Əhalinin banklara olan etimadı artıb
Sosial həyat

Əhalinin banklara olan etimadı artıb

Son 18 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev respublikamızda müstəqil dövlətçilik ənənələrini formalaşdırıb, gələcək uğurlarına əsaslı təminat yaradıb. İnsanların sosial problemlərinin həlli istiqamətində önəmli addımlar atılıb. Bütün sahələrdə olduğu kimi, ölkənin bank sistemində də maliyyə sabitliyinin qorunması, bank sisteminin dayanıqlığını təmin etmək üçün mühüm işlər görülüb. Ölkədə əhalinin banklara etimadını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixində “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Əmanətlərin tam sığortalanması mexanizminin həyata keçirilməsi ilə vətəndaşların əmanətlərinin itirilməsi riskinin qarşısının alınmasına və banklara depozit axınının cəlb edilməsinə nail olunub. Ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8 faizinin depozitləri 100 min manata qədərdir. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə kompensasiya məbləğinin həcminin artırılması həyata keçirilib. “Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişiklik edilərək fiziki şəxslərin qorunan əmanətləri üzrə illik faiz dərəcəsi milli valyutada 12 faiz, xarici valyutada 2,5 faiz, kompensasiya məbləğinin həcmi 30 min manatdan 100 min manata qədər qaldırılıb.

Qəbul olunmuş Qanunla bağlı gözləntilər özünü doğruldub. Bu sənəd qüvvəyə mindikdən sonra risklərin əhəmiyyətli dərəcədə azalması səbəbi ilə banklara olan etimad artıb. Bunun nəticəsi olaraq Azərbaycanda fiziki şəxslərin bank əmanətləri yenidən çoxalmağa başlayıb, son 4 ildəki maksimum həddə - 8,8 milyard manata yüksəlib. Beləliklə, əmanətlərin həcmini müqayisə etdikdə 2016-cı ildən etibarən hər ilin sonunda artım tendensiyasını müşahidə etmək mümkündür. 2016-cı illə müqayisədə 2017-ci ildə 15 faiz, 2018-ci ildə 10,8 faiz, 2019-cu ildə isə 3,1 faiz artım qeydə alınmışdır.

Əmanətlərin tam sığortalanmasının 2019-cu ildə də davam etdirilməsi banklarda fiziki şəxslərin depozitlərinin əvvəlki illə müqayisədə 262,5 milyon manat artaraq 8 milyard 637,9 milyon manata çatmasına səbəb olub. Əhalinin əmanətlərinin artımı həm tələbli, həm də müddətli depozitlər üzrədir. Belə ki, müddətli depozitlər 1,8 faiz (101 min AZN), tələbli depozitlər isə 5,8 faiz (161 min AZN) artıb. Beləliklə, depozit hesablarında da 2018-ci ilin sonu ilə müqayisədə 6 faiz artıma nail olunub. Əmanətlərin tam sığortalanması və manatın sabitliyinin təmin edilməsi milli valyuta ilə qoyulan depozitlərin həcminin artmasına səbəb olub. Ümumi depozitlərdə milli valyutada olan əmanətlər 2015-ci ilin sonu ilə müqayisədə 1,2 dəfə artıb. Bununla da 2019-cu ildə ümumi depozit portfelində milli valyuta ilə əmanətlərin payı 39 faizə çatıb. Fiziki şəxslərin əmanətlərinə gəldikdə isə 2015-ci illə müqayisədə 2019-cu ildə manatla əmanətlərin həcmi 1,9 dəfə artıb və əhalinin əmanətlərinin ümumi portfeldə manata olan depozitlərin payı 48 faizə çatıb. Əmanətlərin sığortalanması Fondu həyata keçirilən dəyişikliklərlə bank sistemində vətəndaşlarımızın hüquq və mənafelərinin qorunmasına, banklarda əmanətlərin yerləşdirilməsinə etimadın artmasına, rəqabət mühitinin gücləndirilməsinə və beləliklə, bank sisteminin dayanıqlığına öz töhfəsini verir.

Bir neçə il əvvəl dünya iqtisadi və maliyyə böhranı Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməmiş, əhalinin sosial cəhətdən həssas qruplarının ödəmə qabiliyyətinin zəifləməsinə təsir göstərmiş, nəticədə kredit təşkilatlarından borc alan vətəndaşların bank sistemi qarşısında öhdəliklərinin yerinə yetirilməsində müəyyən çətinliklər yaranmışdır. Azərbaycan Prezidenti İlham Əliyev Prezident yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədəki çıxışında bu mövzuya da toxunmuş, problemli kreditlərlə əlaqədar hökumət üzvlərinə müvafiq göstərişlər vermiş və bununla bağlı təkliflər paketi hazırlandığını, işin son mərhələdə olduğunu diqqətə çatdırmışdır. Ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla vətəndaşların kredit problemini birdəfəlik həll etdi. Dövlətimizin başçısı bununla da xalqa xidmətin ən yüksək nümunəsini göstərdi. Azərbaycan Respublikasının fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sözügedən sənəd əhali tərəfindən yüksək məmnunluqla qarşılandı. Beləliklə, cənab Prezident 800 min nəfərin kredit problemini birdəfəlik həll etdi. Bütün bunlar ölkə əhalisinin daha çox narahat olduğu sosial məsələlərin həll olunması demək idi. Nəticə etibarilə vətəndaşların diqqət mərkəzində olan bu problem öz həllini tapdı. Onu da qeyd edək ki, Fərmana əsasən, xarici valyutada kredit götürmüş fiziki şəxslər bu güzəştlərdən faydalanmış, güzəşt 10 min dollar həcmində kredit borclarına tətbiq olunmuşdu. Güzəştlərin müəyyənləşdirilməsi zamanı iki dövr - 2012-ci il yanvarın 1-dən 2015-ci il fevralın 21-dək olan müddət nəzərdə tutulmuşdu. Bu dövrdə hər dollara 0,25 qəpik güzəşt tətbiq edilmişdir. Bu isə o deməkdir ki, birinci devalvasiyayadək vətəndaş 10 min ABŞ dolları kredit götürmüşdürsə, onun krediti manat ifadəsində 7 min 800 manat təşkil edib. Devalvasiyadan sonra isə həmin məbləğ 10 min 500 manata çatıb. Hər dollara 0,25 qəpik güzəşt tətbiq olunduğu üçün 10 min 500 manatdan 2 min 500 manat çıxılmış və məbləğ təxminən devalvasiyadan əvvəlki səviyyədə olmuşdur. 2015-ci il fevral ayının 21-dən dekabrın 31-dək olan kreditlərdə hər bir dollara 60 qəpik güzəşt tətbiq edilib. Bu da hər 10 min dollara 6 min manat güzəştin tətbiqi anlamına gəlir. Hər bir vətəndaşı tətbiq edilən güzəştin məbləği 5 min ABŞ dolları olmuşdur. Yəni, 10 min dollar kredit götürən vətəndaş 5 min dollaradək güzəşt əldə etmişdir. Beləliklə, geridə qalan məbləğin ödənilməsi ilə bağlı vətəndaşlara banklardan 5 il müddətinə illik 1 (bir) faiz olmaqla gözəştli kredit imkanı da verilmişdir. Bu da vətəndaşlara şərait yaratmışdır ki, qalan hissəsini 1 faizlik kredit götürməklə 5 il müddətinə ödəyə bilsinlər. Bütün bu işlərin icrası üçün Mərkəzi Bank 682 milyon manatı kredit kommersiya banklarına ödəmişdir. Banklar tərəfindən hesablanmış artıq faizlər, cərimələr silinmiş, məhkəmələrdə olan işlər geri çağırılmışdır. Bu, dövlətimizin ölkə vətəndaşlarının sosial təminatının gücləndirilməsi istiqamətində atdığı ən ciddi addımdır.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda problemli kreditlərin həllini beynəlxalq təcrübədən fərqləndirən bir sıra xüsusiyyətləri var: problem daha qısa müddətdə öz həllini tapdı; problemli krediti olan fiziki şəxslərin 90 faizindən çoxu bu qərarın əhatə dairəsinə düşdü ki, bu da Azərbaycan modelinin güclü sosial xarakterinin göstəricisidir; problemli kreditlərin həllini bütünlükdə dövlət öz üzərinə götürdü, beləliklə, banklar və əhali yükdən azad olundu. Problemli kreditlərin həllindən sonra bank sektoru tamamilə yeni mərhələyə qədəm qoydu.

Əli SADIQOV,

“Respublika”.