Erməni-fars terror ittifaqı
Digər xəbərlər

Erməni-fars terror ittifaqı

Məlum ölkələrin anti-Azərbaycan kampaniyası özünü fərqli formalarla bəlli edir. Ölkəmizin gündən-günə inkişafını qəbul edə bilməyən bəzi qərb dövlətləri Azərbaycan əleyhinə təbliğat aparırlar. Bütün bunların nəticəsidir ki, son iki il ərzində Azərbaycanın xarici ölkələrdə yerləşən diplomatik korpuslarına ümumilikdə 5 hücum həyata keçirilib. Təsadüfi deyil ki, təşkil olunan hücumların arxasında erməni-fars əsilli qüvvələr dayanır.

İlk hücum 16 iyun 2022-ci il tarixində Azərbaycanın Parisdəki Səfirliyinin Mədəniyyət Mərkəzində ERE televiziya kanalının "Qarabağa gedən yol" adlı sənədli filminin təqdimatı zamanı baş verib. Sözügedən filmdə Azərbaycanın 30 il əvvəl öz müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın təcavüzü, Birinci və İkinci Qarabağ müharibələrində baş verən hadisələr təsvir olunub. Erməni vandalizmi nəticəsində Azərbaycanın ərazilərinin viran qalması, infrastrukturun tamamilə dağıdılması məsələləri də sənədli filmdə nümayiş etdirilib. Filmdə, həmçinin özlərini "günahsız" adlandıran ermənilərin məscidlərdə heyvanlar saxlayaraq dinə qarşı etdikləri təhqirlər, milli ordumuzun əldə etdiyi şanlı Zəfərdən də görüntülər yer alıb.

Təqdimat mərasimi keçirilən zaman FRA Nor Seround adlı təxribatçı erməni təşkilatının daşnak gəncləri gözlənilmədən mərkəzə hücum ediblər. Hücum nəticəsində tədbirdə iştirak edən Fransada yaşayan həmyerlimiz Aytən Muradova xəsarət alıb. Sözügedən hadisə istər Fransada, istərsə də dünyanın digər ölkələrində yaşayan soydaşlarımızın və Azərbaycan diaspor təşkilatlarının kəskin etirazlarına səbəb olub. Hər daim "insan haqlarını qorumağa", "demokratiya"ya əsaslanan Fransada belə bir hadisənin baş verməsi isə azərbaycanlıların bu ölkədə rahat və təhlükəsiz yaşamaq haqlarını sual altında qoyur. Əslində, baş verən hadisə təəccüb doğurmur, çünki İkinci Qarabağ müharibəsində Fransanın Azərbaycana qarşı göstərdiyi düşmən münasibət, ölkənin Ermənistana tərəfdar çıxması hər kəsə məlumdur.

Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə edilən hücumlar bununla yekunlaşmır. Belə ki, 2022-ci il avqust ayının 5-də ölkəmizin Londonda yerləşən səfirliyinə də bir qrup şəxs tərəfindən hücum edilmişdir. Nəticədə onlar səfirliyin binasındakı Azərbaycan bayrağını çıxararaq əvəzinə dini şüar yazılmış bayraq asmışlar. Əlavə olaraq divarlara, pəncərələrə ərəb dilində şüarlar yazılıb. Hadisə zamanı 8 nəfər şəxs saxlanılmışdır. Təbii ki, bütün baş verənlərə Azərbaycan susmayıb. Bununla bağlı Azərbaycan XİN "təxribat diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsini ciddi şəkildə üzə çıxarıb" və "ev sahibi ölkəsi beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirləri görməlidir", - deyə qəti şəkildə öz etirazını bildirib.

Ölkəmizə qarşı baş verən təxribatlardan üçüncüsü isə 2022-ci il 16 sentyabr tarixində Livanda gerçəkləşib. Ermənilər səfirliyimizin paytaxt Beyrutda yerləşən binasına hücum etmək istəyiblər. Hücum zamanı ermənilərlə polis arasında çaxnaşma yaranıb. Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə ediblər. Təxribatın Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş tutduğu bildirilib. Ölkə başçımız Azərbaycanın Fransa, ABŞ və Livandakı səfirliklərinə qarşı törədilən vandalizm aktlarının məhz ermənilər tərəfindən təşkil olunduğunu xüsusi vurğulayıb: "Bizdə heç bir şübhə yoxdur ki, terror və vandalizm aktları Ermənistan tərəfindən təşkil edilib. Mən nə üçün bunu deyirəm? Çünki 1990-cı illərdə erməni xüsusi xidmət orqanları tərəfindən 32 terror aktı - metroda, avtobuslarda, bərələrdə və qatarlarda partlayışlar törədilib. Bu terror aktları nəticəsində iki mindən çox dinc azərbaycanlı həlak olub".

Növbəti təxribat 18 sentyabr 2022-ci il tarixində yenə də Fransada baş verib. Erməni radikallar Parisdəki Azərbaycan səfirliyinin binasına hücum ediblər. Hücum zamanı onlar səfirliyin binasına zərər verməyə çalışıblar. Ölkəmiz hadisə ilə bağlı dərhal tədbir görüb. 19 sentyabr 2022-ci il tarixində Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycanın Fransadakı səfirliyinə qarşı radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Törətdikləri terror aktlarına görə hər zaman qınaq obyektinə çevrilən ölkələrin "fəaliyyətləri", təəssüf ki, səngimək bilmir. Təsadüfi deyil ki, hər nə qədər etirazlar səsləndirilsə də hücumların qarşısını tamamilə almaq mümkün olmur. Ölkəmizin səfirliyinə qarşı növbəti hücum isə bu il yanvar ayının 27-də baş verdi. Qanlı terror aktı Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində həyata keçirildi. Terroru törədən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu maneəsiz keçib və ətrafa atəş açıb. Nəticədə mühafizə xidmətinin rəisi qətlə yetirilib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı isə hücumun qarşısını almağa çalışarkən yaralanıb.

Azərbaycan Prezidenti İlham Əliyev terror aktını şiddətlə qınayıb. Ölkə başçısı  "terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu" qeyd edib.

N.ELDARQIZI,

"Respublika".