Gənclərə ərməğan Vətən
Digər xəbərlər

Gənclərə ərməğan Vətən

Müasir gəncliyimiz hərbi peşələrə yiyələnərək xalqımızın döyüş ənənələrini daha da zənginləşdirir.

“Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

 

Erməni faşizminə qarşı 44 günlük Vətən müharibəsi müasir Azərbaycan  gəncliyinin vətənpərvərliyini, döyüş əzmini, mənəvi gücünü və hərbi məharətini bir daha bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə düşməni məğlub edib, diz çökdürən rəşadətli ordumuzun qəhrəman əsgər, gizir və zabitlərinin əksəriyyəti məhz gənclərdir. Onlar ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə, ulu öndər Heydər Əliyevin həyata keçirməyə başladığı, Prezident İlham Əliyevin davam etdirdiyi ordu quruculuğu prosesində yetişib, hərbi işin sirlərini, müasir döyüş qaydalarını öyrənib, ən yeni silahlarla davranmaq, onları idarə etmək qabiliyyətinə yiyələniblər.

Böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində təkcə ailənin və təhsil sisteminin deyil, bütövlükdə cəmiyyətin üzərinə mühüm vəzifələr düşür. Ulu öndər Heydər Əliyev deyirdi: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”. 

Əminliklə deyə bilərik ki, nəticəsindən asılı olmayaraq, birinci Qarabağ müharibəsi, o dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizənin önündə addımlayan, düşmənlə döyüşən igidlərin, şəhidliyə yüksələn qəhrəmanların vətənpərvərlik nümunəsi yeni nəslin tərbiyəsinə öz təsirini göstərməyə bilməzdi. Dövlət idarəçiliyində və hərbi quruculuqda yol verilən ciddi  nöqsanlara, siyasi çaxnaşmalara və vahid komandanlığın olmamasına görə torpaqlarımız əldən getsə də, biz bir toplum olaraq, sınmadıq, əyilmədik, üstəlik, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyətdə ruh yüksəkliyi, gələcək uğurlara, qələbələrə zəmin yarandı. Ulu öndər hərbi quruculuğa özünəməxsus yeni yanaşma göstərərək, qısa müddətdə mütəşəkkil ordunun təməlini qoydu, şəxsi heyətin ideya-mənəvi gücünü artırdı, döyüşçülərin və onların ailələrinin sosial müdafiəsini gücləndirdi. Məhz bu amillər hələ o vaxt Füzuli rayonunun onlarla yaşayış məntəqəsinin erməni işğalından azad edilməsinə səbəb oldu. Atəşkəsin elan edilməsi isə silahlı qüvvələrimizin gücləndirilməsi, ümumən, ölkəmizin hərtərəfli inkişafı üçün imkanlar açdı. Ulu öndərin, sonradan isə onun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət və genişmiqyaslı islahatlar nəticəsində ölkəmizin müdafiəsini və ərazi bütövlüyünün bərpasını, xalqımızın təhlükəsizliyini təmin etməyə qadir ordu formalaşdırıldı. Hələ 44 günlük Vətən müharibəsinədək nüfuzlu beynəlxalq reytinq təşkilatlarının apardığı araşdırmaya əsasən, Azərbaycan Ordusu dünyanın 50 ən yaxşı ordusu sırasında yer alırdı. Erməni faşizmi üzərində tarixi qələbə və onun əldə edilməsi üçün gerçəkləşdirilən “Dəmir yumruq” əməliyyatında tətbiq edilən texniki-taktiki yeniliklər ordumuza dünyada böyük rəğbət qazandırdı.

Təbii ki, hərbi əməliyyatların uğuru zabit kadrlarının biliyi və peşəkarlığı, şəxsi heyətin yüksək döyüş hazırlığı, fiziki və mənəvi-psixoloji keyfiyyətləri ilə birbaşa bağlıdır. Azərbaycanda ötən əsrin 70-ci illərindən başlayaraq peşəkar zabitlər nəslinin yetişdirilməsində Heydər Əliyevin misilsiz xidmətləri daim ehtiramla xatırlanır. Həmin dövrdə əsası qoyulan məşhur Naxçvanski liseyi  minlərlə azərbaycanlı yeniyetmənin hərbçi olmaq arzusunu gerçəkləşdirdi.  Bu məktəbin yetirmələri müstəqil dövlətimizin ordu quruculuğuna çox böyük töhfələr veriblər və bu gün həmin ənənə davam edir.

