Kainatın rəngləri
Mədəniyyət

Kainatın rəngləri

“Xalq Əmanəti” layihəsi çərçivəsində daha bir sənət incisi təqdim olundu

Azərbaycan mədəni irsinin gələcək nəsillərə ərməğan edilməsi, mənəvi dəyərlərimizin beynəlxalq aləmdə təbliğ olunması missiyasını uğurla həyata keçirən Xalq Bankın “Xalq Əmanəti” layihəsi çərçivəsində mütəmadi olaraq görkəmli ədəbiyyat və incəsənət nümayəndələrimizin yaradıcılığına müraciət olunur, dəyərli sənət korifeylərimizin əsərləri nəfis tərtibatda Azərbaycan, ingilis, rus dillərində nəşr edilərək ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda, eləcə də ölkəmizin xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlara, dünyanın böyük muzey və kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə edilir. 2010-cu ildən bu günədək layihə çərçivəsində xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiq və Hökumə Billurinin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb. Xalq Bankın “Xalq Əmanəti” layihəsinin 24-cü nəşri isə azərbaycanlı rəssam Cahid Camala həsr olunub.

Mayın 3-də Xalq Bankın əsas binasında tanınmış rəssam Cahid Camalın əsərlərindən ibarət yeni nəşrin təqdimat mərasimi keçirildi. Tanınmış incəsənət nümayəndələrinin, sənətsevərlərin iştirakilə baş tutan tədbirdə Rusiya Federasiyasının əməkdar rəssamı, Azərbaycan, Moskva, Monqolustan Rəssamlar İttifaqlarının, eyni zamanda Beynəlxalq Təsviri Sənət Fondunun üzvü Cahid Camalın həyat və yaradıcılığından bəhs olundu. Gecəni giriş sözü ilə açan layihənin rəhbəri Rafiq Həşimov kitabın zəngin mənbə olduğunu, Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınmasında xüsusi rol oynaycağını qeyd etdi. Xalq rəssamı Ömər Eldarov rəssamın yaradıcılığının zəngin mədəniyyətə malik üç ölkə – Azərbaycan, Rusiya və Monqolustan ilə eyni dərəcədə bağlı olduğunu, sənətkarın öz adını hər üç ölkənin XX əsrin ikinci yarısı və XXI əsrin birinci onilliyinin təsviri sənət tarixinə yazdığını vurğuladı.

Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Natiq Əliyev bildirdi ki, Cahid Camal öz əsərlərində Azərbaycanın yalnız şəhər mədəniyyətini deyil, kənd mühitini də göstərməyi bacarıb. Azərbaycanın dili, tarixi, əfsanə və rəvayətləri, təbiəti, musiqisi, memarlığı, xalq tətbiqi sənəti, xalı və tikmələri rəssamın ilham mənbəyinə çevrilib, əsərlərinin süjet və rəng həlli parlaq boyalarda və ornamentlərdə əks olunub.

Xalq rəssamı Arif Hüseynov ilk növbədə daha bir möhtəşəm layihəni uğurla gerçəkləşdirən “Xalq Əmanəti”nin bütün heyətinə minnətdarlığını ifadə etdi. Hələ sağlığında Bakı, Moskva, Dubna, Minsk, Almatı, Kişinyov, Ulan-Bator və Gəncədə sərgiləri təşkil edilən rəssamın əsərlərinin Azərbaycan İncəsənət muzeyi ilə yanaşı, Ulan-Batorun Q.Zanabazar adına Təsviri İncəsənət və Monqol Milli-Tarixi muzeylərində, Sankt-Peterburqda Dövlət Rus Muzeyində, Moskvada Dövlət Şərq Muzeyində, qalereya və şəxsi kolleksiyalarda saxlanıldığını diqqətə çatdırdı. O, çıxışını rəssamın xarici ölkə muzeylərində saxlanılan əsərlərinin Qarabağın yenidən qurulmasından sonra burada fəaliyyət göstərəcək muzeylərə gətirilməsi arzusu ilə bitirdi.

Sənətşünas Qalib Qasımov, xalq rəssamı Səhlab Məmmədov və digər çıxış edənlər rəssamın həyat və yaradıcılığından bəhs etdilər. Qeyd olundu ki,1928-ci ildə Azərbaycanın dilbər guşəsi Qarabağda, Ağdam rayonunun Gülablı kəndində anadan olan Cahid Camal 1945-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmiş, 1946-cı ildə V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutuna daxil olmuş, “dekorçu-rəssam” ixtisası üzrə ali təhsil almışdır. Ali təhsilini başa vurduqdan sonra “Bolşoy Teatr”da iki il ərzində peşəkar təcrübə toplayaraq V.Mayakovski adını teatrda dekorçu-rəssam kimi işə başlamışdır. 1952-ci ildə rəssam Üzeyir Hacıbəylinin Azərbaycan Opera və Balet Teatrında səhnəyə qoyulan “Koroğlu” operası üçün dekorasiya eskizləri çəkmiş, 1958-1961-ci illərdə isə Moskva yaxınlığındakı Elektrostal şəhərinin Xalq Opera Teatrında “Yevgeni Onegin”, “İolanta” tamaşaları üzərində işləmişdir.

Yaradıcılığının böyük və ən parlaq hissəsi Monqolustanla bağlı olan rəssam bu ölkənin tarixinə, təbiətinə-dağlarına, səhralarına, kəndlərinə, insanların həyat tərzinə həsr olunmuş 850 əsərin müəllifidir. Rəssam “Monqol süitası” silsiləsində XX əsr Monqolustanının fərqliliyini, həm qədim, ənənəvi, köçəri həyatı, həm də yeni, çoxmərtəbəli binaların inşa edildiyi şəhərləri təsvir edir, maldar-aratların monqol çöllərindəki atlarını, dəvələrini müasir texnikaya, sürətli maşınlara dəyişdiyindən bəhs edir. Onun “Monqolustan. Qobi” silsiləsi bu baxımdan çox maraqlıdır.

Cahid Camal kitab qrafikası sahəsində də özünü illüstrator-rəssam kimi göstərməyə nail olmuş, “Koroğlu” xalq dastanı, “Molla Nəsrəddinin lətifələri”, C.İkraminin “Od qızı”, X.Qoytisolonun “Elə həmin sözlər”, Namdağın “Həyəcanlı illər” kitablarının bədii tərtibatını vermişdir. Özünü plakatçı-rəssam kimi də sınayan gənc sənətkar bir neçə il “Soyuzmultfilm”də multiplikasiyaçı-rəssam kimi də çalışmışdır.

Yaradıçılığında Şərqlə Qərbi birləşdirməyə müvəffəq olan Cahid Camalın janr, mövzu, üslub və istifadə etdiyi yaradıcılıq texnikasından asılı olmayaraq, hər bir əsərində böyük təcrübə, peşəkarlıq özünü göstərir. Xalqımızın sahib olduğu dəyərləri qorumaq, təbliğ etmək missiyasını yerinə yetirən “Xalq Əmanəti” layihəsinin “Kainatın rəngləri” adlanan 24-cü nəşrində məhz bu meyarlar əsas götürülüb.

Mehparə ƏLİYEVA,

“Respublika”.