Lələtəpədən Murova
Digər xəbərlər

Lələtəpədən Murova

Strateji yüksəkliklər, həlledici məqamlar

Lələtəpə yüksəkliyi... Son yeddi ildə dilimizin əzbərinə çevrilib bu söz. Müharibədən, uğurlarımızdan, möhtəşəm qələbəmizdən danışanda hökmən Aprel döyüşlərini yada salır, 4 günlük müharibədə azad edilmiş ərazidən, strateji əhəmiyyətli yüksəkliklərdən, onların əhəmiyyətindən söz salırıq. Axı, böyük qələbəyə gedən döyüş yolu məhz buradan başlamışdı.

2016-cı il aprelin 1-də erməni qoşunları Azərbaycan mövqelərini, eləcə də arxa cəbhədə yerləşən yaşayış məntəqələrini intensiv artilleriya atəşinə məruz qoymuş, dinc əhali arasında tələfat olmuşdu. Azərbaycan Ordusunun komandanlığı əks-hücum əməliyyatının aparılmasına qərar vermişdi. Məqsəd düşmənin atəş nöqtələrini susdurmaq və onu mülki əhali üçün təhlükəsiz məsafəyə çəkilməyə məcbur etmək idi.

Azərbaycan Ordusunun əməliyyat üstünlüyünü neytrallaşdırmağa cəhd göstərən erməni komandanlığı işğal altındakı Ağdərə şəhəri və Madagiz kəndi (indiki Suqovuşan) yaxınlığında yerləşdirilmiş hissələrin köməyilə hücuma keçdi. Lakin hücum dəf edildi. Düşmən 300 nəfərdən çox itki verdi. Cəbhənin şimal-şərq istiqamətindəki Seysulan kəndi, Talış kəndi ətrafındakı, cənubda isə Horadiz şəhəri yaxınlığındakı strateji yüksəkliklər, həmçinin Lələtəpə yüksəkliyi azad edildi. Ermənistan tərəfindən daim atəşə tutulan Cocuq Mərcanlı kəndi dinc yaşayış imkanı qazandı. Bir az sonra azad edilmiş ərazilərdə quruculuq işlərinə başlanıldı, burada 100 ev və məktəb tikildi, su, qaz təchizatı bərpa edildi, Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa məscidinə bənzəyən məscid ucaldıldı. Cocuq Mərcanlı Qarabağın azadlığının başlanğıcının rəmzinə çevrildi.

2018-ci il 20 may. Ermənistan tərəfinin növbəti təxribatı. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda baş vermiş atışma zamanı ordumuzun hərbi qulluqçusu həlak oldu. Silahlı təxribat Nikol Paşinyan Ermənistanın baş naziri seçildikdən bir neçə gün sonra törədildi. Bundan əvvəl Qarabağ probleminin ATƏT-in keçmiş Minsk qrupunun təklifləri əsasında həllini dəstəkləyən Paşinyan artıq Azərbaycanın işğal altında olan ərazilərinin Ermənistana birləşdirilməsinin qızğın tərəfdarına çevrildi və dərhal yaxşı dərs aldı. Ermənistan silahlı qüvvələri birləşmələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun hissələri Ermənistan tərəfindən 1992-ci ildə işğal olunmuş Günnüt kəndini və bir sıra strateji yüksəklikləri azad etdi. Hərbi ekspertlər bu əməliyyatı "Bakının son xəbərdarlığı" adlandırırdılar.

2020-ci il 12 iyul. Ermənistan silahlı qüvvələri Qarabağdan uzaqda yerləşən Azərbaycanın Tovuz rayonu istiqamətində silahlı qüvvələrimizin mövqelərinə hücum cəhdi göstərdi. Sərhədyanı kəndləri bütün növ silahlardan atəşə tutdu, daha sonra beynəlxalq ixrac boru kəmərlərini ələ keçirmək məqsədilə Azərbaycan ərazisinin 15 kilometr dərinliyinə irəliləməyə cəhd göstərdi. Azərbaycan Ordusu düşmənin bu dəfə də cavabını verdi. İtkilərimiz oldu...

Vətən müharibəsinə isə az qalırdı.

2020-ci il 27 sentyabr. Səhər 06:00. Qarabağ torpaqları o səhər də atəş səsinə "oyandı". Düşmən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Alxanlı, Şükürbəyli və Horadiz şəhəri, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutdu. Mülki əhali arasında ölənlər, yaralananlar oldu, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Təxribata əks-hücumla cavab verildi. Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi, o cümlədən qarşı tərəfin Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsindəki hündürlüklərdə yerləşən postlar darmadağın edilərək bir sıra hakim yüksəkliklər (Camışdağ və Ömər aşırımı) nəzarətə götürüldü. Murovdağ silsiləsindəki Murov zirvəsi də azad edildi.

Müharibədə hər qarış torpağın belə əhəmiyyəti var, ancaq nəzarətə götürülən yüksəkliklərin qələbəyə yaxınlaşmaqda rolu danılmazdır. Çünki hansısa zirvə, yüksəklik qarşı tərəfin mövqelərinə nəzarət etməyə imkan yaradır, əks-həmlələrin uğurla həyata keçirilməsini təmin edir. Elə müharibənin ilk günündən Ordumuzun Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda Bartaz, Sığırt, Şükürataz yüksəkliklərini və daha 5 adsız yüksəkliyi azad etməsi də qələbə üçün zəmin yaratdı.

Ərazi bütövlüyümüzün təmin olunması istiqamətində mübarizə isə davam edir. Ermənistan 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, sülh danışıqlarını uzadır. Qalib ordumuz düşmənin layiqli cavabını verməklə həm də hələ də nəzarətimizdən kənarda qalan əraziləri azad etməkdədir. Məsələn, 2022-ci il avqustun 25-də rus sülhməramlıları bütün region üçün açar rolunu oynayan Laçın dəhlizini - 6 kilometrlik dağ yolu üzərində nəzarəti Azərbaycana təhvil verdi, avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Ordumuzun nəzarətinə keçdi. 2023-cü il aprelin 3-də Azərbaycan Ordusu Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Şuşanın iki kəndinə nəzarəti bərpa etdi, Şuşa rayonunun Allahqulular və Zamanpəyəsi kəndlərinin nəzarətə götürülməsi üçün Ordumuzun bölmələri lokal zəruri tədbirlər gördü.

Erməni təxribatı isə səngimək bilmir, avropalı missionerlərin bölgəyə gəlişi onları yaman həvəsləndirib. Müdriklərimizin dedikləri kimi, bəzən "həvəs elə qursaqda qalır!". Lələtəpədən Murovadək böyük yol qət edib qələbə qazanan Ordumuz həmişə yüksəkliklərdə qərar tutacaq, aşağıdan yuxarıya boylanmaq elə erməninin özünə qalacaq...

Zümrüd QURBANQIZI,

"Respublika".