özü ona korafəhmlik nəticəsində itirdiyini xatırladıb", - deyə Xarqitai diqqətə çatdırıb.