Yeniyetmələrə və gənclərə hərbi-vətənpərvərlik hisslərinin aşılanmasının ilkin mərhələsi ümumtəhsil müəssisələrində  çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisi ilə başlayır. Təlim prosesində şagirdlərə qanunlara hörmət, orduya rəğbət, vətənə xidmət, xalqa məhəbbət kimi hisslər aşılanır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən əldə etdiyimiz məlumata görə, müvafiq tədris proqramı Nazirlər Kabinetinin təsdiq etdiyi “Gənclərin ibtidai hərbi hazırlıq əsasnaməsi”nə uygun olaraq hazırlanaraq, X və XI siniflərdə tədris edilir. Şagirdlər tədris ili boyu  sıra hazırlığı, silahlar və atəş hazırlığı, taktiki hazırlıq, hərbi topoqrafiq biliklər, fövqəladə halların təsnifatı, ilkin tibbi yardım qaydalarını hərbi kabinetlərdə mənimsəyirlər. Hərbi kabinetlər bütün bölmələri əks etdirən tərtibat işləri və əməli məşğələləri keçmək üçün əyani vəsaitlər ilə təchiz olunub. Yuxarı sinif şagirdləri arasında 1996-cı ildən başlayaraq keçirilən, hər il yüz minədək məktəblini əhatə edən çoxməqsədli və maraqlı layihələrdən biri kimi “Şahin” hərbi-idman oyununun böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə böyük müsbət təsiri var.

Ölkəmizdə hərbi işə maraq göstərən yeniyetmələrin xüsusi orta təhsil müəssisəsi seçmək imkanı daha da genişlənib. Hazırda Bakıda C.Naxçıvanski, Naxçıvanda H.Əliyev adına liseylər,  Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi uğurla fəaliyyət göstərir. Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar belə məktəblərin sayının artırılması məsələsini aktuallaşdırır.

Hərbi vətənpərvərliyin konkret hərbi peşəkarlıqla birləşdiyi ən mühüm mərhələ isə Silahlı Qüvvələrimiz üçün zabit kadrları hazırlayan ali hərbi məktəblərdir. Hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi, Daxli Qoşunların Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Hərbi Akademiyası, Dövlət Sərhəd Xidmətinin Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası ixtisaslaşmış hərbi təhsil müəssisələri kimi fəaliyyət göstərərək, ordumuzun, silahlı qüvvələrimizin şəxsi heyətini peşəkar zabit kadrları ilə təmin edirlər.

Bunların arasında zəngin tarixi ənənələri olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi xüsusi yer tutur. Məktəbdə beynəlxalq təhsil standartlarına cavab verən tədris metodikası hərb elminin incəliklərini kursantlara tam aşılamağa imkan verir. 44 günlük Vətən müharibəsində məktəbin 600-ə yaxın hərbi qulluqçusu Qələbə uğrunda döyüşüb, onlardan 10 nəfəri şəhid olub, 23-ü isə yaralanıb. Şəhid olanlardan 5-i zabit-müəllim, 5-i isə IV kursdan müharibəyə göndərilən kiçik leytenantdır. Şəhid polkovnik Nudirəliyev Zaur İsmayıl oğlu ən yüksək - Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Məktəbin son kursunu bitirib, kiçik leytenant rütbəsində tağım komandiri kimi cəhbəyə yollanan, Şuşa uğrunda döyüşlərdə iştirak edərkən ağır yaralanaraq əsir düşən, 34 günlük məşəqqətli əsirlikdən sonra dövlətimizin başçısının qətiyyəti nəticəsində vətənə qayıdan, ayağının birini itirsə də, heç nəyə görə peşman olmadığını qürurla deyən qazi Mobil Əhmədzadə bu yaxınlarda jurnalistlərə müsahibə verərkən ali hərbi məktəbdə öyrəndiyi döyüş aparmaq bacarığına görə müəllim və zabit heyətinə minnətdarlıq bildirib. Torpaqlarımızın azadlığı uğrunda canından-qanından keçən gənc zabitlərin yetişdirilməsi hərbi təhsil müəssisələrimizin böyük uğuru, nailiyyətidir.

Fiziki və mənəvi cəhətdən sağlam hər bir azərbaycanlı gənc vətəni, xalqı, dövləti qorumağa daim hazır olmalıdır. Gənc vətənpərvərlərimizin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıq səhifələri böyüməkdə olan nəsillərimiz üçün örnəkdir. Bu səhifələri daim vərəqləmək, onları dönə-dönə oxumaq, hər bir sonrakı nəslə çatdırmaq lazımdır ki, vətənimizin bütövlüyü qorunsun, bir daha heç kim torpaqlarımıza göz dikmək niyyətinə düşməsin.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.