İnvestisiya təşviqi sənədi sahibkarlığın inkişafına xidmət edir
İQTİSADİYYAT

 İnvestisiya təşviqi sənədi sahibkarlığın inkişafına xidmət edir

Bu sənədi alanlar əmlak və torpaq vergilərindən, habelə idxal əməliyyatlarında ƏDV-dən 7 il müddətinə azaddırlar

Ölkəmizdə sahibkarlığın inkişafına güclü təkan verən qanun və qərarlar qəbul olunur. İnvestisiya təşviqi sənədinin verilməsi də bu siyasətin növbəti uğurlu addımlarındandır.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq olunmuşdur.

İnvestisiya təşviqi sənədi Qaydanın 3-cü hissəsində göstərilən meyarlara tam cavab verən investisiya layihələrini təqdim etmiş sahibkarlara (hüquqi şəxslərə və fərdi sahibkarlara) İqtisadiyyat Nazirliyi tərəfindən verilir. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.
İnvestisiya təşviqi sənədi investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi,  investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ (bundan sonra - minimal məbləğ) və investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri üzrə Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək meyarlara əsasən verilir

Meyarlar müəyyən edildikdən sonra, onlara uyğun investisiya fəaliyyətini həyata keçirmək istəyən sahibkar investisiya təşviqi sənədini almaq üçün Nazirliyə ərizə ilə müraciət etməlidir (ərizə Nazirliyin Kollegiyası tərəfindən təsdiq edilmiş formaya uyğun tərtib edilməlidir). 

Sahibkarlar ərizə ilə birlikdə Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək meyarlara tam cavab verən investisiya layihəsini (biznes planı), minimal məbləğin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənədi və vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surətini Nazirliyə təqdim etməlidirlər.
Sahibkarlar minimal məbləğin 10 faizi müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulmamışdan əvvəl, layihələrinin təsdiq ediləcək meyarlara uyğunluğunun müəyyən olunması  üçün Nazirliyə müraciət edə bilərlər.

İnvestisiya təşviqi sənədini almaq üçün sahibkarların müraciətlərinə Nazirlik tərəfindən 5 iş günü müddətində baxılır və investisiya layihəsi, təsdiq ediləcək meyarlara tam cavab verdikdə və təqdim edilmiş sənədlərdə çatışmazlıqlar olmadıqda investisiya təşviqi sənədi sahibkarlara verilir.
İnvestisiya təşviqi sənədinə əsasən vergi və gömrük sahəsində güzəştlər, həmin güzəştlərdən istifadənin xüsusiyyətləri Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda 2016-cı ilin 19 yanvar tarixində edilmiş dəyişikliklərə əsasən müəyyən edilmişdir.
 “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 19 yanvar 2016-cı il tarixli 107-VQD nömrəli Qanuna əsasən sahibkarlar investisiya təşviqi sənədi üzrə:
- investisiya təşviqi sənədini aldığı andan 7 il müddətində fərdi sahibkarın gəlirinin, hüquqi şəxsin isə mənfəətinin 50%-i vergidən azaddır;
-  İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında texnika, texnoloji avadanlıq və qurğuların idxalının həyata keçirilməsi 7 il müddətinə ƏDV-dən azaddır;
- investisiya təşviqi sənədini almış sahibkar həmin sənədi aldığı andan müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır;
- investisiya təşviqi sənədini aldığı andan mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.

 “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 19 yanvar 2016-cı il tarixli 106-VQD nömrəli Qanuna əsasən sahibkarlar (hüquqi şəxslər və fərdi sahibkarlar) tərəfindən investisiya təşviqi sənədi üzrə;
- İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə gömrük rüsumlarından azad edilir.

Yeni sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi və yerli sənaye sahələrinə investisiyaların cəlb olunmasının təşviq edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 17 yanvar 2016-cı il tarixli 745 nömrəli, “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 20 aprel 2016-cı il tarixli 877 nömrəli və “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli 878 nömrəli fərmanları ilə investisiya təşviqi mexanizmi yaradılmış, sənaye istehsalı ilə məşğul olan hüquqi şəxs və fərdi sahibkarların vergi və gömrük güzəştləri əldə etməsi üçün əlverişli şərait yaranmışdır.

İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə aiddir:

- mənfəət və ya gəlir vergisinin 50%-dən azadolma;

- torpaq və əmlak vergisindən tam azadolma;

- layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azadolma.

