Kiçik yaşlı yeniyetmə taekvondoçumuz Çingiz Həsənov Avropa birinciliyinin qalibi olub
İdman

Kiçik yaşlı yeniyetmə taekvondoçumuz Çingiz Həsənov Avropa birinciliyinin qalibi olub

Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə yeniyetmələr arasında Avropa birinciliyində idmançılarımız uğur qazanıblar.

AZƏRTAC xəbər verir ki, “Əli-Mehdi” taekvondo klubunun yetirməsi Çingiz Həsənov (36 kq) rəqiblərinə şans verməyərək yarışın qızıl medalına sahib olub. Qarşılaşmalarda böyük əzmkarlıq nümayiş etdirən Ç.Həsənov İrlandiya, Almaniya, Belarus təmsilçilərindən üstün olaraq fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Kiçik yaşlı yeniyetmələrdən ibarət komandanın baş məşqçisi İlkin Şahbazov Azərbaycanın üç təmsilçisinin bu yarışda mübarizə apardığını, onlardan ikisinin finala vəsiqə qazanmasının yaxşı nəticə olduğunu bildirib: “Çingiz Həsənov perspektivli taekvondoçudur və qızıl medal onun üçün çox böyük uğurdur. Bir məşqçi kimi qürur hissi keçirirəm ki, yetirmələrimiz ümidləri doğruldur, Azərbaycan bayrağını yüksəltmək, dövlət himnimizi səsləndirmək üçün idman arenalarında böyük qəhrəmanlıqlar göstərirlər. Pandemiyanın hökm sürdüyü çətin vəziyyətdə bütün imkanlardan istifadə edib yarışa ciddi hazırlaşmışdıq. Komanda üzvlərinin yarış təcrübəsi az idi. Çünki onlar artıq bir ildən çoxdur ki, heç bir yarışda iştirak etməyiblər. Amma buna baxmayaraq potensiallarından tam istifadə edərək uğurla çıxış etdilər”.

Ç.Həsənovun şəxsi məşqçisi, “Əli-Mehdi” taekvondo klubunun direktoru Zöhrab İsmayılov yetirməsinin indiyədək Gürcüstan və İranda keçirilən beynəlxalq yarışlarda, eləcə də, ölkəmizdə təşkil olunan bir sıra turnirlərdə yüksək nəticələrə imza atdığını deyib: “Çingiz Həsənovun taekvondoya marağı böyükdür. Əzmkarlığı, qətiyyəti ilə xüsusilə diqqət çəkir, öz üzərində yorulmadan çalışır. Əminəm ki, onun uğurları davamlı olacaq”.

Qeyd edək ki, kiçik yaşlı yeniyetmələrin yarışında bu, artıq ikinci medaldır. Belə ki, “Ümid” taekvondo klubunun yetirməsi olan Sabir Məmmədli (27 kq) yarışda gümüş medal qazanıb.

AZƏRTAC