İlk dərs gününün həyəcanı
Elm və təhsil

İlk dərs gününün həyəcanı

Cəmiyyətin gələcəyini təmin etmək və gənc nəslin yüksək səviyyədə təhsil alması məqsədilə təhsil sahəsinin inkişaf etdirilən sahəyə çevrilməsi dövrün, zamanın tələbidir.

Ölkəmizdə dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində, mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan Prezident İlham Əliyev elm və təhsil sahəsində olan problemləri diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi məqsədyönlü siyasət yürüdür. Azərbaycanda təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası istiqamətində zəruri addımlar atılır, təhsilin forma və məzmunca zənginləşdirilməsi üçün yeni təlim texnologiyaları tətbiq olunur. Milli təhsilimizin inkişafı istiqamətində görülən işlərin məqsədini dövlət rəhbəri belə əsaslandırır: “İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz, bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir...”

Bəli, hər bir millətin intellektual potensialının formalaşması onun təhsil sistemi ilə bağlıdır. Tərəqqinin vacib amillərindən biri olan elm və təhsil bir çox problemlərin həllində başlıca rol oynayır. Siyasi, iqtisadi inkişafın ən mühüm amillərindən biri isə ölkədə müasir təhsil sisteminin yaradılmasıdır. Bu gün ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir, milli təhsilin dünya təhsil sisteminə inteqrasiyası təmin olunur, bütünlüklə təhsil sistemi əvvəlki illərlə müqayisədə yeni inkişaf mərhələsinə qalxaraq Azərbaycanda təhsilin və intellektual səviyyənin yüksəlməsində önəmli rol oynayır.

1993-cü ilin ikinci yarısından başlayaraq intensiv inkişaf dövrünü yaşayan milli təhsilimiz ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr əsasında yeni inkişaf mərhələsinə qədəm qoyub. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin təhsil siyasətinin uğurlu göstəricisidir...

Bu gün Azərbaycanın bütün ümumtəhsil məktəblərində yeni dərs ili başlayıb. Uzunmüddətli fasilədən sonra məktəbə qayıdan şagirdlər dünyanı bürüyən koronavirus pandemiyasından qorunmaq üçün zəruri olan şərtlər altında təhsil alacaqlar.

22 sentyabr... Əllərində gül-çiçək, çiyinlərində çanta birinçilər məktəbə tələsirlər. Birincilər, ikincilər, son dərs ilini yaşayanlar... Hamı həyəcanla həyatının ən böyük, ən maraqlı, ən sevincli anlarını yaşamaq üçün tələsir. Bu həyəcan müəllimlər və valideynlərə keçir, səs-səsə, sevinci-sevincə qarışır. Hamı sevinir. Çünki bu gün ilk dərs günüdür.

Bakının Binəqədi rayonundakı 246 saylı məktəb-liseyin qarşısında qələbəlik vardı. Şagirdlər məktəbin həyətinə toplaşıblar. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nəbi Mahmudov çıxış edərək şagird və müəllimləri yeni dərs ili münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı. Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Reyhan Məhərrəmova və Fatma Əliyeva birinciləri ilk dərs günü münasibətilə təbrik edərək, ilk qədəmlərinin uğurlu olmasını dilədilər.

Ölkədə təhsilin uğurla inkişaf etdiyini söyləyən Bakı Şəhər Təhsil Şöbəsinin ümumtəhsil sektorunun aparıcı məsləhətçisi Mövlan Yusifov 246 saylı məktəb-liseyin azərbaycançılıq məfkurəsinin yaşadılması, milli-mənəvi dəyərlərin qorunması, adət-ənənələrin nəsildən-nəslə ötürülməsi, vətənpərvərliyin aşılanması və zamanla ayaqlaşan cəmiyyət üçün faydalı vətəndaşların yetişdirilməsi baxımından hər zaman öndə olduğunu deyib.

Tədbirdə məktəbin Azərbaycan və rus bölməsinin şagirdləri şeirlər səsləndirib, mahnılar oxudular. Sonda məktəbin I F sinfinin şagirdləri Banu Əliyeva və Məmmədəli Əliyev birincilər üçün ilk zəng çaldı.

Mehparə ƏLİYEVA,

“Respublika”.