2021-ci ilin 1 aprel tarixinədək 409 sahibkarlıq subyektinə 490 investisiya təşviqi sənədi təqdim edilmişdir. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 4,46 milyard manatdan artıq investisiyanın yatırılacağı, 31,5 mindən çox yeni iş yerinin açılacağı nəzərdə tutulmuşdur.

Eyni zamanda, 2021-ci ilin I rübü ərzində 9 sahibkarlıq subyektinə 9 investisiya təşviqi sənədi təqdim edilmişdir. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 51,1 milyon manat investisiyanın yatırılması və 527 yeni iş yerinin açılması nəzərdə tutulur.

İnvestisiya təşviqi sənədi

İnvestisiya təşviqi sənədi mexanizmi yerli sənaye sahələrinə investisiyaların cəlb olunması və yeni sənaye sahələrinin yaranmasına dəstək məqsədilə yaradılmışdır. Sənəd hüquqi şəxs və fərdi sahibkarlara vergi və gömrük güzəştləri əldə etmək üçün əlverişli şərait yaratmaq vəzifəsi daşıyır.

Sənədi əldə edən sahibkar və qurumlar texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin üstünlüklərindən istifadə edə bilərlər.

Bəs hansı layihələr investisiya təşviqi sənədi ala bilər?

Aşağıdakı meyarlara cavab verən layihələr Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan sənədi ala bilər:

– investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi üzrə uyğun olduqda;

– investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ üzrə uyğun olduqda;

– investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri üzrə uyğun olduqda.

Aşağıdakı iqtisadi fəaliyyət sahələri üzrə investisiya təşviqi sənədi verilir:

– kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması;

– qida məhsullarının xüsusi nəqliyyat vasitələri (refrejerator) ilə daşınması;

– bitkilərin intensiv becərilməsi;

– intensiv bağçılıq, bostançılıq və çayçılıq;

– iribuynuzlu mal-qaranın yetişdirilməsi;

– sənaye üsulu ilə balıq yetişdirilməsi;

– metal filizlərin hasilatı və emalı;

– qida məhsullarının istehsalı;

– içki istehsalı;

– tütün məmulatlarının istehsalı;

– toxuculuq sənayesi məhsullarının istehsalı;

– geyim istehsalı;

– dəri və dəri məmulatları istehsalı;

– ağac emalı və ağacdan məmulatların istehsalı;

– kağız və karton istehsalı;

– təmizlənmiş neft məhsullarının istehsalı sinfindən sürtkü yağlarının istehsalı;

– kimya sənayesi məhsullarının istehsalı;

– əczaçılıq məhsullarının istehsalı;

– rezin və plastmas məmulatların istehsalı;

– tikinti materiallarının istehsalı;

– metallurgiya sənayesi məhsullarının istehsalı;

– maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı;

– kompüter və digər elektron avadanlıqların istehsalı;

– elektrik avadanlıqlarının istehsalı;

– maşın və avadanlıqların istehsalı;

– avtomobil və qoşquların istehsalı;

– sair nəqliyyat vasitələrinin istehsalı;

– zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı;

– alternativ enerji istehsalı.

İnvestisiya layihəsinin ümumi həcmi üçün minimal tələb:

Bakı şəhəri üzrə: minimum 5 milyon manat məbləğdə maşın və avadanlıq istehsalı üzrə layihə

Sumqayıt və Gəncə üzrə: minimum 2 milyon manat

Regionlar və Naxçıvan Muxtar Respublikası üzrə: minimum 0.5 milyon manat

Azərbaycanda investisiya təşviqi sənədi əsasında vergi güzəştləri 5 regional bölgü prinsipi üzrə tətbiq edilir.

Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi üçün investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri 5 region üzrə qruplaşdırılıb.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında 20 aprel 2016-cı il tarixli fərmanında əksini tapıb.

Birinci regiona Bakı şəhəri (Bakıətrafı qəsəbələr istisna olmaqla), ikinci regiona Bakıətrafı qəsəbələr və Abşeron rayonu, üçüncü regiona Sumqayıt şəhəri, Gəncə şəhəri, dördüncü regiona 1, 2, 3 və 5-ci regionlara aid edilməyən şəhər və rayonlar, beşinci regiona Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Naftalan, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən, Qusar rayonları daxil edilib.

Nəriman CAVADOV,

“Respublika”.