Əsgər Əliyev
Sosial həyat

Əsgər Əliyev

Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz dövlət müstəqilliyini bərpa edəndən  sonra səriştəsiz, bacarıqsız  şəxslərin rəhbər vəzifələrə gəlməsi səbəbindən vəziyyət xeyli gərginləşmişdi. Bundan bu istifadə edən düşmənlərimiz yenidən milli dövlətçiliyimizi dağıtmağa, müstəqilliyimizə xələl gətirməyə çalışırdılar. Onlar məqsədlərinə çatmaq üçün dəfələrlə dövlət çevrilişi, qardaş qırğını törətdilər. Belə bir ağır vəziyyətdə ulu öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək  yenidən siyasi hakimiyyətə qayıdışı xalqımızı dövlətçiliyimizi xilas edib inkişaf yoluna çıxartdı. Bununla barışmaq istəməyən qara qüvvələr daxili düşmənlərin əli ilə 1995-ci ilin mart ayının 14-17 tarixlərində Bakı şəhərində  silahlı qiyam qaldırdılar. Vətənə, elinə--obasına sədaqətli olan insanlar 1995-ci ilin mart hadisələri zamanı ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşdilər. Müstəqil dövlətçiliyimizə qəsd etmək xülyasına düşənlərin arzuları gözlərində qaldı. Bu qanlı hadisələrdən uzun illər keçsə də, heç kim yaddan çıxmır, unudulmur. Vətənin bütövlüyü, müstəqilliyi uğrunda mübarizə aparanlar xalqın yaddaşında özlərinə əbədi abidə ucaldırlar. Həmin hadisələr zamanı Əsgər Əliyev də qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir.  

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə adını şanlı qəhrəmanlıq  tariximizə qızıl  hərflərlə yazan Milli Qəhrəman Əsgər Ələkbər oğlu Əliyev 8 noyabr  1974-cü ildə Lənkəran  rayonunun  Ləj  kəndində anadan olmuşdur. 1982-ci ildə birinci sinfə getmiş, 1989-cu ildə səkkizinci sinfi əla qiymətlərlə bitirmişdir. O, 1990-cı ildən təhsilini Haftoni qəsəbə orta məktəbində davam etdirmişdir. 1992-ci ildə orta məktəbi müvəffəqiyyətlə başa vurub, Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakültəsinin tələbəsi adını qazanmışdır. O, dərslərini həvəslə oxuyur, komandirlərinin tapşırıqlarını sözsüz yerinə yetirirdi. Əsgər Əliyev yüksək döyüş və siyasi hazırlığa malik bir kursant kimi hamının hörmətini qazanmışdı. Təhsilini xarici ölkələrin birində davam etdirərək general olmaq arzusuyla yaşayırdı. Lakin...

17 mart 1995-ci ildə bir qrup vəzifə hərisi silahlanaraq hakimiyyəti zorla devirmək üçün dövlət çevrilişinə əl atdı. Bu qarşıdurmanın sülh yolu ilə nizama salınması üçün danışıqların aparılması təklif edilsə də, qarşı tərəf  bu müdrik çağırışa məhəl qoymadı, nəticədə qan töküldü. Milli Ordunun əsgərləri silahlı dəstənin qarşısını almaq üçün əmr gözləyirdi. Əsgər Əliyev də onların arasında idi. O, son nəfəsinədək dövlətçiliyimizi müdafiə etdi. Ayağından yaralanmasına baxmayaraq,  o, dörd yaralını güllə yağışı altından çıxarmağa müvəffəq oldu. Axırıncı yaralını xilas etmək istəyərkən ikinci güllə Əsgərin cavan ömrünə son qoydu. Doğulub boya-başa çatdığı  Ləj kənd qəbiristanlığında dəfn edildi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Lənkəran rayonunda adına park salınmış, büstü qoyulmuş, xatirə lövhəsi vurulmuşdur. Haftoni qəsəbə orta məktəbində “Xatirə guşəsi” yaradılmışdır.

M.CƏFƏROV,

                                                                                            “Respublika”.