Müraciətlərə diqqətlə yanaşılır, problemlər yerindəcə həll olunur
Region

Müraciətlərə diqqətlə yanaşılır, problemlər yerindəcə həll olunur

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 16 nömrəli tam orta məktəbdə sakinlərlə səyyar qəbul-görüş keçirdi. İcra başçısı görüş iştirakçılarını salamladıqdan sonra ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Şəhər icra hakimiyyətinin başçısı çıxış edərək, ölkə rəhbərinin göstərişi ilə bu ilin mart ayından fərdi və səyyar qəbulların bərpa olunduğunu, hər həftə şəhərin müxtəlif ərazilərində vətəndaşlarla görüşlərin təşkil edildiyini bildirdi. 2 il əvvəl dünyada pandemiyanın geniş yayılmasına baxmayaraq, ölkə başçısının düşünülmüş siyasəti nəticəsində respublikamızın koronavirus infeksiyası ilə mübarizədən az itkilər verdiyini, dövlət səviyyəsində dünyaya nümunə ola biləcək addımlar atıldığını xatırlatdı, yenidən yoluxmamaq üçün vətəndaşlara diqqətli və məsuliyyətli olmağı tövsiyə etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Şanlı Zəfərdən söz açaraq, ölkə başçısının səfərbərliklə bağlı çağırışına Şirvanın minlərlə gəncinin böyük ruh yüksəkliyi ilə qoşulduğunu və Qələbənin əldə edilməsində şirvanlı gənclərin də payı olduğunu vurğuladı. İcra başçısı dedi:

- İşğaldan azad edilmiş ərazilərdə sürətli və kompleks şəkildə aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri dövlət başçısının qətiyyətinin və iradəsinin təcəssümüdür. Həmçinin, ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də geniş abadlıq-quruculuq işlərini əhali razılıqla qarşılayır. Qürur yerimiz Şəhidlər xiyabanında ardıcıl aparılan təmir-bərpa işləri müqəddəs məkana, şəhidlərimizin xatirəsinə göstərilən sonsuz diqqət və ehtiramın təcəssümüdür. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı, dövlət səviyyəsində görülən işlər, atılan addımlar vətəndaş məmnunluğunun artmasına, əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət edir.

Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, respublikamızın bütün bölgələrində aparılan abadlıq-quruculuq işləri ilə bərabər, vətəndaşların işsizlik, mənzil, sağlamlıq, pensiya təminatı və digər məsələlərlə bağlı dövlət səviyyəsində gələcəkdə mühüm tədbirlərin nəzərdə tutulduğunu qeyd etdi.

Sonra sakinlərin müraciət və problemləri dinlənildi, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə olundu. Bəzi məsələlər yerindəcə öz həllini tapdı, araşdırılması vaxt tələb edən digər problemlərlə bağlı müvafiq göstərişlər verildi.

Tofiq HÜSEYN,

"Respublika".