Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək
Gündəm

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Mayın 7-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Özbəkistan Respublikasının Dövlət Tibbi Sığorta Fondunun (Fond) icraçı direktoru Zoxid Ermatovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinin tərkibinə Özbəkistan Dövlət Tibbi Sığorta Fondunun, eləcə də İqtisadiyyat və Maliyyə Nazirliyinin məsul şəxsləri daxildir.

"Respublika" xəbər verir ki, bu barədə TƏBİB-dən  bildirilib. Görüşdə səmərəli əməkdaşlıq münasibətləri, tibb müəssisələrinin fəaliyyətinə nəzarət, xəstəxana idarəolunmasında informasiya texnologiyalarının rolu, icbari tibbi sığorta sisteminin dövlət tibb müəssisələrində tətbiqi mexanizmi və qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə olunub.

Keyfiyyətli tibbi yardımın təşkili, xidmət keyfiyyətinə nəzarət, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin çeşidi, maliyyə mexanizmləri barədə qonaqlara ətraflı məlumatlar təqdim edilib.

Görüşdə Özbəkistanda icbari tibbi sığortanın tətbiqinin hazırda bir neçə regionda həyata keçirildiyi, 2025-ci ildən isə Özbəkistanın bütün ərazisində tətbiqinin nəzərdə tutulduğu qeyd olunub. Bu baxımdan Azərbaycan təcrübəsindən faydalanmağın əhəmiyyətli ola biləcəyi vurğulanıb. Qonaqlar xəstəxana idarəolunmasının avtomatlaşdırılması üzrə də birgə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar.

Sonra TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva, TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC-nin Rəqəmsal sistemlərin tətbiqi şöbəsinin baş məsləhətçisi Samir Məmmədov təqdimatla çıxış ediblər.

Sonda xəstəxana idarəetmə modeli, multidisiplinar xidmətlərin göstərilməsi üzrə təcrübə mübadiləsi, eləcə də Özbəkistandan olan mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində birlikdə əməkdaşlığın qurulması qərara alınıb.

Nümayəndə heyəti Yeni Klinikanı da ziyarət edib və göstərilən xidmətlərlə yerində tanış olublar.