Hasilatın artırılması nəzərdə tutulur
İQTİSADİYYAT

Hasilatın artırılması nəzərdə tutulur

“bp” şirkəti 2021-ci ilin sonunadək Xəzər dənizində “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokunun “Çıraq” platformasında qazlift işlərini (karbohidrogenlərin hasilatı zamanı quyudan mayelərin sıxılmış enerji vasitəsilə əldə olunması üsulu) başlamağı planlaşdırır.

Şirkətdən bildirilir ki, hazırda layihə plana uyğun reallaşdırılır: “Çıraq” platformasında qazlift işlərini ilin sonunadək başlamağı planlaşdırırıq. Layihə quyunun xidmət müddətinin uzadılması və hasilatın artırılması üçün platformada yüksək təzyiqli qazlift qurğularının quraşdırılmasını nəzərdə tutur”.

Qeyd edək ki, 1997-ci ilin noyabrından istismarda olan “Çıraq” platforması “Azəri-Çıraq-Günəşli” yatağında 6 platformadan biridir. “Çıraq” bu günədək qazlift işlərinin həyata keçirilmədiyi yeganə AÇG platformasıdır.

 

Azərbaycanda üzüm şərabı istehsalı artıb

2021 -ci ilin yanvar-iyun aylarında Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsində 5,409 mln. manat dəyərində şərab alıb.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11,1 % azdır. Təkcə cari ilin II rübündə əhali şəraba 2,707 mln. manat xərcləyib. Bu, illik müqayisədə 1,5 %, rüblük müqayisədə isə 0,2 % çoxdur.

Onu da qeyd edək ki, 2021-ci ilin ilk yarısında Azərbaycanda 334,2 min dekalitr üzüm şərabı istehsal olunub, bu da illik müqayisədə 3,1 dəfə çoxdur.

 

Yanacaq sərfiyyatı az olan Hibrid avtomobillər

Hibrid avtomobillərin Azərbaycana gətirilməsi digər avtomobillərdən ucuz başa gəlir. Bu baxımdan, belə avtomobillərə maraq xeyli artıb. Artıq Azərbaycanın hər yerində, bütün rayonlarında hibrid avtomobillərə rast gəlmək mümkündür.

Nəqliyyat məsələləri üzrə ekspertlər bildirirlər ki, qanunvericilik hibrid avtomobillərinin gətirilməsi üçün daha əlverişlidir. Belə ki, Azərbaycana avtomobillərin idxalı zamanı əlavə dəyər vergisi, gömrük rüsumu və aksiz vergisi ödənilir. Aksiz vergisi və gömrük rüsumu avtomobilin daxili yanma mühərrikinin iş həcminə görə ödənilir. Hibrid avtomobillərdə isə daxili yanma mühərrikinin iş həcmi çox kiçik olduğu üçün ödənişlər az məbləğdə olur. Yəni hibrid avtomobillərin Azərbaycana gətirilməsi nisbətən ucuz başa gəlir.

Ekspertlər qeyd edirlər ki, hibrid avtomobillərin digər bir üstünlüyü isə ondan ibarətdir ki, daxili yanma mühərrikinin iş həcmi kiçik olduğu üçün yanacaq sərfiyyatı da az olur.

B.NUHBALAOĞLU,

“Respublika”.