COP29 Azərbaycan üçün unikal şans yaradacaq
Ekologiya

COP29 Azərbaycan üçün unikal şans yaradacaq

Qlobal iqlim dəyişmələrinin fəsadlarını artıq adi gözlə də görmək mümkündür. Fəsillər yerini dəyişib, payızda yay, yazda qış havası hökm sürür. Səhra iqlimi hökm sürən, yağıntılar az düşən regionlarda sel və daşqınlar müşahidə olunur. Sunami, zəlzələ kimi təbii fəlakətlərin sayı artıb.  Qlobal beyin mərkəzlərinin hesablamalarına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. BMT-nin hesabatında isə qeyd olunur ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Hesab edilir ki, əgər planetimizdə temperatur qalxsa 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Dövlətlər vəziyyətdən çıxış yolunu birgə mübarizədə görürlər. İstixana qazlarının emissiyasının azaldılması öhdəlik kimi götürülüb. COP konfransları əslində beynəlxalq təşkilatların nəticələri hər gün hiss edilən ekoloji böhrandan çıxış yollarıdır. Azərbaycanın beynəlxalq tədbirlər keçirmək təcrübəsi zəngindir. COP29-un keçirilməsi üzrə Təşkilat Komitəsi yaranıb və əsas tədbirin keçiriləcəyi yer də müəyyənləşib. Onu da vurğulayım ki, COP konfransının keçirilməsi ilə bağlı ev sahibi ölkələrə adətən 2 il zaman verilirdi. Azərbaycanın ev sahibliyi edəcəyi isə ötən ilin son aylarında məlum oldu. Yəni bizə hazırlıq üçün 1 il vaxt verilib. Bu da beynəlxalq təşkilatların Azərbaycana güvəninin nəticəsidir. Yəqin Azərbaycan digər beynəlxalq təbdirlər kimi,  COP29-u da yüksək səviyyədə keçirəcək. Bizim üçün maraqlı olan bu konfransda veriləcək mesajlar olmalıdır. Noyabrda keçiriləcək beynəlxalq Azərbaycan ekoforumu bütün ölkələr üçün bərabər imkanlar yaradır. Qlobal güc mərkəzləri bu fürsəti düzgün dəyərləndirməli və bəşəriyyətin gələcək taleyini müəyyən edən qərarlar verilməlidir. Azərbaycan istixana qazlarının emissiyasının azaldılması və “yaşıl enerji”yə keçid siyasətinə sadiqdir. Bu toplantıda bərpa olunan enerji sahəsində qabaqcıl təcrübə əldə etmiş ölkələrin iri şirkətləri təmsil olunacaq. Beynəlxalq təcrübə mübadiləsi baxımından bu tədbir Azərbaycan üçün unikal şans yaradacaq. Bundan əlavə, COP29 koronavirus pandemiyasından sonra faktiki çökmüş milli turizmin inkişafı üçün təkan ola bilər. 

2030-cu ilədək sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə Azərbaycan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olaraq müəyyən edilib. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda nəzərdə tutulub. Bu işlər sürətləndirilməlidir. Paytaxtın yükü azaldılmalı, hündürmərtəbəli binaların tikintisi qadağan edilməlidir. Bakı və Abşeron yarımadasında ağackəsənlər sərt şəkildə cəzalandırılmalıdır. Bu problemin başqa həll yolu yoxdur. COP29-da gözləntim ictimai şüurda kəskin dəyişikliyin baş verməsidir. Nəyahət, biz, müasir dünya insanı kimi düşünməli, şəxsi avtomobillərdən istifadəni azaltmalı, “yaşıl nəqliyyat” növlərinə üstünlük verməliyik.  Karbonsuz nəqliyyat vasitələrini cəmiyyətdə, xüsusən gənclər arasında populyarlaşdırmaq lazımdır. Biz artıq ictimai şüurda modernləşməyə nail olmalıyıq. Feodal düşüncə tərzi, eqoizm “yaşıl nəqliyyat”ın düşmənidir. Hesab edirəm ki, tam olaraq cəmiyyəti də yükləmək düzgün deyil. Hakimiyyət orqanları “yaşıl nəqliyyat”ı təbliğ etməlidir. Elektromobillərin ölkəyə gətirilməsini asanlaşdıran qərarların vaxtı çatıb.  Paytaxtın, iri şəhərlərin ictimai nəqliyyat infrastrukturu tamamilə karbonsuz nəqliyyat vasitələrinə keçməlidir. Həm bizdə, həm də dünyada ənənəvi yanaşmalar dəyişməsə COP29-dan ciddi nəticələr gözləməyə dəyməz.

Elman CƏFƏRLİ,

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri.