ƏSL OĞUL DAR GÜNDƏ TANINIR
Region

ƏSL OĞUL DAR GÜNDƏ TANINIR

Nəsirovlar Lerikdə ziyalı ailə kimi tanınır. Ailənin başçısı Balaşirin müəllim ixtisasca bioloqdur. Kənd məktəbində müəllim, yerli bələdiyyənin sədri, məktəb direktoru, rayon təhsil şöbəsinin müdiri vəzifələrində işləyib. Hazırda Lerik bələdiyyəsinin sədridir. Ötən il sentyabr ayının 27-dən başlanan qələbə tariximizi - həyəcanlı, qürurverici günləri belə xatırlayır:

– Milli qürurumuzun təntənəsinə çevrilmiş 44 günlük Vətən müharibəsinin hər günü, bəlkə də hər saatı yaddaşıma əbədi həkk olunub. O şanlı, şərəfli tarix kino lenti kimi gözümün önündən keçir. Sentyabr ayının 29-u idi. Rəşadətli ordumuz iki gün idi ki, düşmənə qarşı əks-hücum əməliyyatına başlamışdı. Düşmənə ardı-arası kəsilmədən ağır, sarsıdıcı zərbələr endirirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qismən hərbi səfərbərlik haqqında Sərəncamı qeyrətli, vətənpərvər Azərbaycan gənclərini torpaqlarımızı işğaldan azad etməyə çağırırdı.

Bakıda yaşayan oğlum Sadiq gecəyarısı mənə zəng edib dedi ki, sabah cəbhəyə yola düşmək istəyir. Ona xeyir-dua verib dedim: “Sən orada olmalısan. Vətən hamımızındır. Aprel döyüşlərində də iştirak etmisən. Topçu olmusan, hərbi işdə bacarığın, təcrübən var. Mən səni cəbhədə görmək istəyirəm”.

Oğlum Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövət Xidmətinin Xətai rayon şöbəsindən Goranboy rayonuna yola düşdü. Tərtər, Murov, Kəlbəcər, Xankəndi istiqamətlərində gedən döyüşlərdə iştirak etdi. Müharibədə axıra kimi döyüşdü.

O günlər həyəcandan ürəyimin döyüntüləri sanki ikiqat artmışdı. Müharibənin ağrı-acıları məni düşündürür, narahat edir, şəhər, qəsəbə və kəndlərimizin işğaldan azad edilməsi ilə sevinir, təsəlli tapırdım. Möhtərəm Prezidentimizin, cənab Ali Baş Komandanımızın televiziya ilə qürurverici çıxışlarından ürəyim dağa dönürdü. Oğlumun Vətənin çağırışına səs verərək cəbhədə cəsarətlə, mərdliklə, qələbə əzmi ilə vuruşması bir ata kimi məni fərəhləndirir, qürurlandırırdı.

Müharibə şəhidlərimizin qanı-canı hesabına, qazilərimizin qəhrəmanlığı sayəsində böyük qələbə ilə, zəfərlə başa çatdı. 30 illik həsrətə son qoyuldu. Bütün dünyaya bir daha bəlli oldu ki, Azərbaycan oğlu mərddir, mətindir və Vətəninin hər qarış torpağı üçün canından keçməyə hazırdır. Bu gün oğlumla, bütün qazilərlə və müharibə iştirakçıları ilə fəxr edirəm. Əsl oğul dar gündə bilinir.

O unudulmaz, dəhşətli və tarixə qızıl hərflərlə yazılan günlərdən artıq bir il keçir, - deyə Sadiq söhbəti davam etdirir. Lakin mən yenə də özümü olduğum cəbhə bölgəsində, erməni dığalarını məhv edərək qovduğumuz gözəl Qarabağda hiss edirəm. Unudulmaz sözünü əbəs yerə demədim. Bəli, o günlər mənim üçün əbədi olaraq yaddaqalan, heç vaxt yaddaşımdan silinməyən bir tarixdir.

Ali təhsilli iqtisadçıyam. Müharibə başlanmamış dövlət qulluğuna imtahan verib yaxşı nəticə qazanmışdım. İşə düzəlmək üçün təkcə müsahibə mərhələsi qalmışdı. Vətənin çağırışını seçib cəbhədə olmağı özümə borc bildim. Müsahibə mərhələsi ilə əlaqədar mənə zəng gələndə dedim ki, cəbhədəyəm. Qismət olsa qayıdıb iştirak edəcəyəm. Belə də oldu. Bu ilin fevral ayında müsabiqədən keçib Ekologiya və Təbii Sərvətlər Nazirliyində aparıcı məsləhətçi vəzəfəsinə işə düzəldim. 27 yaşım var. Azərbaycan tarixini yaxşı bilirəm. Qarabağ və ətraf rayonlar haqqında orta məktəb dərsliyindən, kütləvi informasiya vasitələrindən məlumat almışdım. Bu torpağın füsunkar gözəlliyini gözümlə görməmişdim.

Doqquz iqlim qurşağının keçdiyi gözəl, cənnətməkan yurdumuza düşmən tarix boyu göz dikib. Torpaqlarımız 30 il idi ki, namərd düşmənin tapdağı altında idi. 2016-cı ildə həqiqi hərbi xidmət zamanı Aprel döyüşlərinin iştirakçısı olmuşam. Cəmi bir həftə çəkən bu döyüşlərdə ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi.

Keçən ilin sentyabr ayında cənab Prezidentin qismən səfərbərliklə bağlı imzaladığı Sərəncama əsasən təcrübəli döyüşçü kimi orduya səfərbərliyə alındım. Müasir, güclü ordumuz, peşəkar, vətənpərvər hərbçilərimiz 44 gün ərzində düşmən ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi.

Keçdiyimiz döyüş yolu anbaan gözümün önündədir. Müharibədə hər bir hərbçinin öz dəsti-xətti, təcrübəsi və müasir silahlardan istifadə etmək qabiliyyəti ordumuzu nümunəvi bir ordu kimi dünyaya tanıtdı. Biz döyüş zamanı müxtəlif silahlardan istifadə edirdik. Lakin ən güclü silahımız Müzəffər Ali Baş Komandanın bizə verdiyi dəstək idi. Bilirdik ki, arxamızda İlham Əliyev kimi qətiyyətli, səriştəli, təcrübəli və peşəkar Komandanımız var. Məhz onun rəhbərliyi ilə qələbə qazandıq.

Müharibədə şəhidlər də verdik, qazilərimiz də çoxdur. Qarabağ torpağının hər qarışında şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ayaq izləri var. Canından, həyatından keçən igidlər Vətən, torpaq, qeyrət uğrunda, ən əsası tarixi dövlətimizin ərazi bütövlüyünü qorumaq yolunda şəhid olublar. Xalqımız öz qəhrəman övladlarını heç vaxt unutmayacaq.

Əlisəfa HƏSƏNOV,

 “Respublika”.