İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi davam edir
Digər xəbərlər

İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi davam edir

44 günlük Vətən müharibəsini zəfərlə başa çatdıran Azərbaycan dövlətinin qarşısında duran əsas məsələ keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışıdır. Qələbədən dərhal sonra işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgəsində ərazilərin bərpasına və yenidən qurulmasına başlanılıb və planlı şəkildə, ardıcıllıqla həyata keçirilir. Beynəlxalq hava limanları, xəstəxanalar tikilir, yeni yollar çəkilir, körpülər salınır, yeni yaşayış məntəqələri, məktəblər inşa olunur, həmçinin digər zəruri işlər görülür. Artıq ata-baba yurdlarından illərdi ayrı düşən məcburi köçkünlərimizin doğma yurdlarına qayıdışı prosesi başlayıb. İlk mərhələdə Zəngilan rayonunun Ağalı kəndinin sakinləri doğma yurdlarına qayıdıblar.

Azərbaycanın tarixi qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başa çatmasından xeyli vaxt keçsə də, hərbi qarşıdurmanın əsas elementlərindən biri olan minalanmış sahələrdir ki, burada da gərgin iş aparılır. Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, keçmiş məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini ləngidir. Odur ki, minaların və digər partlamamış silah-sursat qalıqlarının təmizlənməsi ən aktual məsələlərdən biri kimi gündəmdədir.

Bu gün Qarabağda ermənilər tərəfindən basdırılan minaların zərərsizləşdirilməsi prosesi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən uğurla həyata keçirilir. Türkiyə başda olmaqla bir çox ölkələr də bu məsələdə Azərbaycana dəstək olurlar. Ölkə Prezidentinin 2021-ci il 15 yanvar tarixli Fərmanı ilə yaradılan publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin qarşısında yeni strateji hədəflər dayanır. Vətən müharibəsində şanlı ordumuzun qazandığı qələbədən sonra Agentlik işğaldan azad edilmiş və müharibə təsirinə məruz qalmış ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, zərərsizləşdirilməsi, eləcə də bu sahə üzrə icra edilən fəaliyyəti həyata keçirir. Hazırda ANAMA yüksək peşəkar kadr potensialına və müasir maddi-texniki bazaya malikdir. Agentliyin əsas hədəfi işğaldan azad edilən ərazilərin qısa müddət ərzində mina və partlamamış hərbi sursatlardan təmizlənərək yerli icra strukturlarına təhlükəsiz şəkildə təhvil verilməsi, öz torpaqlarından qaçqın və məcburi köçkün düşmüş vətəndaşların doğma yurdlarına qayıtması və həmin ərazilərdə yaşayış, kənd təsərrüfatı və müxtəlif sahələrin yenidən bərpa olunmasına yönəlib. Fəaliyyət illəri ərzində ANAMA ölkə daxilində və xaricində bir sıra layihələr reallaşdırıb.

Sentyabrın 6-da Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə Bakı Ekspo Mərkəzində təşkil olunan və Prezident İlham Əliyevin də iştirak etdiyi IV Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) də fəal iştirak etmişdir. Həmçinin, sərgidə Azərbaycanda hazırlanmış mina aşkarlayan robot da nümayiş olunub. Mina aşkarlayan robot "İmprotex İndustries" şirkəti tərəfindən hazırlanıb. Robot piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. Mina aşkarlayan robot təhlükəsiz zolaq aça, 500 kiloqrama qədər faydalı yük daşıya və yaralıları təxliyə edə bilmək qabiliyyətinə malikdir.

Ölkəmiz bu gün işğaldan azad olunmuş əraziləri minalardan təmizləmək üçün kifayət qədər ciddi addımlar atır. Təbii ki, bu ərazilərin tədricən təmizlənməsində vaxt ilə yanaşı, çoxlu vəsait, kifayət qədər peşəkar mütəxəssis və texniki ehtiyatlar da tələb olunur. Minatəmizləmə işləri əsasən nəqliyyat yollarında, mühüm infrastruktur binalarında, rayon və kəndlərdə aparılır. Əməliyyatların uğurla davam etməsi münaqişənin təsirinə məruz qalmış ərazilərin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək.

 Ərazilərimiz işğaldan azad edildikdən sonra təəssüflər olsun ki, onlarla həm dinc sakin, həm də hərbçilərimiz mina partlayışı nəticəsində həlak olmuşdur. Jurnalistlərimiz də peşə fəaliyyətləri zamanı minanın qurbanı olublar.

"İşğaldan azad olunmuş torpaqlarda 50 min hektardan artıq ərazi minalardan təmizlənib. 60 mindən çox mina və partlamamış silah-sursat isə zərərsizləşdirilib". Bunu Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov bu günlərdə qurumun yeni loqosunun təqdimat mərasimində mətbuata açıqlamasında bildirib. Sədr ölkəmizə minatəmizləmə üçün yeni avadanlıqların da gətirildiyini diqqətə çatdırıb. İşğaldan azad olunmuş bütün ərazilərdə minaların təmizlənməsinə ən innovativ avadanlıqlar cəlb olunub. Onun sözlərinə görə, minalanmış ərazilərin dronlar vasitəsilə kənardan öyrənilməsi prosesi də həyata keçirilir. Laçın şəhəri, Zabux və Sus kəndlərinə sakinlərin qayıtması üçün minatəmizləmə işləri də aparılır.

Hazırda görülən işlər onu deməyə əsas verir ki, ölkəmiz işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə, Qarabağın sürətlə yenidən qurulmasına və bərpasına tezliklə tam nail olacaqdır. Hazırda Qarabağa yeni həyat qayıdır. Odur ki, Qarabağa Qayıdış proqramı Azərbaycan dövləti tərəfindən uğurla həyata keçirilir və bütün proseslər diqqət mərkəzindədir.

M.MİRZƏ,

"Respublika".