Tarixi hədəflərimizi iqtisadi potensialımızla uzlaşdıran lider
Siyasət

Tarixi hədəflərimizi iqtisadi potensialımızla uzlaşdıran lider

Azərbaycan Avrasiya məkanının önəmli logistik yolayrıcı kimi mühüm geosiyasi əhəmiyyətə malikdir. Əgər ölkəmiz ötən əsrin 90-cı və XXI yüzilliyin ilk illərində enerji daşıyıcılarının hasilatı və Qərb bazarlarına nəqli üçün diqqət mərkəzində idisə, hazırda dünya iqtisadiyyatında izlənən yeni trendlər baxımında fərqli potensiala malik dövlət kim nəzərləri cəlb edir. Alternativ enerji mənbələri, yeni və sabit ticarət marşrutları, ekoloji cəhətdən təmiz enerjinin uzun məsafələrə daşınması müasir dünyamızın ən vacib çağırışlarındandır. Göründüyü kimi, hər iki halda Azərbaycanın regional liderliyi fonunda bölgəmizin əhəmiyyəti nəzərçarpacaq dərəcədə yüksəlməkdədir.

Bu fonda iki mühüm amili qeyd etmək yerinə düşər. Birincisi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində ildırımsürətli hərbi qələbəsindən sonra yaranmış yeni geosiyasi reallıq və bundan doğan qlobal, transmilli iqtisadi imkanlar kontekstində Azərbaycanın strateji çəkisi. İkincisi isə, bu perspektivi vaxtında dəyərləndirən hökumətimizin həyata keçirdiyi köklü islahatlar. İqtisadiyyatda Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan inqilabi dəyişikliklər, daha konkret desək, neft və qaz ixracatından asılı iqtisadiyyatın real, yəni ilk növbədə istehsala yönəlik, inkişaf etmiş kənd təsərrüfatına malik iqtisadiyyata transformasiya edilməsi. Son iki ilin əsas iqtisadi sənədi, müasir Azərbaycanın ən böyük Dövlət Büdcələri bunun əyani sübutudur.

Azərbaycan ərazisinin sahəsi baxımından böyük olmasa da, beynəlxalq aləmdə əhəmiyyətli siyasi və iqtisadi layihələrin həm təşəbbüskarı, həm də həlledici bəndi kimi yüksək reputasiyaya malik dövlətdir. Bu status ölkəmizə iri və siyasi çəkili dövlətlərlə bərabər, mühüm təşəbbüslərin həm müəllifi, həm də icraçısı olmağa imkan verir. Azərbaycan 30 il bundan öncə olduğu kimi, tək neft ölkəsi deyil. Neft bizim üçün dünyaya tanınmaq, iqtisadi gücümüzə yatırım etmək, əhalimizin sosial rifah halına dəstək vermək və təbii ki, qeyri-neft sektorunu inkişaf etdirmək üçün vasitədir. Ölkəmiz enerji daşıyıcılarının ixracatçısı olmaqla yanaşı, son illərdə həm də qlobal təşəbbüslərin - qitələri birləşdirən, bir neçə istiqamətə uzanan yolların kilid nöqtələrindən biri rolunu oynayır.

Hazırda dünyanın işgüzar dairələrinin və qlobal iqtisadi problemləri araşdıran mərkəzlərin diqqətində olan ən aktual mövzulardan biri və bəlkə də birincisi Azərbaycanın açar rolunu oynadığı və "Orta dəhliz" adını almış qlobal yükdaşıma prosesidir. Çindən Avropaya doğru uzanan və Türk dünyasının tarixi özəyini təşkil edən Orta Asiya, Cənubi Qafqaz və Türkiyədən keçməklə "qoca qitə"yə doğru istiqamət götürən ticarət yolları sonu görünməyən Rusiya-Qərb ziddiyyətləri müstəvisində müasir dünya iqtisadiyyatı üçün vacib yoldur. 44 günlük müharibədən sonra Azərbaycan qan qardaşlarımız olan Qazaxıstan, Özbəkistan və Türkmənistanla bu istiqamətdə - logistik imkanlarımızın birləşdirilməsi və vahid sistem modelində fəaliyyəti yönündə intensiv diplomatik addımlar atmaqdadır. Qonşu Gürcüstan və qardaş Türkiyə ilə bu platformada illəri əhatə edən və uğurla tamamlanan işlək mexanizmimiz tarixin sınağından uğurla çıxıb. İndi bu vahid logistik məkanın Şərqə doğru genişlənməsi vacibdir. Çünki dövrümüzün başlıca tələbi və çağırışıdır. Bu, iqtisadi dividendlərdən savayı, həm də əsrlər boyu arzuladığmız, mütəfəkkirlərimiz və işıqlı ziyalılarımızın mənəvi və nəzəri yönlərini araşdırdıqları Türk birliyinin gerçəkliyə çevrilməsi üçün tarixi şansdır. O birliyin ki, ulu öndər Heydər Əliyevin arzularından biri idi. Ümummilli lider izlədəyimiz mənzərənin günümüzün reallığı olması naminə gələcək nəsillərin iqtisadi rifahı və dövlətimizin təhlükəsizliyi üçün tarixi addımlar atmışdır.

