Xatirələrdə yaşayan ömür
Region

Xatirələrdə yaşayan ömür

Ötən ilin payızında, Vətən müharibəsinin ən qızğın çağında Ermənistan ordusu Ağdamın keçmiş təmas xəttinə yaxın kəndlərini ağır artilleriyadan davamlı olaraq atəşə tuturdu. Evləri dağılan insanlar, yaralananlar və şəhid olanların valideynləri faciədən doğan göz yaşlarını silərək inamla bildirirdilər ki, ağdamlılar Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşiblər. Ordumuzun uğurları ilə fəxr edirlər.

Vətən müharibəsində yüzlərə ağdamlı iştirak edib. Canını bu torpağa fəda edən, Vətən sevdalı igid oğullardan biri də Yasən Yelmar oğlu Əhmədovdur. Yasən 1974-cü il sentyabr ayının 19-da Ağdamda anadan olub. Atası Yelmar Əhmədov Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşüb. 1993-cü ildə həqiqi hərbi xidmətə başlayan Yasən vaxtilə atasının xidmət etdiyi hərbi hissədə Vətən qarşısında borcunu yerinə yetirib. Nümunəvi xidməti ilə seçilib, hərbi tapşırıqlara layiqincə əməl edib.

1994-cü ildə baş çavuş hərbi rütbəsinə layiq görülən Yasən motoatıcı bölüyün komandiri təyin olunub. 1993-2002-ci illərdə "N" saylı hərbi hissədə müxtəlif vəzifələrdə xidmət edən Yasən Əhmədov 2002-ci ildə ehtiyata buraxılıb. 2004-2006-cı illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı CM-də təsərrüfat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. Tale onu 2006-cı ildə yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qaytarıb. Yasən təyinata əsasən Ağdam rayonunda və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.

Vətənpərvər hərbçi Yasən Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinin ilk günündən döyüşlərə atılıb. Talış qəsəbəsinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Düşmən qüvvələrinə zərbələr vurub, igidlik nümayiş etdirib. Oktyabrın 9-da Talış istiqamətində gedən döyüşləri zamanı ağır yaralanıb və hərbi hospitala aparılıb. Qəhrəman çavuş Yasən 14 gün koma vəziyyətində qalıb. Həyatla ölüm arasında mücadilə edib. Həkimlərin bütün səylərinə baxmayaraq, oktyabrın 23-də şəhid olub. Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Ordusunun baş çavuşu Yasən Əhmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Vətəni, milləti, torpağı ucaldan şəhidlərin əziz xatirəsi heç zaman unudulmayacaq. Şəhidlərin adı əbədiləşdirilir, onların əziz xatirəsinə abidələr ucaldılır, ailələri dövlət tərəfindən himayə edilir, qəhrəmanlıqları tarix kitablarında öz əksini tapır. Təsəllimiz odur ki, şəhidlərin qanı tökülən yerlərdə indi quruculuq işləri başlayıb, şəhərlər və kəndlər yenidən bərpa edilir, işğaldan azad edilən torpaqlara həyat qayıdır.

 Salman ALIOĞLU,

 "Respublika".