ŞUŞA: İkinci  diplomatik paytaxt
Siyasət

ŞUŞA: İkinci  diplomatik paytaxt

Bu ad da alınmaz qalamıza çox yaraşır

Nə ah olaydı, nə əfsus,

         nə parə-parə könül,

Nə Natəvanın, İlahi,

        həvas dərhəm olaydı...

Xan qızı yazmışdı bu misraları. Azərbaycan şeirinə təravət gətirən Xan qızı. Elə bil duymuşdu Şuşanı itirəcəyimizi, onun dərdindən, narahat ruhların hüznündən, tökülən göz yaşlarından, Şuşamızın yoxluğundan, əyilən qamətimizdən, parə-parə olan ürəyimizdən xəbər verirdi... 28 illik həsrətin sinəmizə çəkdiyi dağın, dərdin şırımlarının dərinliyini, böyüklüyünü anladırdı bizə...

Yazıya bu ruhda başlamağımız qoy sizə təəccüblü, yersiz görünməsin. Bilmirəm, nəyə görəsə biz bəzən xoşbəxt anlarımızın dəyərini, acılı-ağrılı günlərimizin dərinliyini, böyüklüyünü sonralar daha yaxşı dərk edirik. Bu gün Şuşamızın çal-çağırını, xoş növrağını görəndə düşünürəm geriyə boylanmağa gərək var. Bax, o zaman 28 illik həsrətin, kədərin dərinliyi, böyüklüyü də, itirdiklərimizin yerinin boşluğu da aydın görünür. Tarixi geriyə çevirməyə, zamanı dondurmağa qadir olmasaq da, yeni tarix yazmağa gücümüz yetir. Yazırıq da...

İftixar mənbəyimiz Şuşa, sənə verilən adlar da özün kimi möhtəşəmdir: Qarabağ xanlığının paytaxtı. Azərbaycan mədəniyyətinin paytaxtı. Türk dünyasının mədəniyyət paytaxtı. Hə, bir də ikinci diplomatiya paytaxtımız! Yeni adın da mübarək!..

Hələ 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi münasibətilə xalqa müraciətində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev demişdi: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır!".

Bəli, artıq üç ilə yaxındır ki, azaddır Şuşa. İkinci Qarabağ müharibəsindən bir qədər sonra 2021-ci il yanvarın 14-də dövlət başçısı Şuşada oldu. Ardınca 2022-ci ilin "Şuşa İli" elan edilməsi barədə Sərəncam imzaladı. 2021-ci ilin mayında Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan edildi, elə o vaxtdan da öz missiyasını yerinə yetirməyə başladı. İlk ən möhtəşəm tədbir 2021-ci il iyunun 15-də oldu. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsi imzalandı. Bu Bəyannamə ölkələrimizin qardaşlığının, dostluğunun, birliyinin əyani təcəssümü, 100 il əvvəl imzalanmış Qars müqaviləsinin xələfi, məntiqi nəticəsi və inkişafı demək idi.

Ötən il aprelin 22-də Şuşa daha bir mötəbər tədbirə evsahibliyi etdi. Bu tədbirin Şuşa şəhərində keçirilməsi də tarixi bir hadisə kimi yadda qaldı. Ulu öndərin davamçıları Dünya Azərbaycanlılarının V Qurultayını Azərbaycanın mədəniyyət paytaxtında keçirdilər. Qurultay "Zəfər qurultayı" kimi tarixə düşdü. Bu da təbiidir, çünki tarixi Zəfərdən sonra ilk dəfə dünya azərbaycanlıları bir araya gəlib qurultay keçirdi, özü də Şuşa şəhərində. Qurultayda Şuşanın erməni vandalları tərəfindən dağıdılmış tarixi binalarının qarşısında quraşdırılmış tribunalardan, həm dünya azərbaycanlılarına, həm ermənilərə, həm də illər boyunca işğala havadarlıq edən qüvvələrə önəmli mesajlar çatdırıldı.