Bu gün biz aydın şəkildə görür və dərk edirik ki, ölkəmizin az qala neft və qaz ehtiyatlarından daha çox qiymətləndirilməyə başlanmış logistik əhəmiyyətinin əsası məzh ötən əsrin sonlarında xalqımızın əbədi lideri Heydər Əliyev tərəfindən qoyulub. Miqyaslı düşünmək yalnız böyük siyasi liderlərə xas keyfiyyət və bacarıqdır. Bu gün Qərbin və Çinin böyük çabalar sərf etdikləri bu ticarət yollarının maketi məhz həmin illərdə, ulu öndərin tükənməz enerji ilə həyata keçirdiyi regional və daha geniş coğrafiyaya hesablanmış xarici siyasətinin məntiqi nəticəsidir. Çoxları unuda bilər, ancaq aktuallığı gündən-günə artan və qlobal iqtisadiyyat üçün ən ucuz transmilli yükdaşıma layihəsi olan Orta dəhliz Heydər Əliyevin böyük önəm verdiyi "Böyük İpək Yolu" layihəsinin bazasında qərarlaşıb və faktiki olaraq onun davamıdır. Məhz ulu öndərin çoxsaylı təşəbbüsləri ilə əsasən Avropa Birliyi ilə bu istiqamətdə ciddi və məhsuldar danışıqlar keçirilib. Bir çoxları sözügedən layihənin o dövrün reallıqları baxımından uğursuzluğa düçar olduğunu düşünüb və onun tarixin arxivində qaldığını hesab ediblər. Ancaq bugünkü proseslər bunun tam əksini sübüt edir.

Heydər Əliyevin ölkəmizin iqtisadi potensialının güclənməsi və dünya iqtisadiyyatı üçün maraq dairəsinə çevrilməsi üçün reallaşdırdığı tədbirlər Prezident İham Əliyev tərəfindən müasir geosiyasi çağırışlar və iqtisadi trendlərlə uzlaşdırılaraq uğurla davam etdirilir. Xüsusilə son 2 il ərzində ölkəmizin bu potensialı böyük artım göstəricilərini nümayiş etdirir. Azərbaycan indiki reallığı illər öncə görüb və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə tarixi addımlar atılıb. İnkişaf etmiş yol infrastrukturu, bizi Qərb bazarları ilə birləşdirən dəmiryolu və enerji daşıyıcıları kəmərləri, regionun mühüm ticari bəndinə çevrilən yeni dəniz limanı məhz dövlət başçısının əməyinin nəticələridir. Bu infrastruktur illər sonra iqtisadiyyatımızın ana xəttini təşkil edəcək və büdcəmizə böyük vəsaitlərin daxil olmasına səbəb olacaq. Ancaq biz bu potensiala tək maddi cəhətdən yanaşmamalıyıq. Çünki Orta Dəhlizin reallaşacaq yeni istiqaməti olacaq Zəngəzur Dəhlizi bizim üçün hər şeydən öncə bir mənəvi dəyərdir - xalqımızın tarixi torpaqlarına qovuşması üçün başlıca hədəfidir. O hədəfi ki, ulu öndərimizin bir gün gerçək olacağına inamı tükənməz idi.

Elnur ALLAHVERDİYEV,

Milli Məclisin deputatı.