Ərazilər minalardan təmizlənməklə bərpa-quruculuq işləri aparılır
Digər xəbərlər

Ərazilər minalardan təmizlənməklə bərpa-quruculuq işləri aparılır

İkinci Qarabağ müharibəsi Azərbaycanın qalibiyyəti ilə başa çatdıqdan sonra işğaldan azad olunan ərazilərdə erməni vandallarının izlərini silmək, torpaqların sahiblərini öz doğma yerlərinə qaytarmaq üçün ölkə başçısı İlham Əliyevin göstərişi əsasında genişmiqyaslı bərpa-quruculuq işlərinə başlandı. 30 il ərzində dağıdılan, yer üzündən silinən, vəhşi qəbilənin təcavüzünə məruz qalan torpaqlarımızda Böyük Qayıdışa start verildi. Minlərlə kvadratkilometr ərazilərdə infrastruktur, nəqliyyat, logistika layihələrinin həyata keçirilməsi, kənd təssərrüfatı, xidmət sektorları ilə əhatə olunan işlərin qurulması, iqtisadiyyatın bərpası, keçmiş köçkünlərin doğma torpaqlarına qaytarılması və insanların normal həyatının təmin edilməsi böyük güc, potensial tələb etsə də, Azərbaycan dövləti heç bir ölkədən yardım istəmədən bu işləri həyata keçirir. İşğaldan azad etdiyi əraziləri qısa müddət ərzində sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirmək, rayonları, kəndləri, qəsəbələri, bütün yaşayış yerlərini tezliklə bərpa etmək, bir sözlə, Qarabağı yenidən qurub-yaratmaq üçün əzm, iradə və qətiyyət göstərən Azərbaycan Prezidenti "Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq",  - deyərək bu ərazilərdə təxirəsalınmaz layihələr reallaşdırır.

Bu gün işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri geniş vüsət alıb. Bu istiqamətdə atılan ilk addım təbii ki, yolların çəkilməsi olmuş, Qarabağın dirçəlişinə aparan Böyük Qayıdış proqramının birinci mərhələsində yeni yol-nəqliyyat infrastrukturunun yaradılması öz əksini tapmışdır. Həyata keçirilən ən vacib işlərdən biri də həmin ərazilərin elektrik enerjisi ilə təchiz edilməsi olmuşdur. Qısa müddət ərzində böyük həcmli işlər həyata keçirən Azərbaycanın gücünü, qüdrətini, dövlətimizin başçısının möhkəm iradəsini, yüksək idarəçilik məharətini və qurub-yaratmaq əzmini bütün dünya izləyir.

30 il ərzində Azərbaycanın maddi- mənəvi irsini məhv edən, təbii ehtiyatlarını beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq mənimsəyən, ekosid törədən Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olduqdan sonra da Azərbaycan torpaqlarından çıxarkən bütün əraziləri - təmas xətti ilə yanaşı, viran qoyduğu kəndləri, dağıtdıqları şəhərlərin ətrafını da minalamışlar. Bu səbəbdən də müharibə bitdikdən sonra minalardan zərərçəkmiş 225 nəfərin 138-i əvvəllər təmas xətti adlandırılan ərazilərdən kənarda zərər görmüşlər. Müharibə bitdikdən qısa müddət sonra dövlət tərəfindən azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərinə başlanılsa da, təbii ki, bu proses uzun vaxt və böyük vəsait tələb edir.

ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov azad olunmuş bütün sahələrdə minalardan təmizlənmə işlərinin ən müasir avadanlıqlarla aparıldığını, bu ərazilərin dronlar vasitəsilə kənardan öyrənildiyini və bu günədək 50 min hektardan çox ərazinin minalardan təmizləndiyini, 60 mindən artıq mina və partlamamış silah-sursatın zərərsizləşdirildiyini bildirmişdir: "Dünyada ilk dəfə olaraq ərazilərin məsafədən öyrənilməsi sistemi böyük miqyasda Azərbaycanda tətbiq olunmuşdur. Bunun üçün müasir dronlardan və müxtəlif cihazlardan istifadə edilir və bu cihazların göstəriciləri süni intellekt tərəfindən emal olunaraq təqdim olunur ki, bu da işimizin planlaşdırılmasında çox böyük rol oynayır".

İkinci Qarabağ müharibəsindən bu günədək minlərlə hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş, mina və partlamamış hərbi sursat, improvizə olunmuş qurğular, tələ minalar və sair sursatlar aşkarlanaraq zərərsizləşdirilmişdir. Bu əməliyyatlar beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir. Dünyanın müxtəlif beynəlxalq qurumları ilə əməkdaşlıq edən ANAMA-nın həm Birinci, həm də İkinci Qarabağ müharibələri zamanı düşmən tərəfindən basdırılan mina sahələrində apardığı əməliyyatlara həm əl, həm də mexaniki minatəmizləmə maşınları, eləcə də itlərlə aparılan minatəmizləmə əməliyyatları daxildir.

Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşmasına səy göstərən və bunun üçün ciddi əməli addımlar atan, regionda sülhün, təhlükəsizliyin təmin olunmasına töhfələr verən Avropa İttifaqı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi üçün əlavə olaraq 4,25 milyon avro ayırır. Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter hesabında yazıb: "Şadam ki, Aİ ən böyük donor olaraq "ANAMA-nın imkanlarının inkişaf etdirilməsi yolu ilə məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi" layihəsi çərçivəsində Azərbaycana əlavə 4,25 milyon avro ayırır".

ANAMA ilə yanaşı, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin də bu istiqamətdə həyata keçirdiyi genişmiqyaslı işlər Böyük Qayıdışı günbəgün yaxınlaşdırır. Sözsüz ki, ermənilərin əraziləri minalaması bərpa-quruculuq işlərini ləngidir, lakin irimiqyaslı layihələrin həyata keçirilməsinə mane ola bilmir. 44 günlük Vətən müharibəsini heç bir ölkədən kömək, yardım ummadan, öz siyasi, hərbi, iqtisadi gücü hesabına qələbə ilə başa çatdıran müstəqil Azərbaycan postmüharibə dövründə də bərpa-quruculuq işlərini əzmlə, möhkəm iradə ilə reallaşdırır. Xalqımızın əbədi və əzəli torpaqlarına yeni ruh, yeni həyat verən, 30 il işğal altında qalan torpaqlarını 44 gün ərzində düşməni məhv edərək geri almaq iqtidarında olan Azərbaycan dövlətinin başçısı İlham Əliyevin ciddi səyləri, dönməz qətiyyəti sayəsində minalardan təmizlənmiş ərazilərdə bərpa və yenidənqurma işləri intensiv şəkildə davam edir. Bu gün Laçın şəhəri, Zabux və Sus kəndlərində də minatəmizləmə işləri gedir.

Bir tərəfdən ərazilərimiz barıt qoxusundan, ölümsaçan minalardan təmizlənir, digər tərəfdən isə bu ərazilərdə bərpa-quruculuq işləri aparılır. Məqsədyönlü, uzaqgörənliklə həyata keçirilən genişmiqyaslı işlər isə Azərbaycan vətəndaşlarının sağlam, firavan və xoş gələcəyindən xəbər verir.

Mehparə ƏLİYEVA,

"Respublika".