Ümumiyyətlə, 2022-ci il möhtəşəm tədbirləri ilə yadda qaldı. Belə ki, hələ mart ayında Azərbaycan - BMT əlaqələrinin 30 illiyinə həsr olunan tədbir, onun ardınca aprelin 22-də Zəfər qurultayı, aprelin 28-də isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" adlı beynəlxalq forum keçirildi. Dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertlərinin, tədqiqatçı-alimlərinin və media nümayəndələrinin iştirak etdikləri forumun əhəmiyyəti həm müzakirə edilən mövzu, həm keçirildiyi məkan, ən əsası Azərbaycanın hazırda regionda və dünyada roluna aydınlıq gətirməsi baxımından diqqətçəkəndir.

Təbii ki, keçirilən bu tədbirlər onu göstərir ki, mədəniyyət paytaxtımız dirçəldilir, qonaqlarını qarşılayaraq işğal dövründə nə qədər sındırılsa da, əyilməməsindən, milli qürurumuzun qorunmasından qürur hissilə bəhs edir. 28 illik işğal dövründə Şuşanın ona məxsus olduğunu iddia edən Ermənistan mədəni və dini abidələrimizi yerlə-yeksan etməklə nə qədər tarixi silməyə çalışsa da, bunun mümkünsüzlüyünün fərqində idi. Ən əsası, dünya hərb tarixində bənzəri olmayan Şuşa əməliyyatından sonra kapitulyasiya aktına imza atan Ermənistan tarixi silməyin qeyri-mümkünlüyünü, Azərbaycan xalqının tarixinə sahib çıxan, yenilməz, məğrur xalq olduğunu bir daha dərk etdi. Şuşa bu gün müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi, sənədlərin imzalanmasına şahidlik etməklə təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının mədəniyyət paytaxtı olduğunu sübuta yetirir. Eyni zamanda, böyük fəxr və qürur hissilə qeyd edirik ki, Şuşa artıq regionun diplomatik paytaxtına çevrilib. Yazımızın əvvəlində qeyd etdiyimiz beynəlxalq əhəmiyyətli tədbirlər də bunu təsdiqləyir.

Bu günlərdə yenə dünyanın gözü Şuşaya dikildi. Belə ki, mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Prezidenti yenə də Şuşanın xalqımız üçün əhəmiyyətindən, beynəlxalq səviyyəli tədbirlərin burada keçirilməsinin xüsusi məna daşıdığından danışıb: "...Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi... Şuşa demək olar ki, dağıdılmışdır... Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik".

Şuşanın BMT və digər nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik paytaxtına çevrilməsi bu qədim Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların iflası deməkdir.

Azərbaycan Qafqazda yeni sülh və əməkdaşlıq dövrünü aktiv şəkildə təşviq edir. Qarşıda duran ən mühüm məsələlərdən biri beynəlxalq təşkilatlarla əməkdaşlıq sayəsində yeni reallıqları daha da gücləndirməkdən, regionla bağlı strategiyanı təqdim etməkdən ibarətdir. Söz yox ki, belə tədbirlərin azad Qarabağımızda, azad Şuşamızda keçirilməsi hədəflərə yüksək səviyyədə nail olmağa öz töhfəsini verəcək.

Bütün bunların baş verməsi üçün Şuşa yenidən qurulur: müasirliklə keçmişin vəhdətində. Dağlarının dumanı çəkilir, bulaqlarının suyu gurlaşır, çiçəkləri daha gözəl açır... Qonaqlı-qaralıdır.

Gəlin, Zəfərimizin sevincini yaşaya-yaşaya, dünənimizin acısını, ağrısını da unutmayaq. Unutmayaq ki, bir daha Qarabağsız, Şuşasız qalmayaq. Axı, o, bizim baş tacımız, azərbaycançılığın, milli ruhun, tarixi, mənəvi dəyərlərin birləşdiyi müqəddəs məkan, ikinci diplomatiya paytaxtımızdır. Bu ad da ona çox yaraşır...

Zümrüd QURBANQIZI,

"Respublika".