HEYDƏR ƏLİYEVİN ƏDLİYYƏ SİSTEMİNDƏ MİSİLSİZ XİDMƏTLƏRİ
Siyasət

HEYDƏR ƏLİYEVİN ƏDLİYYƏ SİSTEMİNDƏ MİSİLSİZ XİDMƏTLƏRİ

Tarixən məhkəmə-hüquq systemində köklü dəyişikliklərin həyata keçirildiyi, vətəndaş cəmiyyəti quruculuğu yönümündə inamlı addımların atıldığı dövlətlərdə insan hüquq və azadlıqlarına maksimum təminat yaradan yeni Konstitusiyanın qəbulu qaçılmazdır. Cəmiyyətdə siyasi sabitliyin, ictimai sülhün, ümumi razılığın, bəzi hallarda hətta milli barışığın təminatçısı kimi çıxış edən Konstitusiya eyni zamanda dövlətin gələcək inkişaf prioritetlərini, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin sivil çərçivələrini müəyyənləşdirir. Əsas Qanun bütün hüquq sisteminə xas olan hüquqi tənzimləmə funksiyasını yerinə yetirməklə yanaşı, sosial, siyasi, humanist funksiyaları da həyata keçirir. Dövlət quruluşunun təməl prinsiplərini müəyyənləşdirən Konstitusiya hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası nəinki dövlətin, habelə xalqın iradəsini, suverenliyini ifadə edən Əsas Qanun olmaqla, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edir.

Əsas Qanunun qəbulu Azərbaycanın müstəqillik illərinin ən mühüm nailiyyətlərindən biri kimi, cəmiyyət həyatında köklü dəyişikliklərə yol açdı, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaradaraq ölkədə müasir, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması işində mühüm addım oldu.

"Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir", - deyən ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən Konstitusiyanın qəbul edilməsi müstəqil Azərbaycan dövlətinin tarixində mühüm hadisə idi.

Konstitusiyanın mətninə edilmiş bütün dəyişikliklər və əlavələr Azərbaycanda demokratik prinsip və dəyərlərin bərqərar olmasının, insana, onun hüquq və azadlıqlarının təminatına göstərilən yüksək diqqətin daha bir təzahürüdür. Konstitusiya islahatları ölkəmizdə demokratikləşmə proseslərinin genişləndirilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiə edilməsi, cəmiyyətdə bərqərar olan sabitliyin və təhlükəsizliyin, iqtisadi inkişafın möhkəmləndirilməsi məqsədlərinə xidmət edir.

Ulu öndər bu Konstitusiyanın qəbul edilməsi ilə əlaqədar tarix və gələcək nəsillər qarşısında məsuliyyətin dərk edilməli olduğunu xüsusilə vurğulayırdı: "Mən bu işə çox məsuliyyətlə yanaşıram. Çünki həm Azərbaycan Konstitusiyasının tarixini bilirəm və onu böyük diqqətlə təhlil etmişəm, həm də indiyədək Azərbaycanda dövlət quruculuğu sahəsində aparılan işlərin çoxunun iştirakçısı olmuşam".

Bu fəaliyyətin mühüm əhəmiyyətini qiymətləndirən ulu öndər islahatlar aparılması üzrə yaradılmış komissiyaya sədrliyi öz üzərinə götürmüşdü. Komissiyanın fəaliyyəti qısa müddətdə öz nəticələrini verməyə başladı.

"Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Notariat haqqında", Ailə, Mülki, Mülki Prosessual, Cinayət, Cinayət Prosessual, Cəzaların İcrası, İnzibati Xətalar və Vergi Məcəllələri, habelə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" və s. qanunların qəbul edilməsi dövlətçiliyimizin inkişafında, cəmiyyətin həyatında hüquqi normaların bərqərar olunmasında həlledici əhəmiyyətə malik oldu.

Ulu öndərin təşəbbüsü ilə 1998-ci ilin iyul ayında əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək və insanların əsas hüquq və azadlıqlarını müdafiə etmək olan Konstitusiya Məhkəməsi yaradılmışdır.

Müstəqil məhkəmə hakimiyyəti sivil cəmiyyətin vacib tərkib hissəsi olduğundan məhkəmə-hüquq islahatı konsepsiyasının hazırlanmasına və həyata keçirilməsinə xüsusi diqqət verilmiş, demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi yaradılaraq 2000-ci ilin sentyabr ayından fəaliyyət göstərməyə başlamışdır.

Hakimlərin demokratik prinsiplərə, şəffaf prosedur əsasında beynəlxalq standartlara uyğun olaraq aşkarlıq şəraitində seçilməsi respublikamızda müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına şərait yaratmışdır. Ədalət mühakiməsini həyata keçirən müstəqil hakimlər korpusunun formalaşdırılması üçün 1 dekabr 1998-ci il tarixli fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradılmış və onun əsasnaməsi təsdiq edilmişdir.

Məhkəmə-hüquq islahatları nəticəsində məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının hüquq sistemində yeri müəyyənləşdirilmiş, fəaliyyəti demokratik normalara uyğunlaşdırılmışdır.

Məhkəmə-hüquq islahatlarının əsas istiqaməti məhkəmə sistemini dövlət hakimiyyətinin müstəqil qolu kimi inkişaf etdirmək və möhkəmləndirmək, Konstitusiyanın müddəalarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlara uyğun olaraq insan və vətəndaş hüquq və azadlıqlarını müstəqil və səmərəli təmin etməkdən ibarət olmuşdur.

Ümummilli liderin 1993-cü ildən icrasına moratorium qoyduğu ölüm hökmü bilavasitə onun təşəbbüsü və qətiyyəti sayəsində 1998-ci il fevralın 10-da cəza növü kimi ləğv edilmişdir. Əvvəllər ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzalarının ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunması, nəinki Azərbaycanda, bütün Şərq dünyasında insan həyatını, onun dəyərini müəyyənləşdirən ilk humanist meyarlardan biri oldu.

Bu gün Azərbaycan sürətlə inkişaf edən, sabit, möhkəm, öz prinsipial mövqeyi olan bir ölkədir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən düşünülmüş daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən müstəqil xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha da sıx inteqrasiyasını təmin edib.

Bu gün Azərbaycan qalib ölkə kimi nəinki regionda, eyni zamanda beynəlxalq aləmdə etibarlı tərəfdaşdır. Şanlı və tarixi qələbəyə gedən olduqca çətin və mürəkkəb yolun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Heydər Əliyevin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinə nail olmaq idi. Ümummilli liderin bu arzusunu və vəsiyyətini Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yerinə yetirdi.

Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Bu qələbə nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olundu, nəticədə vətəndaşlarımızın Əsas Qanunda təsbit edilmiş bir sıra hüquqlarının bərpası üçün də hüquqi zəmin yarandı.

Sabit MUSAYEV,

Ağstafa notariat ofisinin notariusu.