Cinayət cəzasız qalmadı
Siyasət

Cinayət cəzasız qalmadı

Azərbaycan bir qrup separatçını qolları qandallı Bakıya gətirməklə dünyaya ən vacib mesajını göndərdi

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən birinə çevrildi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Azərbaycanın qədim tarixi məkanlarından olan Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrildi. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olundu, qəbiristanlıq vandallara xas üsullarla dağıdıldı.

Xocalı qətliamına ilk dəfə hüquqi qiymət verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu dəhşətli faciə barədə demişdir: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Bu gün hələ də erməni şovinizmini qidalandırmaqda davam edən bəzi Qərb ölkələri isə Xocalı qırğınını törədən cinayətkar rejimi dəstəkləməklə özlərini də ifşa etmiş olurlar.

Azərbaycan ədaləti bərpa etmək üçün heç bir xarici dəstəyə kənar qüvvənin müdaxiləsinə ehtiyacı olmadığını və əli xalqımızın qanına bulaşmış istənilən cinayətkarı cəzalandırmaq gücündə olduğunu 2020-2023-cü illər ərzində bütün dünyaya nümayiş etdirdi.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdi və BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Əslində, Xocalı faciəsi kimi qətliamlar bütün dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və əqdlər tərəfindən birmənalı olaraq pislənir, belə əməllərin yolverilməz olduğu açıq-aydın bildirilir. Lakin müəyyən qüvvələrin səyləri nəticəsində ermənilərin törətdiyi bu vəhşiliyə qarşı dünya ictimaiyyəti uzun müddət susqunluq göstərmişdir və əgər bu gün vəziyyət bizim xeyrimizə dəyişirsə, bu, birmənalı olaraq Xocalı qətliamı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və cinayətkarların layiqli cəzalandırılması istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən hücum diplomatiyasının və xarici siyasətin bariz nəticəsidir. Digər tərəfdən isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ildə apardığı Vətən müharibəsinin gedişində döyüş meydanında bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsinin qurbanlarının qisasını düşməndən aldı. Bununla da Azərbaycan ədaləti bərpa etmək üçün əslində heç bir xarici qüvvənin müdaxiləsinə ehtiyacı olmadığını bütün dünyaya nümayiş etdirdi. Eynilə 2023-cü ildə ölkəmiz özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdikdən sonra qolları qandallı Bakıya gətirdiyi qukasyanların, harutyunyanların və digər yanların, xüsusilə də Xocalının Meşəli kəndində dinc sakinlərimizə divan tutan Xaçatryanın timsalında, Azərbaycan dövləti bütün dünyada olan anti-Azərbaycan qüvvələrə ən vacib mesajını göndərdi - ölkəmizə, xalqımıza qarşı törədilən heç bir cinayət cəzasız qalmayacaq! Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev keçən ilin oktyabr ayında separatçıların ölkəmizin ərazisində ilk və son iqamətgahlarına çevirdikləri Xankəndidə, Ağdərədə, Xocavənddə və Xocalıda Azərbaycan Bayrağını şəxsən ucaldaraq tarixi ədalətin həmişəlik bərpa olunduğunu dünyaya bəyan etdi.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.