Kəlbəcər: 20 Yanvar şəhidi Cabbarov Firuz Vəli oğlunun ailəsi ziyarət olunub
Region

Kəlbəcər: 20 Yanvar şəhidi Cabbarov Firuz Vəli oğlunun ailəsi ziyarət olunub

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev  və hüquq-mühafizə orqanlarının rəhbərləri Kəlbəcər rayonundan olan 20 Yanvar şəhidi Cabbarov  Firuz  Vəli oğlunun ailəsini ziyarət edib. Görüşdə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş soydaşlarımızın əziz xatirəsi anılıb, onların qəhrəmanlıq salnaməsindən söz açılıbdır.

Azər Qocayev  20 Yanvar hadisələrinin milli azadlıq hərəkatının zirvəsi olduğunu bildirərək bu hadisələr zamanı şəhid olmuş insanların xalqımızın qəlbində yaşayacağını bildirdi. Rayon rəhbəri qeyd edib ki, 20 Yanvar faciəsi zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı o vaxtkı nümayəndəliyinə gedərək bəyanatla çıxış edib və bu vəhşi hərəkəti təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı amansız cinayət adlandırıb. O, ulu öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin verildiyini və cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 20 Yanvar şəhid ailələrinə və əlillərinə dövlət qayğısının artdığını, onların maddi-məişət şəraitinin, iş və mənzillə təminatının daim yaxşılaşdırıldığını diqqətə çatdırıb. Şəhidin ailəsinə bildirdi ki, bütün şəhidlərimiz kimi, Sizin oğlunuzun da ruhu indi şaddır. Möhtərəm Prezidentimiz İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində ölkəmiz qüdrətlənmiş və düşmənə ağır zərbələr endirərək torpaqlarımızı işğaldan azad etmişdir. Bu qələbə Ali Baş Komandan İlham Əliyevin iradəsi, qətiyyəti, xalqımızın birliyi  və dəmir yumruğu hesabına qazanılmışdır.

Şəhidin atası Cabbarov   Vəli  ailəsi adından onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə  və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib.

Görüşdə ailəni narahat edən problemlər dinlənilmiş və ailəyə maddi yardım edilmişdir.

Zabit XƏLİLOV,

  “Respublika”.