Gitanas Nauseda: Azərbaycan ilə Litva arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanlar var
Siyasət

Gitanas Nauseda: Azərbaycan ilə Litva arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanlar var

Fevralın 4-də Milli Məclisin sədri Sahibə Qafarova Litvaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Gitanas Nauseda ilə görüşüb.

Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Prezident Gitanas Nauseda Milli Məclisin sədrini salamlayaraq, Azərbaycanın Litva üçün dost və vacib tərəfdaş ölkə olduğunu diqqətə çatdırıb. O, ikitərəfli münasibətlərin inkişafında yüksəksəviyyəli səfərlərin və görüşlərin əhəmiyyətindən danışaraq, iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin xalqlarımızın maraqlarına xidmət etdiyini deyib. Gitanas Nauseda ölkələrimiz arasında münasibətlərin inkişafından, tvininq layihələri çərçivəsində, həmçinin təhsil sahəsində uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirərək, qarşılıqlı ticarət dövriyyəsinin artırılması və iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

O, ölkəsinin regionda sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduğunu bildirərək, Litvanın ölkələrin ərazi bütövlüyü prinsipinə dəstəyini ifadə edib.

Gitanas Nauseda Litvanın Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığı, ölkəmizin "Şərq tərəfdaşlığı"nda iştirakını dəstəklədiyini söyləyib. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin dekabrda Brüsseldə Avropa İttifaqının VI Şərq Tərəfdaşlığı Sammitində iştirakını alqışladığını bildirib.

Sahibə Qafarova göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib, bu səfərin onun Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi Litvaya ilk səfəri olduğunu qeyd edib. Səfərin iki ölkənin qanunverici orqanları arasında münasibətlərin daha da dərinləşməsinə töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan-Litva münasibətlərin inkişafında iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin xüsusi önəm daşıdığını deyən Milli Məclisin sədri bu səfərlər zamanı imzalanmış sənədlərin ölkələrimiz arasında əlaqələri yeni səviyyəyə qaldırdığını vurğulayıb. Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu barədə danışıb.

Sonra Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranmış yeni reallıq barədə məlumat verib. Bildirib ki, Azərbaycan bu qələbə sayəsində öz ərazi bütövlüyünü bərpa edib və işğal faktına son qoyub. S.Qafarova qeyd edib ki, artıq Ermənistanla Azərbaycan arasında münaqişə mövcud deyil. Ölkəmiz hazırda işğaldan azad etdiyi ərazilərinin bərpasını həyata keçirir.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Ermənistana suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması ilə bağlı bir sıra təkliflər verib. O deyib ki, Ermənistan regionda yeni reallığı düzgün qiymətləndirməli, sülh və sabitliyin bərqərar olması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

Görüşdə tərəfləri maraqlandıran digər mövzular barədə də fikir mübadiləsi aparılıb.

AZƏRTAC