İgid xatirəsi ilə çağlayan bulaq
Digər xəbərlər

İgid xatirəsi ilə çağlayan bulaq

Lənkəran rayonunda dünyaya göz açan İmaməli Şəvəqqət oğlu Əhədzadə Vətən müharibəsində yüksək şəxsi rəşadət və şücaət göstərərək yağı düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etmişdir. Tarixi zəfərimizin qazanılmasında bu Vətən sevdalısının da payı var. Ağır döyüşlərdən keçən İmaməli şərəfli şəhidlik zirvəsinə yüksəlməklə milyonların könlünə köçübdür. İmaməli indi lənkəranlılar üçün iftixar mənbəyi, qürur yeridir. Qalib şəhid həm də ölümündən sonra dövlət tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə" və digər medallara layiq görülübdür.

Lənkəranda şəhidin şərəfinə bulaq inşa edilib. Onun açılışına gələn ziyarətçilərin hamısı qürurlu idi. Xatirə bulağının açılış lentini şəhidin anası Rəsmiyyə Şükürova ilə birgə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov kəsdilər. Açılışda T.Qaraşov dedi ki, bulaq tikmək nəcib və xeyirxah əməllərdəndir ki, bizə ata-babalardan miras qalıb. Bulaqdan su içən insan hər zaman şəhidlərimizin ruhuna dualar oxuyacaq və onları xatırlayacaq. Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimiz daim ehtiramla yad olunacaq. Hər birimizin mənəvi borcudur ki, şəhid ailələrinə diqqət göstərək. Dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu məsələyə olduqca həssas yanaşırlar. Xalqın hər bir fərdi də şəhidlərimizi öz doğması, ailə üzvü olaraq qəbul edir, şəhid valideynlərin ağrı və acısını onlarla birgə yaşayır, hiss edir. Bütün bunlar isə xalqın birliyinin, vəhdətinin, eyni zamanda, xalqla hakimiyyətin bütövlüyünün təzahürüdür.

Şəhid atası Şəvəqqət Əhədov, anası Rəsmiyyə Şükürova övladlarının xatirəsinin əziz tutulması və adının əbədiləşdirilməsinə görə minnətdarlıq etdilər. Məktəblilərin ifasında hazırlanan Vətəni, şəhidləri tərənnüm edən şeirlər tədbirə özgə bir qürur ovqatını qatdı. Sonra ziyarətçilər şəhidin uyuduğu Şilavar qəbiristanlığında məzarı önünə tər çiçəklər düzdülər.

 Zəfər ORUCOĞLU.