44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə tarix yazan şəhid gizir Vidadi Cəbrayıl oğlu Cabbarov dağlar diyarı Lerikin Piran kəndində boya-başa çatmışdır. Şəhidin atası Piran kəndində oğlunun doğum günü münasibətilə Vətən müharibəsində erməni faşistlərinə qarşı canından keçən Lerikin Vətən sevdalı igid oğlanlarının şəkillərindən ibarət abidə-kompleksi inşa etmişdir. Abidə-kompleksinin açılışı oldu.
Bununla bağlı keçirilən tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev Milli Məclisin deputatı İqbal Məmmədov, şəhid ailələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılandan sonra tədbir iştirakçıları lerikli igidlərin şəkilləri vurulan abidə-kompleksinin önünə gül-çiçək dəstələri düzərək dərin ehtiramlarını bildirdilər.
Cəlil Baxşıyev bildirdi ki, Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman övladların əziz xatirəsi həmişə ehtiramla yad edilir, onların keçdiyi döyüş yolu bir nümunə kimi təbliğ olunur. 44 günlük haqq savaşımızda Lerik rayonundan olan qəhrəman oğullarımız da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında hərbi əməliyyatlarda misilsiz rəşadət göstərdilər və öz qanları bahasına 30 il əsarətdə qalan Qarabağ torpaqlarında Azərbaycanın qələbə bayrağını ucaltdılar. Şəhid gizir Vidadi Cəbrayıl oğlu Cabbarov da belə qəhrəmanlardan biridir. Vətən, torpaq naminə şəhidlik şərbətini içən oğulların şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün daim örnək olacaqdır.
Milli Məclisin deputatı İqbal Məmmədov, şəhid ailə üzvləri, şəhidin döyüş yoldaşları və digərləri şəhidlərə olan ehtirama, onların ailələrinə, qazi, eləcə Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıq etdilər.
Zəfər ORUCOĞLU.