Fövqəladə hallar naziri Sumqayıtda vətəndaşlarla görüşüb
Digər xəbərlər

Fövqəladə hallar naziri Sumqayıtda vətəndaşlarla görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sumqayıt şəhərinin və Qubadlı rayonunun sakinləri ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş aprelin 20-də Sumqayıt şəhərində, nazirliyin Sumqayıt Regional Mərkəzinin binasında reallaşıb.

Əvvəlcə nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mərkəzin binasındakı büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri Sumqayıt şəhərinin və Qubadlı rayonunun sakinləri ilə görüşüb, müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir

müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşlarla görüşüb.

Görüşə gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.